Kərəm Həsənov hədəfdə

Komitə sədrini Ramiz Mehdiyevin komandası ilə konfliktə soxan səbəb nədir?

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın ətrafının hədəfinə gəlib. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ramiz Mehdiyev səhhətilə əlaqədar müalicəyə getməmişdən bir neçə gün əvvəl Kərəm Həsənovu sərt şəkildə danlayıb.
Iddialara görə, PA rəhbəri komitə sədrinə hansısa məsələ ilə bağlı tapşırıq verib. Kərəm Həsənov tapşırığı ya Ramiz Mehdiyevi qane edən səviyyədə, ya da ümumiyyətlə icra etməyib. Bu barədə dəqiq bilgimiz yoxdur. Lakin qaynağımız deyir ki, hər halda Ramiz Mehdiyevin Kərəm Həsənova qəzəblənməsi həmin tapşırıqla bağlı olub.
Bundan sonra Ramiz Mehdiyev səhhətilə əlaqədar müalicəyə gedib. Bu ərəfədə isə PA rəhbərinə yaxınlığı ilə seçilən Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi qurum ləğv edilib. Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin səlahiyyətlərinin əhəmiyyətli hissəsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilib. Qərib Məmmədov isə işsiz saxlanılıb. Ramiz Mehdiyevin yaxın ətrafı bütün bunlara görə Kərəm Həsənovu ittiham edir. Lakin bəlli deyil ki, komitə sədrinin bu məsələdə təqsiri nədir. Yəni, PA rəhbərinin komandasına daxil olan məmurların hansı səbəbdən Qərib Məmmədovun “vurulmasında” Kərəm Həsənovun günahkar saydığı barədə dəqiq bilgimiz yoxdur. Eyni zamanda Ramiz Mehdiyevlə Kərəm Həsənov arasında yaşanan gərginliklə bu məsələ arasında hansı əlaqənin olduğunu da bilmirik.