Müəllim ən şərəfli peşə sayılırdı sovet dönəmində.
Elə indi də dünyanı dərk edənlər müəllimlərə hörmətlə yanaşılır.
Onlar haqqında nə qədər istəsəniz, xoş sözlər yazmaq olar.
Epitetlərlə, aforizmlərlə göylərə qaldırmaq olar müəllimləri.
Mənimlə yaşıd olanlar təsdiqləyər, bizlər müəllimə müqəddəs varlıq kimi baxırdıq və hətta hərdən maraq edirdik ki, görəsən, müəllim də bizim kimi çörək yeyir, su içir.
Yeri məclisin yuxarı başında idi müəllimin.
Tər-təmiz geyinib camaat içinə çıxardılar.Dövlətin də müəllimə verdiyi maaş onun problemlərini həll edirdi.
O dönəm müəllim rejimin mahiyyətini açmaq iqtidarında olmasa da, ac deyildi, borc üçün qapı döymürdü, gözü şagirdin əlinə dikilmirdi.Son 20 ildə müəllim peşəsinə münasibət dəyişdi. Bilirəm, bəzilərinin xoşuna gəlməyəcək, ancaq etiraf etmək gərəkdir.
Ki, bu gün Azərbaycanda müəllim hörmətdən düşüb.
Bir az da kəskin yazardım, əlim gəlmir.
Və şəxsən mənə çox yer edir müəllimlərin hörmətdən düşməsi.
Gör, nə vzəiyyətdir ki, dəlləyə, qarpız satana, sürücüyə, daha nə bilim kimlərə “müəllim” deyə müraciət edirik.“Müəllim” deyə müraciət etməyimiz, heç də etik yanaşmamız deyil, onlara “həkim”, “mühəndis” deyə niyə müraciət etmirik? Dəyərdən düşməkdə olan müəllim adına ironiyadır bu.
Yaxınlarda bir müəllimlə söhbətim oldu.
Qonşularından biri Mənzil Istismar Sahəsində rəis, digəri Nəqliyyat Nazirliyində dispetçer işləyən müəllim görün, nə deyir.Deyir ki, onların özlərinin və uşaqlarının qiyafətlərinə, mindikləri maşınlara baxanda, bazarlıq zənbillərinin içindəkiləri görəndə gündə bəlkə də 10 dəfə ölüb-dirilirəm və düşünürəm ki, necə olur ki, mən aldığım maaşla 4 nəfərlik ailəni birtəhər dolandırıram, bunların isə maaşı mənimkindən az ola-ola yağ içində böyrək kimi yaşayırlar.
O müəllim çıxış yolunu evini dəyişməkdə görməyində olsun, sizə Allahın INSANı xəlq edərkən, bədən üzvlərini nə qədər mükəmməl və ecazkar düzdüyünü xatırladım.
Yaradan insan orqanizminin ən yuxarısına BAŞ qoydu. Ondan aşağı GÖZ, sonra QULAQ və daha sonra da DIL yaratdı.Qalan əzalarla işim yoxdur.
Hörmətli müəllimlər məni başa düşərlər, bu dörd orqanın nəyə qadir olduğunu yada salaq.
Tanrı bütün canlılardan fərqli olaraq yalnız INSANa AĞIL bəxş etdi.
Ki, başı ilə dərk etdiklərini, gözü ilə gördüklərini, qulağı ilə eşitdiklərini dili ilə izhar etsin.Izhar etsin ki, az qananlar da anlasın.Ta demədi ki, başı ola-ola düşünməsin, gözü varkən kor olsun, qulağı yerində ikən kar, dili olduğu halda lal olsun.Nədən xatırlatdım bunu?Bizim məmləkətdə müəllimlərin böyük əksəriyyətinin dolanışığı pisdir.
Demirəm acından ölürlər, dilənirlər.Və bunun da ən böyük günahı elə müəllimlərimizin özündədir.
“Suçu hökumətdə, dövlətdə axtarmaq lazımdır” düşünənlərə xatırladıram, son 20 ildə Azərbaycanın hansı məktəbində 10-15 müəllim sözü bir yerə qoyaraq, hökumətin yaxasından tutub dedilər ki, ay hökumət, sənin verdiyin maaşla ayın 15 günün adam kimi yaşamaq olur?
Mən duymadım, kimsə duydusa, yazsın.
Əgər müəllim özünün insan kimi yaşamını təmin etmək üçün etiraz edə bilmirsə, onun cəmiyyətin savadsız kəsiminin önünə çıxmağa, məclisin yuxarı başına keçməyə haqqı çatarmı?Nə qədər ki, müəllim haqqını tələb etməkdə acizdir, cəmiyyətdən hörmət ummasın.
Və ən əsası.Nə qədər ki, müəllim seçki saxtakarlığına rəvac verir, “karusel” əməliyyatında ən fəal oyunçudur və maddi durumuna yalnız ildə bir dəfə 3 kilo qoyun ətinin ekvivalentində əlavə olunur, güzəranı əsla bundan artıq olmayacaq.
Müəllim adını müəllimin özü qorumalıdır.
Onlarla yox, yüzlərlə müəllim bu gün bazarlarda alver edir.
Yüzlərlə yox, minlərlə, on minlərlə müəllim ehtiyac içində yaşayır.
Belə müəllimlərin öyrətdiklərindən nə hasil olacaq?
Nədən bu günə düşdün, hörmətsiz oldun, ehtiyac içində yaşadın, müəllim?
Günah kimdədir?
Özündə, yoxsa hökumətdə?
Lütfən, bu suala yalnız BAŞla düşündükdən sonra cavab verin.