Bərdənin «xanı» Vidadi Isayev rayondakı obyektləri heç bir əsas olmadan darmadağın edir
Bərdənin icra başçısı Vidadi Isayev rayonda sahibkarlıq fəaliyyətilə məşğul olanların gününü qara edib. Bu barədə “Azadlıq”a Bərdə sahibkarları məlumat verib.
Onların sözlərinə görə, icra başçısı rayona rəhbər təyin olduğu gündən söküntü işlərinə başlayıb. Vidadi Isayev heç bir əsas olmadan Bərdədə fəaliyyət göstərən müxtəlif ticarət və iaşə obyektlərini yerlə-yeksan edir. Obyektini qorumaq istəyənlər isə icra başçısının ağır şərtləri ilə razılaşmalıdır. Sahibkarlar deyir ki, Vidadi Isayev bütün bunları Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişi əsasında edir. Oxucuların diqqətinə çatdıraq ki, Vidadi Isayevlə Elmar Vəliyevin qohumluq əlaqələri var. Hər iki şəxs Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Vidadi Isayev Tərtərin icra başçısı olanda da rayonu Elmar Vəliyevin tapşırıqları əsasında idarə edirdi.
Sahibkarların sözlərinə görə, icra başçısı onun şərtlərini qəbul etməyənlərin obyektlərini sökməklə kifayətlənmir. Icra başçısı bu cür adamları yağlı söyüşlərə də qonaq edir.
Informasiya şöbəsi