Kiçik rollardan böyük səhnəyə doğru
Onun rollarını sevməmək mümkün deyil. Istər teatrda, istərsə də kinoda bu belə idi… Azərbaycan teatr və kino sənəti tarixində özünəməxsus rolu olan Məmmədrza Şeyxzamanov 1915-ci ilin avqustunda Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Bundan sonra ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayıb. Bununla da evinə çörək pulu qazanır.
Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizlənmələr” Şeyxzamanovlar nəslindən də yan keçməyib. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalıblar. Bu çətinliklər M.Şeyxzamanovun da taleyində və sənətində özünü göstərməkdə idi.
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllim və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində “cücərməkdə” idi. Ona görə də, orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil oldu. O, 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib Ismayılovun təşəbbüsü ilə teatra dəvət edilir. Ilk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk uğurlu addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (Imamyar), “Iki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı “yaşıl işığı” daha gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır.
Xarakteri və sənəti bir-birini tamamlayırdı
Aktyor Əliabbas Qədirov deyirdi ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar “Mahnı dağlarda qaldı”, “Iblis”, “Zamanın hökmü” və digər tamaşalarda tərəf-müqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşlü bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, kimsənin arxasınca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, Azərbaycan kişisinin əsl nümunəsi idi.
Məmmədrza Şeyxzamanov ömrünün sonuna kimi doğma teatrında çalışdı. Burada fəxri adlara, Dövlət mükafatına layiq görüldü.
Deyirlər ki, M.Şeyxzamanov rollarında olduğu kimi həyatda da sadə və təvazökar insan idi. Ən əsası isə, yüksək səmimiyyəti onu daha çox sevdirirdi. O, Azərbaycan teatrında bir məktəb yaratmışdı.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. “Bəxtiyar” filmində Şahbazov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradır.
Unudulmaz Şirin dayı
1963-cü ildə böyük sənətkarımız Ədil Isgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində – “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edir. “Əhməd haradadır” filmi Azərbaycanın sənət rəmzi sayılan Ədil Isgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, Ilyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın “papka”sında bir neçə əsər saxlanılırdı. Lakin Ədil Isgəndərovun “Əhməd haradadır” xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Rəfiyev, Töhfə Əliyeva, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov… kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndərirlər. Onları – Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi “Adil Isgəndərovun beşliyi” adlandırırdılar. Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edir, rejissor, assisent köməkçisi kimi çalışırdılar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradır. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılırdı. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar “Yaşıl teatr”da çəkilirdi. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edir, onlardan sənətin sirlərini öyrənməyə can atırdılar. Onda Məmmədrza Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti də onu heyran etmişdi. Böyük aktyor, maraqlı insan olan Məmmədrza Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, elə sənətkarlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı – “Yaxşı kişi”. 1976-cı ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun Isa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində Isfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
Böyük sənətkar 25 yanvar 1984-cü ildə dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir