Həbsdəki həmkarımız Seymur Həzinin doğum gündür; O, avtoritarizmin qəzəbinə gəlmək üçün hər cür diqqətə layiq olan əməllərin sahibidir
Bu gün Seymur Həzinin ad günüdür. İndi həbsxanada yanında saxlanan dustaqlara həbsxana hücrəsinə qədər gələn yolunun üstündəki xatirləri danışan unikal həmkarımız avtoritarizmin qəzəbinə gəlib.
Seymur avtoritarizmin qəzəbinə gəlmək üçün hər cür diqqətə layiq olan əməllərin sahibidir. O, Azərbaycan mətbuatında siyasi publisistikanın, siyasi jurnalistikanın ən yüksək tirajlı imzasıdır. Siyasi düşüncənin bütün fərqli çalarlarının rəsmən təqib və təhdid edildiyi bir ölkədə o, hökmdarın həbsxana ilə mükafatlandırılan lütfündən kənarda qala bilməzdi.
Seymur Həzi Azərbaycan mətbuatının ən cəsarətli siyasət yazarıdır. Bəzilərini gözlərinin qabağında, bəzilərinin ürəyinin başında, bəzilərinin isə ayağının altında olan Azərbaycanda bütün fəlakətlərin ünvanını dürüst, tərəddüdsüz və bəzək-düzəkli ibarələr olmadan cəmiyyətə tanıdan bir jurnalist niyə həbsxanada olmamalıdır ki?
Seymur avtoritar gerçəklik üçün olduqca nikbin adamdır. «Bunlar güclüdür» şəklində ölkəni veyillənən bədbinliyin əvəzinə «bunlar ağılsızdır» nikbinliyini yaşadan və bu yaşamı öz imzası ilə on minlərlə, yüz minlərlə insana təlqin edən bir optimizm həbsxanada olmalıdır, əlbəttə. Azərbaycan rejiminin jurnalistika üçün qadağan etdiyi mövzular, tərzlər və statistika var. Prezidenti tənqid etmək olmaz, prezident haqqında yalnız «möhtərəm» epiteti ilə bəhs etmək olar, ictimai rəyə daha böyük auditoriya iddiası ilə çıxmaq olmaz. Seymur bunların hər üçünü rədd etmiş bir ziyalıdır. O, bütün siyasi və qeyri siyasi əyriliklərə görə prezidenti tənqid edir, bu qədər əyriliklərin ünvanını «möhtərəm» adlandırmaqdan imtina edir və gündən-günə böyüyən bir auditoriyanın sevimli simasına çevrilirdi. O, həbsxanada olmalı idi.
Seymur Həzi ayrı-ayrılıqda götürülmüş «Azadlq»dakı yazılarına, “Azərbaycan saatı”ndakı auditoriyasına, cəsarətli vətəndaş mövqeyinə, radikal siyasi baxışlarına, Xalq Cəbhəsi Partiyasındakı siyasi mövqeyinə görə həbs edilməyib. O, bütün bu göstəriciləri xarakterində, mövqeyində, mövcudluğunda daşıyan bir azadlıq nümunəsi olduğuna görə həbs edilib. Azadlıqların təqib edildiyi ölkədə Seymur Həzi harada olmalı idi ki?
Əziz həmkarımız, dostumuz, qardaşımız, əzizimiz! Səni təbrik edirik. Həbsxana sənə yaraşır və bilirik ki, sən həbsdə olmağını dərd eləməyən, əksinə bunu savaş yolunun bir mərhələsi kimi şərəflə qəbul etmiş dönməz bir vətəndaşsan. Bütün bunlara görə səni çox sevirik. Doğum günü mübarək olsun…
"Azadlıq"