Ombudsman illik hesabatını açıqladı

Elmira Süleymanovanın çıxışında Hacıbala Abutalıbov, Mikayıl Cabbarov, Kərəm Həsənov və Kəmaləddin Heydərov tənqid hədəfi oldu

 
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 2014-cü il üzrə illik hesabatla çıxış edib. Təhsil sahəsinə diqqət çəkən Elmira Süleymanova bildirib ki, təhsilin keyfiyyətində problemlər və tədris prosesində nöqsanlar hələ də qalır. Onun sözlərinə görə, kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanması xüsusi narahatlıq yaradır:
“Müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından tələbatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb etməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar var”. Ombudsman bildirib ki, təhsil hüququ ilə bağlı ötən il onlara 129 müraciət daxil olub. Belə ki, bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib, günahkar şəxslər cəzalandırılıb: “Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir. Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilib. Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, eləcə də bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin ”sinifdə saxlamaq" hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunub".
Elmira Süleymanova qeyd edib ki, ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomu və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, eləcə də xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürməyə, eyni zamanda, təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapıb. Ombudsman daha sonra bildirib ki, ötən il Azərbaycan Ombudsmanının ünvanına mənzil hüququ ilə bağlı 476 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlər əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınan mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar yer alıb.
Ombudsman bildirib ki, təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan ötən il onların ünvanına 174 müraciət daxil olub: “Həmin müraciətlərdə vətəndaşlar müvafiq komissiya tərəfindən qəzalı vəziyyətə düşən evlərinə baxış keçirilmədiyini və ya təmir edilmədiyini, təmir üçün verilmiş kompensasiyanın məbləğinin az olduğunu, eləcə də dəymiş maddi ziyanın ödənilmədiyini bildirib, qeyd edilən məsələlərin həll olunmasında və çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər”.
Beləliklə, Elmira Süleymanovanın hesabat çıxışında əsas tənqid hədəfi Hacıbala Abutalıbov (Bakıdakı uşaq bağçaları Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyindədir), təhsil naziri Mikayıl Cabbarov, əmlak məsələləri üzrə dövlət komitəsinin Kərəm Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov (təbii fəlakətdən zərərçəkənlərin şikayəti) olub.