Avropa oyunları Azərbaycanın əleyhinə necə çevrilir?

Hakimiyyətin represiv siyasəti ölkə haqqında müsbət imicin formalaşmasına imkan vermir

 
Azərbaycan hakimiyyəti heç vaxt ölkə vətəndaşına qarşı səxavətli olmayıb. Əksinə bütün vasitələrlə vətəndaşı səfil vəziyyətə salmaq, ölkə insanını ağır şərtlər daxilində borclandırmaq, ən aşağı əmək haqqı ilə sınağa çəkmək yolunu tutublar. Amma mənasız layihələrə, ölkə üçün əhəmiyyətsiz olan tədbirlərə milyardlarla vəsait xərcləyirlər və bu israfçılıq ölkəni daha da acınacaqlı vəziyyətə salır.
Son olaraq isə “Avropa oyunları” gündəmə gəldi və Azərbaycana daha ağır bir zərbə reallaşdırıldı. Çünki, bu təbrini Azərbaycana heç bir xeyri yoxdur. Əksinə, neftin qiymətdən düşdüyü bir vaxtda belə bir tədbirə milyardlar xərcləmək ölkəni çətin vəziyyətə salmaq deməkdir. 
Əvvəlcə hakimiyyət belə təbliğat aparırdı ki, Avropa oyunları ölkəyə maddi gəlir gətirəcək. Amma bugünlərdə məlum oldu ki, ölkəyə gələcək 6000-dən artıq adamın bütün zəruri xərcləri Azərbaycan tərəfindən ödəniləcək. Çünki, Avropalı atletlər və turistlər ölkəyə gəlməkdən imtina etmişdilər.  Deməli, Azərbaycan qazanc götürmək əvəzinə, ikiqat ziyana düşəcək. Digər təfədən bugünlərdə Avropa oyunlarının bilet qiymətləri də açıqlandı. Məlum oldu ki, qiymətlər 2-5 manat arası dəyişir. Deməli, bilet satışından da hansısa qazanc götürüləcəyi real deyil.
Nəticə bundan ibarətdir ki, qiymətlərin bahalaşdığı, milli valyutanın dəyərdən düşdüyü, ixtisarların kütləviləşdiyi, investisiya layihələrinin ləğv edildiyi, valyuta ehtiyatlarının azaldığı bir dövrdə, 5 milyarddan artıq vəsait havaya sovrulacaq. Hansıki, bu məbləğ Azərbaycan üçün olduqca önəmlidir və bu milyardlarla xeyli problemi həll etmək olardı. Deməli, maddi olaraq Avropa Oyunları Azərbaycanı iflic vəziyyətinə salacaq.
Amma Avropa oyunlarından bir məqsədlə yararlanmaq olar. O da ölkənin müsbət imicini formalaşdırmaqdan ibarətdir. Yəni, bu tədbirin keçirilməsi Azərbaycanı gündəmə gətirə bilər və ölkəmiz haqqında geniş təbliğat imkanı yaranar. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti bu mənfətdən də imtina edir. Artıq dünya mətbuatı Avropa oyunları öncəsi Azərbaycan hakimiyyətinin repressiv siyasətindən, avtoritar idarəçilikdən yazır. Azərbaycan hakimiyyəti isə bu mövzuda yazan mətbuatı, beynəlxalq təşkilatları qərəzdə ittiham etməkdə davam edir. 
Tutaq ki, yazılanlar qərəzdir. Bəs, bunun üçün bəhanəni kim verir? Əgər hakimiyyət millətin və dövlətin maraqlarını düşünürsə siyasi məhbusları azad etməli, repressiyalara son qoymalıdır. Axı, Azərbaycan hakimiyyətini tənqid edən beynəlxalq təşkilatlar şərt qoymurlar, pul tələb etmirlər və Azərbaycana qarşı hər hansı iddia da irəli sürmülrər. Sadəcə olaraq hakimiyyətin vətəndaşa hörmət etmədiyini, qondarma ittihamlarla insanların həbs edildiyini bildirirlər. Bu isə reallıqdır və bütün dünya bu reallıqdan xəbərdardı. Yəni, Azərbaycana qarşı kampaniya aparılırsa, bunun günahkarı hakimiyyət və onun avtoritar siyasətidir. 
Azərbaycan hakimiyyəti “Eurovision” yarışmasının keçirildiyi dövrdə baş verənlərdən dərs çıxarmaq istəmir. Həmin dövrdə də Azərbaycanla bağlı real vəziyyət tirajlandı və bu ölkədə avtoritar bir idarəetmənin mövcudluğu müşahidə edildi. Yəni, bu yarışmadan da müsbət təbliğat kimi istifadə edilmədi. Əksinə, bu yarışma da Azərbaycanın milyonlarının itkisi ilə nəticələndi.
Indi Avropa oyunları zamanı da eyni mənzərə yaranmaqdadır. Maddi baxımdan fəlakət aydındı. Ölkənin müsbət imicinin təbliği üçün isə heç bir əsas yoxdur.
Müxtəsər, hakimiyyət Avropa oyunları ilə ölkəni bir qədər də geriyə sürükləyir və öz vətəndaşına hötmət etməkdən boyun qaçıraraq “Diktatorun Avropa oyunları” təəssüratını yaradır.  Ümumi qənaət budur ki, Avropa oyunları bu ölkənin başına gətirilən ən acı oyun kimi yadda qalacaq.
Azad