elnurastanbeyli@gmail.com
Dünən dəyərli dostumuz Seymur Həzinin doğum günü idi. Seymur ədalətsiz rejimin verdiyi cəzanı mükafat kimi qəbul edən mücadilə adamıdır. Buradan ona təbriklərimi göndərirəm. Azadlıqda və AZADLIQDA görüşəcəyimiz günün uzaqda olmadığına inanıram.
Ona da əminəm ki, Seymur bu doğum gününün, ümumiyyətlə, fərqində olmadı, ona görə yox ki, həbsdədir. Azadlıq idealları ilə yaşayan hər kəs kimi onun da bir neçə gün əvvəl Moskvada törədilən dəhşətli qətlin ağırlığını bütün varlığında hiss etdiyinə əminəm. Bəli, söhbət Nemtsovdan gedir. Onun öldürülməsi dünyada demokratik dəyərlərin təntənəsini istəyən hər kəsi sarsıdıb. Başqa cür də ola bilməz. Vətənindən, milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bəşəri dəyərləri müdafiə edənlərə dəyən hər dəyənəyi, atılan hər gülləni öz qəlbində hiss etməmək mümkünsüzdür.
Nemtsovu bütləşdirməyə ehtiyac yoxdur, onun özü elə siyasi bütpərəstliyin qurbanıdır. Amma istənilən halda bu, bəşəri itkidir. Bunda heç bir şişirtmə-filan yoxdur. Rusiyanın Putin irticasından qurtulmasında ən böyük ümid yerlərindən biri, hətta birincisi məhz Nemtsov idi. Putinin isə hazırda tərəqqipərvər bəşəriyyəti necə təhdid etdiyini demək artıqdır.
Nemtsovu kim və ya kimlər öldürdü, qətlin sifarişçisi kimdir? Bu suallara cavab axtarışı uzun illər davam edəcək. Hətta tətikçilərin kimliyi müəyyənləşdirilsə belə! Lap bizdə Elmar Hüseynovun qətli ilə bağlı olduğu kimi. Elmarın qatilləri kimi müəyyən adlar çəkilir, amma həmin adlar 10 il əvvəl bu gün – 2 martda baş verən o məşum qətl üzərindən sirr pərdəsini götürürmü?
Dünən mən Putinin Nemtsovun anasına başsağlığı haqqında oxudum. O, yaşlı ananı əmin edirdi ki, qatillər tapılacaq və cəzalandırılacaq. 10 il öncə Elmarın atası Sabir dayıya verilən vədlə necə də səsləşir, deyilmi?! Artıq heç Sabir dayı da həyatda yoxdur, o, bu dünyadan gözüaçıq getdi. Oğlunun qətlini sifariş və icra edənlərin tapılıb cəzalandırıldığını görmədi. Bəlkə də Sabir dayını oğlundan sonra yaşadan məhz buna bəslədiyi ümid idi, həmin ümid öldükdən sonra isə onun yaşamaq üçün heç bir səbəbi qalmadı və gözlərini əbədi yumdu.
Kim əminliklə deyə bilər ki, Nemtsovun anası ilə bağlı da məhz belə olmayacaq?!
Elmarın qətlinin sifarişçisinin və icraçısının (sifarişçilərinin və icraçılarının!) kimliyindən asılı olmayaraq bu qətl YAP rejiminin işinə yaradı. Ölkədə xof mühiti bir az da dərinləşdi, rejim tənqidçilərində daxili senzura istər-istəməz bir az da gücləndi. Doğrudur, hələ də qələmini satmayan vicdanlı imzalar qalır Azərbaycanda, azad sözü, tənqidçi fikri ölməyə qoymayanlar qalır, amma bu da bir həqiqətdir: Elmarın ölümünəcən həqiqətləri yüksək səslə dilə gətirənlərin çoxu indi hardadır? Ya bir dərin səssizlik içində, ya da yalanın, yaltaqlığın qucağında!
Nemtsovun qətli də sifarişçi və ya sifarişçilərin, icraçı və ya icraçıların kimliyindən asılı olmayaraq, Rusiyadakı irtica rejiminin işinə yarayacaq.
Nemtsovun vəkili Vadim Proxorovun dediyi kimi: “…Tətiyi kimin çəkməsindən asılı olmayaraq, Borisi siyasi rejim öldürdü”. Bəli, məhz belədir. Ölkələrinə siyasi nifaq toxumu səpən, siyasi intiqam duyğusu ilə yaşayan, opponentlərini düşmən kimi görən, gücünü zopadan, dəyənəkdən alan, haqq səsləri boğmaqla ayaqda qalmağı, “parçala, hökm sür” təfəkkürü ilə idarə etməyi hədəfləyən bütün repressiv rejimlər sifarişçinin kim olmasından, tətiyi kimin çəkməsindən asılı olmayaraq öz tənqidçilərinin qətlinə görə cavabdehdirlər.