Bunu hamı deyirdi. Hamı deyirdi ki, bəli, bir gün diktatorlar devriləcək, gəlin diktatorlara heykəl qoyub özümüzü biabır etməyək. Budur, Hüsnü Mübarəkin də heykəli götürüldü, elə məşhur məktəb də daha onun həyat yoldaşının adını daşımayacaq! Burada deyiblər: bağda ərik var idi…
Mən belə düşünmürəm ki, hakimiyyətdəkilər belə sadə həqiqətləri başa düşmür. Yox, onlar bizlərin kitablardan oxuduğumuz bəzi şeyləri həyatda görüblər, Stalinə, Brejnevə və başqalarına pərəstişin şahidi olublar. Bəs onda niyə belə edirlər? Cavab da çox sadədir: bunlar belə öyrəniblər, başqa cür bacarmırlar! Elə bilirsiniz ki, bu, sonuncu haldır? Yox, bir də gördün başqa bir diktatora heykəl qoydular!
Adam sözün əsl mənasında dəhşətə gəlir! Bunu həm də ona görə edirlər ki, başqaları da Heydər Əliyevə heykəl qoysunlar. Bəli, bir çox azərbaycanlılar var ki, onlara bəzi yerlərdə heykəl qoysaydılar, mən bundan qürur duyar və fəxr edərdim. Amma H.Əliyevə ucaldılan heykəllər mənim könlümü açmır, çünki o yerlərdə bir vaxt insanlar soruşacaq ki, bu heykəl kimindir? Məlum olacaq ki, Azərbaycan kimi bir ölkənin, ərazisinin 20 faizi işğal olunmuş, insanları qul vəziyyətində olan bir ölkənin diktatorunun, keçmiş kommunist məmuru olmuş bir şəxsin heykəlidir! Bu məntiqlə onda gərəkdir ki, L.Brejnevə Ayda heykəl qoyulsun!
Əski kommunist liderləri sırasında həqiqətən də maraqlı və miqyaslı şəxslər olub, mən bunu inkar etməkdən uzağam, tarixə necə var, elə baxmaq lazımdır! Amma H.Əliyev bu sıradan deyildi… Keçmiş 15 sovet sovet respublikasının hamısının olmasa da, ən azı 10-nun öz H.Əliyevi olub! Bu məntiqlə türkmənlər gərək Saparmurad Niyazova, taciklər Imaməli Rəhmana, özbəklər Islam Kərimova, qazaxlar Nursultan Nazarbayevə, qırğızlar da Əsgər Akayevə,… nə isə, hamısını sadalamaq iqtidarında deyiləm, bütün dünyada heykəl ucaltsınlar. Absurd deyilmi?
Ikinci anti-kolonializm hərəkatının böyük liderləri olub. L.Valensa unudulbmu? Bəlkə V.Havel yaddan çıxıb? Amma onların heç birinə heykəl ucaldılmayıb, onların buna heç ehtiyacı da yoxdur. Bu gün hətta bilmirlər ki, H.Koll – Almaniyanı birləşdirən şəxs haradadır, ölübmü, qalıbmı? Bəlkə Çili xalqı A.Pinoçetə heykəl ucaltmaq istəyir? Yox, onlar, əksinə S.Alyedenin devrilməsinin və öldürülməsinin təfərrüatlarını araşdırırlar, bir çox çilililər hətta A.Pinoçetin cəzalandırılmasını tələb edirdi.
Bəli, müasir dünya belədir. Biz olsaq, düşünərik ki, əşşi, əlli il bundan əvvəl beş-on adam ölüb, buna görə də nəyisə araşdırmağa, kimisə cəzalandırmağa ehtiyac varmı? Amma dünyada belə fikirləşmirlər, hətta bir insanın da haqsız olaraq cəzaya məruz qalması onlar üçün böyük faciədir. Elə qonşu Türkiyəni götürün. Orada da hərbi çevriliş hadisəsini, o dövrün itkilərini araşdırmağa və buna bir siyasi qiymət verməyə çalışırlar. Bəli, bu günün dünyası belədir. Ancaq bu məntiqi qəbul etməklə dünyanın müasir millətləri sırasında yer tutmaq olar.Biz hara, Serbiya hara?
Mən bu məsələni burada ciddi şəkildə araşdırmaq fikrində deyiləm. Artıq bu məsələ hamı üçün aydındır. Hamı Serbiyanı da bilir, Kosovonu da. Mən onu da demirəm ki, gəlin Kosovonu tanıyaq! Bu fikirdən uzağam. Öz sülhməramlı qüvvələrimizi oradan çəkdik və düz də etdik. Amma Serbiya ilə Azərbaycanı eyniləşdirməyin qəti əleyhinəyəm. Serbiyanın Kosovoda etdiklərinin mində birini düşünəndə adamın tükləri biz-biz olur! Serblər öz cəlladlarını indilər beynəlxalq tribunala təhvil verməklə dünya millətlərinin gözündə özlərini az da olsa, reabilitasiya etməyə cəhd edirlər. Bizə nə düşüb ki, onlarla, az qala dost-qardaş oluruq?! Dünyada müttəfiq azdır?
Ruslar “ərəb baharı”nı harada axtarır?
Maraqlıdır ki, ruslar da “ərəb baharı”nın izlərini Ermənistanda görürlər. Indi rus politoloqları da bu haqda yazır. Ruslar bundan heç də təşviş keçirmirlər və təbii ki, “ərəb baharı” Gürcüstanda sezilsəydi, daha çox sevinərdilər. Zira Ermənistan öz cəhənnəmləridir. S.Sərkisyan L.Ter-Petrosyanın onun əsas müxalifi olmasının əleyhinə deyil, onu R.Köçəryan qorxudur. Putinin adamı olan Köçəryan!



