“Fövqəlnazir”lə bağlı ifşaedici material

«Reuters» Kəmaləddin Heydərov haqqında nələr yazdı?

Mərkəzi qərargahı Londonda yerləşən dünyanın nüfuzlu xəbər agentliyi “Reuters”də Yaponiyada baş vermiş zəlzələdən sonra Fukuşima Atom Elektrik Stansiyasında yaranmış partlayışlar nəticəsində nüvə təhlükəsinin ortaya çıxması haqda məqalə dərc olunub.
Məqalədə inkişaf etməkdə olan ölkələrin nüvə proqramlarından söhbət açılır. Məqalənin ölkəmizlə bağlı hissəsində Azərbaycan hakimiyyətinin korrupsiyaya bulaşması və qanunsuzluğun dövlət siyasəti halına gətirildiyi vurğulanır.
“Reuters” bildirir ki, ABŞ diplomatlarına aid gizli yazışmaları yayan “WikiLeaks” saytının açıqladığı məxfi məktubda Azərbaycanın nüvə proqramına məsuliyyət daşımalı olan Kəmaləddin Heydərov ölkədə hər işdə – tikintidən tutmuş gömrüyə qədər bütün sahələrdə paya sahibdir: “Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi vaxt külli miqdarda varidat toplayıb. O, hazırda Bakıda yaşanan tikinti bumunda geniş paya sahibdir”.
Amerikalı diplomatlarla görüş zamanı Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan hökuməti nüvə reaktorunun tikintisi haqda qəti qərar verməyib. Ancaq Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin (MAQATE) təmsilçiləri ilə Azərbaycan rəsmiləri arasında nüvə reaktorunun texniki-iqtisadi əsasları barəsində müzakirələr aparılıb. Heydərov bu müzakirələrin 2012-ci ilə qədər təxirə salındığını da söyləyib.
ABŞ səfirliyinin diplomatı Frenk Mermudla görüş zamanı Kəmaləddin Heydərov onun rəhbərlik etdiyi nazirliyə Azərbaycanda nüvə enerjisi istehsal edən zavodun tikintisiylə bağlı araşdırmalar aparılması haqda göstəriş verildiyini vurğulayıb. Məqalədə deyilir ki, digər azərbaycanlı rəsmilərə nüvə enerjisi ilə bağlı suallar ünvanlananda onlar Azərbaycanın alternativ enerji resurslarına ehtiyacı olmadığını söyləyiblər.
“Reuters” yazır ki, kompromislərə getməməklə tanınan Ilham Əliyevin rəhbərlik etdiyi Azərbaycan korrupsiya və qanunların kobud şəkildə pozulduğu ölkələrdən biridir.
“Transparency International” beynəlxalq təşkilatının hesabatında Azərbaycan korrupsiyanın səviyyəsinə görə 178 ölkə arasında 134-cü yerdə dayanır.

Siyasət şöbəsi