Siyasətin devalvasiyası

xanbahadir@mail.ru
 
Xalq çaxnaşma içində prezidentin nə deyəcəyini gözləyirdi. Bir sıra satqın jurnalistlər, qəzetlər, saytlar prezidentin baş verənlərdən soraqsız olduğunu, elələri də aldadıldığını yazırdı. Hamı prezidetin nə deyəcəyini, nə edəcəyini gözləyirdi. Prezident olan bugünlərdə parlament tribunasından, televiziya ekranlarından baş verənlərlə bağlı xalqa açıqlama verməyə borclu idi. Onun səsi Mingəçevirdən gəldi: Mingəçevirdə xəstəxananın, eləcə də yenidən qurulmuş H.Əliyev parkının açılışına gedibmiş. Ölkəni bürüyən çaxnaşma nədənlərilə bağlı danışmağı da ora saxlayıbmış. Buna polittexnologiya deyərlər – xalq prezidentin Bakıdan çıxışını gözləyirkən o, hansısa Mingəçevirə açılışa gedir, oradan sözünü deyir.
O, açılışını etdiyi xəstəxanada tibb personalı qarşısında bir saat siyasi leksiya oxudu. Bu leksiya onun 2008-ci ildən, dünya iqtisadi böhranı başlayandan bu yana dönə-dönə dediklərinin, vurğuladıqlarının yalanlaması idi – özü özünü yalanlama! 2008-ci ildən bu yana o, “bizim güclü iqtisadiyyatımız olduğuna görə, dünyanı bürüyən iqtisadi böhranın bizə təsir etməyəcəyini” bildirirdi. Lap bu yaxınlarda da bunu dönə-dönə vurğulamışdı. Indisə o, çıxışına birdən-birə belə başladı: “Iqtisadiyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır”. Biz bunu illərlə onun yuxarıdakı hər çıxışına qarşılıq olaraq yazır, vurğulayırdıq: iqtisadiyatın öz qanunları var, o qanunlar öz işini görəcək, buna görə böhran bizə gəlib çatanadək biz də öz işimizi görməli, aqrar sektor başda olmaqla özümüzə güvənli iqtisadiyat yaratmalıyıq. 2008-ci ildən indiyədək tək elə mənim bu yöndə “Azadlıq” qəzetində çoxlu yazım çıxım. Bizim illər öncəsi bildiyimizi “prezident” adlanan kimsə indi, iş-işdən keçəndən, böhran gəlib başa çıxandan sonra bilirsə, vay bu xalqın gününə!
Mingəçevir çıxışında I.Əliyev manatın ucuzlaşacağı ilə bağlı xalqa çoxlu siqnallar ötürdüklərini dönə-dönə vurğulayır. Bu isə açıq-açığına xalqı ələ salmaq, bir daha aldatmağa çalışmaqdır. Axı, lap elə bu yaxında bir başqası yox, I.Əliyev özü təkcə Azərbaycan xalqını deyil, az qala bütün dünya xalqlarını avrodan, dollardan daşınıb sarsılmaz manata sarılmağa çağırırdı. Başqası, (gerçəkdə olmayan) siqnal imişsə, bu nə imiş? Bunların hansını doğru, hansını yalan sayaq? Xalqın Bakıdan gözlədiyi çıxışın Mingəçevirdən edilməkliyi xalqa sayğısızlıq, xalqı aşağılama olduğu təki, bu cür baş-ayaq, aldadıcı çıxışlar da xalqı aşağılama, sayğısızlıqdır.
22 ildən bəri dönmədən xalqa aşılanan “uğurlu neft-qaz strategiyası” bir anda dönməz uğursuzluğa dönüşdü. Nədən? 22 illik dönməz antixalq siyasətlərindən! Demokratiyanı kəsinliklə korrupsioner-repressiv diktaturaya dönüşdürmə siyasətlərindən! Söz özgürlüyünü “Azadlıq” qəzetinədək boğub, öz özgürlüyünü çoxlu sayda “Azərbaycan” qəzetinədək   genişləndirmə siyasətlərindən! Rüşvəti-korrupsiyanı, oğurluğu-soyğunçuluğu-monopoliyanı Dövlət SIYASƏTINƏ çevirmə siyasətlərindən! Indi hamı manatın devalvasiyasından danışır, gerçəkdəsə, ölkə 22 illik uğursuz, o başdan bu başa antixalq xarakterli siyasətin devalvasiyası ilə üzləşib! Biz illərlə bu siyasi devalvasiyadan yazdıq, proqnoz verdik – uyarıda bulunduq…
Mingəçevirdə qabaqcıl dünya standartlarına uyğun xəstəxana açıldığından danışılır. Bakıdan ölkənin ucqarlarınadək indi çox yerdə belə xəstəxana var, ancaq həkim-dərman yararsızlığı üzündən tək Irana hər ay 4 mindən artıq adam yollanır. Mingəçevirdə olduğu kimi indi ölkənin hər yerində 5-6 il qabaq milyonlar tökməklə tikilmiş H.Əliyev parklarının yenidən qurulması gedir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adına 51 milyard manat bəlli park tikintilərinə getdi, indi o Proqramın yenisi park yenidənqurmalarına dağıdılmaqdadır. 51 milyard manata ildə ölkəyə neçə-neçə 51 milyard manat gətirəcək iqtisadiyat qurmaq olardı. Bütün bu cinayətlərə görə sorumlu kimdir?..