Siqaret mafiyası hökumətə güc gəldi və bahalaşma rəsmiləşdi
“Imperial Tobacco” şirkəti tütün məmulatlarında qiymət dəyişikliyinin səbəbini açıqlayıb.
Şirkətdən APA-ya daxil olan məlumatda bildirilib ki, “Imperial Tobacco” öz fəaliyyətini təmsil olunduğu ölkənin qanunlarına və vergi tələblərinə uyğun müəyyənləşdirir: “Azərbaycan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, tütün məmulatlarının aksiz dəyəri martın 1-dən etibarən artırılıb. Bu dəyişiklik ”Imperial Tobacco" şirkətinə aid olan tütün məmulatlarının da pərakəndə satış qiymətinə təsir edib. “Imperial Tobacco” bu dəyişikliyi Azərbaycan dövlətinin müvafiq sahələrdə qiymət siyasətinin tənzimlənməsinə dair müstəsna hüququ kimi dəyərləndirir".
Şirkət onu da əlavə edib ki, son dəyişikliklərin ölkə iqtisadiyyatına yalnız müsbət təsir göstərəcəyinə əmindir.
Böyük Britaniyanın “Imperial Tobacco” şirkəti Azərbaycanın tütün bazarında 1998-ci ildən fəaliyyət göstərir. Dünyanın 160-dan çox ölkəsində təmsil olunan şirkətin əməkdaşlarının ümumi sayı 38 min nəfərdir. Şirkətin müxtəlif ölkələrdə 46 istehsal müəssisəsi var.
Şirkətin Azərbaycanda satılan brendləri sırasında “Davidoff”, “West”, “P&S”, “Imperial Classic”, “Prima” kimi siqaret markaları yer alıb.
Manatın devalvasiyasından sonra siqaretin qiymətində kəskin sıçrayış olmuşdu. Siqaretlər birdən-birə 60-70 qəpik civarında bahalaşmışdı. Ekspertlər hesab edir ki, hətta devalvasiya bu qədər bahalaşmaya səbəb ola bilməz. Sadəcə siqaret mafiyası fürsətdən istifadə edərək vətəndaşları talamaq yolunu tutub. Martın 2-də isə günün birinci yarısında qiymətlər yenidən əvvəlki vəziyyətinə qaytarıldı. Bu hökumətin də kəskin bahalaşmanın fərqində olduğunu göstərirdi. Lakin ucuzlaşma az çəkdi. Artıq günün ikinci yarısında siqaretlər yenə də əvvəlki qiymətlə müqayisədə 60-70 qəpik bahalaşdı. Dünən isə məlum oldu ki, ortaq variant kimi siqaretlərin 40-50 qəpik bahalaşması razılaşdırılıb. Bu isə hökumətin siqaret mafiyası ilə bacarmadığını ortaya qoydu.