Ənnağı Hacıbəyli
Bilməyənlər bilsin: Azərbaycanda da Ombudsman var. Bu sözün mənası “insan hüquqları üzrə müvəkkil” deməkdir. Başqa ölkələrdə olduğu kimi, bizim Ombudsman da hər il ölkədə insan hüquq və azadlıqlarının durumu barədə illik məruzə hazırlayır, onu parlamentdə oxuyur, sonra isə gərəkli yerlərə göndərir. Bu məruzəyə toplumun reaksiyası bir-iki deputat mızıltısı, beş-altı jurnalist və siyasətçi donqultusundan o yana getmir. Yatmış şiri oyatmaq o qədər də asan deyil…
Təbii ki, məruzə boyda sözardı yazmaq mümkünsüzdür, ona görə də “Vətəndaş və siyasi hüquqların müdafiəsi” bölməsi barədə bəzi qeydlər etməklə hələlik sözü bitirəcəm.
Hüquq və azadlıqların məhkəmə təminatı
Əsasən faktların konstatasiyasından və Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının hesabat və informasiyalarının təkrarından ibarət olan bu hissənin “məmmədqulusu” odur ki, “dövlət tərəfindən atılmış mühüm addımlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərməkdədir”.
Əziz oxucu, bu qiymətin sənin tanıdığın məhkəmə sisteminin fəaliyyətinə verdiyin qiymətlə nə dərəcədə uzlaşdığını özün müəyyən elə.
Ombudsmanın fikrincə, 3 hakimin iş yerinin dəyişdirilməsi, 5-6-sına irad tutulması, bir məhkəmənin əvəzinə başqasının yaradılması islahatdır. Biz məhkəmələrdə başqa mənzərənin şahidi oluruq. “Məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərməkdə” olan tədbirlər nəticəsində seçki şikayətlərinə baxan hakimlər MSK-nın qərarlarını təsdiq edərkən mağmın görkəmləri ilə ikrah doğururdular. Mülkiyyəti əlindən alınmış mənzil sahiblərinə “Prezident çıxışında dedi ki, hər kvadrat metrə görə 1500 manat yaxşı qiymətdir, biz nə edə bilərik” cavabını verən hakimlərə “əsaslı təsir” açıq-aşkar hiss olunurdu.
“Qətimkan tədbirinin ən ciddi növü olan həbsin … əsassız seçilməsi Məhkəmə-Hüquq Şurasının diqqət mərkəzində olmuşdur”. Bax buna inanmamaq kafirlikdir. Ötən ilin praktikasını uğurla davam və inkişaf etdirən məhkəmələrimiz bu ilin bir neçə ayı ərzində təkcə siyasi işlər üzrə – sərbəst toplaşmaq hüququnu gerçəkləşdirmək xəyalına düşmüş 30-a yaxın mitinqçi haqqında həbs qətimkan tədbiri seçib. Gerçəkdən, bu məsələ diqqət mərkəzindədir. Özü də təkcə MHŞ-nin yox.
Yeri gəlmişkən, Ombudsmanın yadına salmaq istəyirəm ki, sərbəst toplaşmaq hüququ da əsas insan hüquq və azadlıqlarındandır və Azərçaycanın Konstitusiyasında, imzaladığı beynəlxalq aktlarda nəzərdə tutulub.
Ədalət naminə qeyd edim ki, Müvəkkilin bu sahədə öyünməli fəaliyyəti də olub: “Müvəkkilin məsələyə müdaxiləsi və köməkliyi ilə bəzi hallarda vətəndaşlar tərəf olduqları iş üzrə müvafiq qaydada məlumatlandırılmışlar”. Əhsən! Dünyanın heç bir ölkəsində Ombudsman məhkəmə və poçt idarələrinin əvəzinə çağırış vərəqələri daşımır. Bu ancaq bizim şəfqətli, sevimli Ombudsmanımızın nailiyyətidir. Çünki bir tək o bilir, əlalət mühakiməsinin açarı çağırış vərəqələridir. Çətini onu çatdırmaqdır. O ki, çatdı, elə bil ədalət mühakiməsi cibindədir.
ATƏT-in Bakı ofisinin hətta dişsiz, nala-mıxa vuran hesabatında da ədalət mühakiməsinin durumu daha çox mənfi qiymətləndirilir: ”Prokurorlar hakimlərin müşavirəsində iştirak edir, müşavirələr kabinetlərdə keçirilir, hakimlərin davranışı onların qərəzsizliyini şübhə altında qoyur, təqsirsizlik prezumpsiyası pozulur, tərəflərin bərabərliyi prinsipinə əməl olunmur, təqsirləndirilən şəxslərin və şahidlərin işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmaları ilə bağlı etibarlı ittiham halları və məhkəmə tərəfindən ittihamların düzgün və ya müvafiq araşdırılmaması halları var…”
Mübahisələrin həlli dövlətin inhisarındadır, ölkədə münsiflər, arbitraj, barışıq məhkəmələri demək olar ki, fəaliyyət göstərmir, mediasiya bə başqa üsullardan istifadə epizodik xarakter daşıyır, Ədliyyə Nazirliyi, MHŞ bu istiqamətdə demək olar ki, heç bir iş aparmır.
Avropa Məhkəməsinin presedent hüququ yetərincə və düzgün tətbiq olunmur, dövlət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, həbsxanalarda siyasi dustaqlar bir-birini əvəz edir.
Hüquq yönümlü müstəqil QHT-lərin və beynəlxalq təşkilatların rəyinə görə məhkəmə sistemi müstəqil deyil və icra hakimiyyətinin tam nəzarəti altında fəaliyyət göstərir.
Ombudsmanın məruzəsi bütün bunlara qiymət verməkdən yayınır. Siyasi sifarişlər və korrupsiya içərisində boğulan məhkəmə sisteminə sistemli baxışa vaxt yoxdur – nailiyyətlərin tərifinin dozası buna imkan vermir.
Hüquq yardımı almaq hüququ
Müvəkkil müəyyən edib ki, Xızı, Daşkəsən, Goranboy, Yardımlı, Neftçala, Ağdaş, Qobustan rayonlarında, Naftalan şəhərində vəkil və hüquq məsləhətxanaları yoxdur”. Müvəkkilin bu sahədə fəaliyyəti Ədliyyə Nazirliyinə müraciətdən ibarət olub.
Görəsən, Ədliyyə Nazirliyi bilmirdimi ki, bu rayonlarda vəkil yoxdur? Qonşu rayondan nəinki vəkil tutmaq, hətta ora getmək imkanı olmayan, Ombudsmanın statistikasında varlıya çevrilmiş kasıb başına haranın daşını salsın?! Bununla da azadlıq, şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, başqa hüquqları pozulmuş adamların insan hüquq və azadlıqları barədə hesabatı kim yazacaq?
“Təhlükəsiz yaşamaq hüququ” bölməsində əhalinin mülkiyyətinin əlindən alınmasına şərait yaradan yerli icra hakimiyyəti orqanlarını “dövlət orqanları qarşısında məsələni ciddi şəkildə təqdim etmək əvəzinə yalnız məktub göndərməklə kifayətlənməkdə” qınayan Ombudsmanın can verməkdə olan vəkilliyin adi problemi barədə Ədliyyə Nazirliyinə müraciət etməsi onun özünü qınaq obyektinə çevirmirmi?
Bumeranq arqumentlər təhlükəlidir.
Müvəkkilin fikrincə, hüquq yardımının keyfiyyətinin aşağı olmasının səbəbi dövlət hesabına vəkillərə verilən qonorarın məbləğinin az olmasıdır. Prezident, Nazirlər Kabineti bilmirmi ki, bu məbləğə vəkillik etməyi hamballıq sayırlar və bu məbləği də almaq asan deyil. Bəzi vəkillər onu almağı özlərinə sığışdırmırlar. Dəfələrlə Prezidentə bu barədə, ümumiyyətlə, vəkillikdəki avtoritar idarəçilik, təhqiramiz durum barədə məlumat verilib. Fuad Ələsgərovun hər şeyə qadir və hər şeydən xəbərdar şöbəsi hara baxır?
Ölkədə yoxsulluq 9,1 %-ə enibsə, “ötən il əhalinin rifah halının yüksəldilməsinə istiqamətlənmiş əlverişli sosial-iqtisadi və hüquq siyasəti həyata keçirilibsə” necə olub ki, bundan yoxsullara və onların kasıb vəkillərinə pay düşməyib?
Vəkillər Kollegiyası sağlam orqanı qəbul etməyən xəstə orqanizmə çevrilib. Osman Kazımov, Həzi Məmmədov, Arzu Alıyeva, Akif Əhmədov, Eldar Qurbanov, Lətifə Əliyeva, Namizəd Səfərov… vəkillikdən çıxarılıb. Əksər hallarda məhkəmələr bu peşəkar vəkilləri VK-ya bərpa etməyə cəsarət etməyiblər. VK 10 manata bütün istintaq materiallarını imzalayan və “müdafiə” etdiyi şəxsə də imzalatdıran “növbətçi” vəkillərlə mübarizə aparmaq əvəzinə “dikbaş” vəkillərlə haqq-hesab çəkməklə məşğuldur.
Beynəlxalq Hüquqşünaslar Komissiyasının fikrincə, Kollegiyanın cinayət işləri üzərində həyata keçirdiyi inhisar nəticəsində vəkillər öz dolanışıqlarına görə həmin qurumdan asılıdırlar.
Kollegiya üzvlərinin həmin quruma maliyyə yatırımları qoymasına baxmayaraq, Kollegiya öz üzvləri üçün peşəkar xidmətlər göstərmir.
ATƏT-in Bakı ofisi və ABA CELLİ-nin hazırladıqları birgə hesabatda göstərilir ki, VK-nın iş üslubu cinayət işlərində səmərəli hüquqi təmsilçiliyin təmin olunması yolunda böyük maneə olaraq qalmaqdadır. Hesabatda lisenziya almış vəkillərin VK-ya qəbul olunmasının zəruriliyi, yeni Kollegiyanın təsis prosedurlarının təkmilləşdirilməsi, vəkilliyə qəbul üzrə imtahanların müntəzəm keçirilməsinin zəruriliyi vurğulanır, “vəkil” sözü üzərində VK-nın inhisarını təmin edən qanunvericilik dəyişiklikləri pislənir.
ATƏT-in Bakı ofisinin son hesabatında göstərilir ki, “dövlət tərəfindən təyin edilmiş müdafiəçilər həddindən artıq aşağı keyfiyyətli xidmət göstərir, işə səhlənkar yanaşır, iş materialları ilə məhkəmə iclasında tanış olur, prosesdə səssiz otururlar”.
Adambaşına düşən vəkilin sayına görə Azərbaycan dünyada sonuncu yerlərdən birini tutur. “Regionun lider dövləti” bu sahədə hətta reginun da autsayderidir.
Ombudsmanın bu durumdan xəbəri yoxdurmu?
Epiloq əvəzi
Martın 17-də Ombudsmana korrupsiyaya şərait yaradan fərmanla bağlı Konstitusiya Məhkəməsinə sorğu verilməsi, insan hüquq və azadlıqlarının pozulması barədə şikayət göndərmişəm. Üç aya yaxındır ki, cavab gözləyirəm. Fərmana sitayişi başa düşsəm də, Dövlət Yol Polisi qarşısında acizliyi heç cür anlaya bilmirəm. Üstəlik, Ombudsman özü də bu faktların olduğunu təsdiq edir: “DYP-nin bəzi əməkdaşları tərəfindən sürücülərlə kobud rəftar, qeyri-peşəkar münasibət, müəyyən olunmuş cərimə məbləğindən artıq əsassız pul tələb etmə kimi hallara yol verilmişdir. Təbii ki, belə hərəkətlər vətəndaşların haqlı narazılığına və yuxarı dövlət orqanlarına çoxsaylı şikayətlərinə səbəb olur”.
Elə bilirəm, mən də bu ölkənin vətəndaşıyam.
“Mən də müsəlmanam, a şirvanlılar…”
Son olmayan son söz
Yazının başında demişdim ki, yatmış şiri oyatmaq o qədər də asan deyil. Amma yatmış vicdanları oyatmaq gərəkdir. Sabahkı Azərbaycan qarşısında sorumlu olduğumuzu dərk etməliyik. Uşaqlarımız, nəvələrimizin bizə görə xəcalət çəkməməsi üçün.
Gec-tez bu ölkədə də normal dövlət qurulacaq. İnsanlar hər şeyə demokratiya, insan haqları, ədalət, ləyaqət kimi normal kateqoriyalarla düşünərək qiymət verəcəklər. Elə yaşamalıyıq ki, bütün qiymətlərimiz “2” olmasın.
İnsan haqları ilə kimyagərlik eləməklə tarixdə qalmaq müşkül məsələdir. İnsan üçün 7 il 17 il vəzifəni qorumaq məqsədə çevrilməməlidir. İnsan hakimiyyəti qorumaq üçün tabeçiliyində olanlarla qeyri-insani rəftar etməməli, onların nüfuzunu nərdivana çevirməməlidir.
Bu hamıya aiddir – indikilərə də, hakimiyyətə baxıb ağzı sulananlara da. Bu ölkədə şəxsi karyerasını milli maraqlara qurban verənlər, hamıya layiq olduğu dəyəri göstərənlər həmişə olub, olacaq da. Onlar istisna, anormal hal, idealist sayılsalar da…



