Mirvari Qəhrəmanlı: «Kompleksin nə dərəcədə yararlı olacağı şübhə altındadır»
Azərbaycan hökuməti yeni neft-kimya kompleksi tikmək niyyətindədir. Məlumata görə, yeni neft-qaz emalı və neft-kimya kompleksi Qaradağ və Abşeron rayonları arasında yerləşəcək. ARDNŞ-dən verilən məlumata görə, zavodda ilkin olaraq ildə 10-15 mlrd. kubmetr həcmində qaz və 10 mln. ton neft emal olunacaq. Zavodun məhsulları isə “Euro-5″ standartının tələblərinə cavab verəcək. Layihənin ümumi dəyəri isə 13 milyard dollardır.
Özü üçün 235 mln. dollarlıq bina inşa etdirən ARDNŞ-nin indi də 13 mlrd. dollarlıq zavodlar tikdirməsinə nə dərəcədə ehtiyac var idi? Ölkədə vəsaitə ehtiyacı olan kifayət qədər sahə var. Lakin hökumət daha çox nəqliyyat və neft sahəsinə vəsait ayırmağa üstünlük verir. Qeyd edək ki, ölkədə maye-qaz emalı və iki neftayırma zavodu var. 13 mlrd. yeni kompleksə sərf etmək əvəzinə bu zavodları modernləşdirmək mümkün deyildimi?
Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı hazırda mövcud olan neftayırma zavodlarının tələblərə tam cavab vermədiyini və ətraf mühitə ziyan vurduğunu deyir. Məhz bu iki zavodun atdığı zərərli maddələr nəticəsində o ərazidə yaşayanlar arasında ağır xəstəliklər artıb. Bu səbəbdən də zavodların köçürülməsi bir neçə il əvvəl planlaşdırılmışdı. Yeni zavod isə yaşayış yerindən xeyli kənarda tikilməlidir.
Lakin ekspert ölkədə bu qədər böyük zavodu təmin edəcək xammalın olmadığını da vurğuladı: “Bu ölkədə hasil olunan neft yeni zavodu təmin edə biləcəkmi? Köhnə zavodların ikisinin birlikdə gücü 22 mln .ton neftə hesablanmışdı. Ancaq indi ölkədə az miqdarda, 3 mln. tona yaxın neft saxlanılır. 3 mln. tona görə iri zavod tikmək gülüncdür. O cümlədən də qaz emalı zavodunda genişlənmə olacaq”.
M.Qəhrəmanlının sözlərinə görə, ölkədə çıxarılan qazın həcmi gizlədilir. Eyni zamanda yeni qaz emalı zavodunun istehsal gücünün nə qədər olacağı və hansı qazla təmin olunacağı da məlum deyil. Bu səbəbdən də 13 mlrd. dollarlıq kompleksin nə dərəcədə yararlı olacağı şübhə altındadır.
Ekspert Azərbaycanda reallaşdırılan layihələrin dəyərinin xarici ölkələrlə müqayisədə xeyli yüksək olduğunu da vurğuladı: “Norveçdəki qaz emalı zavodunun ərazisini avtobusla gəzirsən. Son dərəcə müasir zavoddur. Azərbaycanda elə bir zavoda ehtiyac var. Sadəcə olaraq, Azərbaycanda reallaşdırılan layihələr başqa ölkələrlə müqayisədə 10-15 dəfə baha başa gəlir. Bu da layihələrə nəzarətin olmaması, auditin keçirilməməsi səbəbindəndir. Yəqin, bu 13 milyardlıq layihə də xeyli şişirdilib”.
Fizzə


