Erməniyə xidmət göstərən kimdir?

Vətəndaşa hörmət tələb edənlər, yoxsa Qarabağ qazilərini intihara sürükləyənlər

 
Azərbaycan hakimiyyəti fərqli fikir söyləyənləri, həqiqəti dilə gətirənləri, hakimiyyətin yarıtmaz siyasətini tənqid  edənləri “ermənipərəst” adlandırır və bununla da öz mahiyyətini gizlətməyə çalışır. Amma Azərbaycan cəmiyyəti kimin ermənipərəst olduğunu da, kimlərin vətəndaşala ermənidən betər rəftar etdiyini də yaxşı görür. Hətta Azərbaycan xalqı ona da şahidlik edir ki, YAP hakimiyyəti 20 ildən artıqdır ki, Ermənistanın əlində aciz qalıb, bir qarış torpağı işğaldan azad edə bilmir və Ermənistanın himayədarı olan Rusiyanın əlaltısına çevrilib. YAP-çılar gecə-gündüz Ermənistanın təbliğatını aparır və erməni lobbisinin bütün dünyanı idarə etdiyi təsəvvürünü yaradırlar.
Amma hakimiyyət utanc hissini itirdiyinə görə öz adını başqalarına qoymaqdan çəkinmir. YAP-ın rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti “Ermənidən artıq ermənilik edənlər” başlıqlı məqalə dərc edib və AXCP-ni, “Azadlıq” qəzetini hədəf seçib. Təbii ki, həmişəki kimi bu məqalədə ciddi arqument yoxdur və yenə də “erməni”ni köməyə çağırıblar.
Əvvəla, bu məqalədən məlum olur ki, hökumətin məddahları məktəbi necə oxuyublarsa, qanunları necə mənimsəyiblərsə, eləcə də “Azadlıq”ın yazdıqlarını dərk etməkdə çətinlik çəkiblər. Çünki, “Azadlıq” qəzetnidə “Amnesty International” təşkilatının Avropa Oyunlarını boykot etməsi ilə bağlı informasiya getməyib. Avropa oyunları ilə bağlı boykot  təşəbbüsü ilə “Human Right Watch” təşkilatı çıxış edib.  Sadəcə olaraq “Amnesty International” da Azərbaycanda baş verənlərə tənqidi münasibət bildirib və məqalədə bu məqam da yer alıb.
Amma çox maraqlıdır, hakimiyyət bir təşkilatın yalnız “boykot” demədiyinə görə niyə belə sevincək olub? Axı “Amnesty International” Azərbaycan hakimiyyəti haqqında ən kəskin fikirlər səsləndirib… Görünür, indiki məqamda hakimiyyət üçün ən ağır xəbər, boykot xəbəridir.  
Görəsən “Yeni Azərbaycan” qəzeti Almaniyanın 7 nüfuzlu qəzetinin Azərbaycan hakimiyyəti haqqında yazdıqlarını, ABŞ-lı diplomatların sanksiya çağırışını, Avropa Parlamentinin məlum qətnaməsini, dünyanın “siyasi məhbusları azad edin” çağırışını və digər faktları niyə unudur? Bu yazılanların da təhrif edildiyini niyə sübut edə bilmir? Görünür, Azərbaycan hakimiyyəti bütün danlaqlara, tənqidlərə, ifşalara qarşı immunitetini artırıb. Sadəcə olaraq, 5 təşkilatdan biri “boykot” sözünü işlətməyibsə, bunu uğur kimi qiymətləndirirlər.
Qayıdaq, “Yeni Azərbaycan”ın “erməni” iddiasına. Gəlin baxaq görək kimdir erməni sevdalısı. Qarabağ qazisi Zaur Həsənov məmur özbaşınalığına görə özünün yandıraraq intihar etdi. Amma bu faciəyə görə heç kim cəzalandırılmadı. Digər Qarabağ qazisi həqiqətləri dilə gətirdiyiniə görə Sumqayıtda dəlixanaya salındı. Öz sağlamlığını Qarabağda itirmiş Asif Yusifli şərlənərək həbs edildi və bugün də ağır vəziyyətdə həbs yaşayır, 2 gün öncə Qarabağ qazisi Cəbrayıl Həsənov pulsuzluq səbəbindən özünü Kür çayının üzərindəki körpüdən asdı, 13500 şəhid ailəsi bugünə qədər sığorta pulunu ala bilmir və dəfələrlə bu adamlar Prezident Aparatının qarşısında aksiya keçiriblər. Bəli, erməni ilə döyüşdən sağ çıxan qazilər YAP hakimiyyətinin qurbanına çevrilir, erməni ilə döyüşdə şəhid olanların ailələri isə YAP hakimiyyətinin sayəsində səfalət içində yaşayırlar. 
Əvəzində, YAP hakimiyyəti milyardlarla vəsaiti havaya sovurur və ölkəyə gələcək erməni idmançılarının xərcini ödəmək vədi verir.
Digər tərəfdən, müharibə şəraitində olan bir ölkənin hərbi xidmətə yollanmış gənci, rüşvətlə, özbaşınalıqla, səhlənkarlıqla üz-üzə qalır və atəşkəs dövründə 3000-dən artıq əsgərimiz həlak olur. 
Erməniyə bundan böyük xidmət mümkündürmü? Erməniyə güllə atmış insanları, ən acınacaqlı vəziyyətə salmaq, ermənipərəstlik deyilmi?
Ermənistanı hərbi, iqtisadi və siyasi baxımdan təmin edən, əli soydaşlarımızın qanına batmış erməni hərbiçilərini təltif edən, Ermənistanla 44 illlik hərbi müqavilə bağlayan Rusiya ilə dostluq etmək, erməniyə xidmət deyilmi?
Ölkənin sərvətlərini talan etmək, iqtisadiyyatı neftdən asılı vəziyyətə salmaq, təhsili, səhiyyəni, elmi, hüquq sistemini məhv etmək, vətənpərvərlik anlayışını bayağılaşdırmaq, vətəndaşla kölə kimi davranmaq, milyardları Qarabağın təbliğinə deyil, hakimiyyətin imicinə sərf etmək, erməniyə ən böyük hədiyyə deyilmi?
Ölkənin vicdanlı insanlarını, ziyalılarını, müəllimi, həkimi, savadlı gəncləri şərləyərək həbs etmək, dilənçi payına möhtac qoymaq, erməniyə xidmət deyilmi?
Ölkəni məmurlar arasında bölüşdürmək, vətəndaşdan qeyri-rəsmi ödənişlər tələb etmək, sosial yardımı, əlilin haqqını, xəstənin dərmanını məninmsəmək ermənilik deyilmi?
Azərbaycan hakimiyyətinin ölkə vətəndaşına etdiklərini, ancaq ermənilər etmək istəyər. Amma ermənilərin bu şansı olmadığı üçün, Azərbaycan hakimiyyəti onların arzusunu yerinə yetirir.
“Azadlıq” qəzetinin, AXCP-nin tələb ibudur ki, vətəndaşala erməni kimi davranmayın. Korrupsiyanı, talançılığı, yaltaqlığı dövlət siyasətinə çevirməyin.
Əslində, “Yeni Azərbaycan”ın məqaləyə verdiyi başlıq hakimiyyətin mahiyyətinə uyğundur. Həqiqətən də ölkə vətəndaşına qarşı törədilənlər, ermənidən betər ermənilikdir.
Sonda onu da qeyd edək ki, ölkənin yeganə azad mətbuatını, ölkə vətəndaşının problemlərini işıqlandıran “Azadlıq” qəzetini “ermənipərəst” adlandırmaq da, ermənilərə ən böyük xidmətdir. Çünki, ermənilər Azərbaycanda “Azadlıq” adlı bir qəzetin olmasını istəməzlər. 
Akif