Azər Qasımlı
Navalnı "Vahid Rusiya" partiyasını "oğrular və dələduzlar partiyası" adlandırıb. Bu ad onlara yaxşı yapışır. Bildiyiniz kimi, manatdan əvvəl rus rublu 50%-dan artıq ucuzlaşmışdı. Amma ədalət naminə onu demək lazımdır ki, hakimiyyətdə olan "oğrular və dələduzlar" rublun məzənnəsini saxlamaq üçün ilkin mərhələdə çox çalışdılar, böyük həcmdə intervensiyalar etdilər. Hətta gün ərzində rublun dəyərdən düşməsini saxlamaq üçün 1 milyard, hərdən milyard yarın ABŞ dolları xərcləmək məcburiyyətində qaldılar. Alınmadı, çünki iqtisadiyyatın ümumi durumu, Qərbin sanksiyaları, dünya bazarında neft qiymətinin düşməsi və MALİYYƏ BAZARIndaki ajiotaj buna imkan vermədi. Sonra hökumət siyasətini dəyişib vəziyyətdən heç olmasa daha az itki ilə çıxmaq qərarı verdi. Amma bu artıq başqa hekayədir. İndi sözüm ondadır ki, Rusiyada bizdən fərqli olaraq maliyyə bazarı var və milli valyutanın məzənnəsi orada müəyyən olunur. Doğrudur, Mərkəzi Bankın intervensiya etmək imkanları var. Lakin o, bizdə olduğu kimi milli valyutanın məzənnəsini təkbaşına müəyyən etmir. Məzənnə ilk növbədə maliyyə bazarından asılıdır.
Bir çox ölkədə qara gün kimi dəyərləndirilən milli valyuta devalvasiyaları olub. Məsələn İnqiltərədə bu günü "qara çərşənbə", Rusiyada isə "qara çərşənbə axşamı" adlandırıblar. Başqa nümunələr də var. Sadəcə sözüm ondadır ki, bu ölkələrdə milli valyuta dəyərdən düşəndə, bu maliyyə bazarında baş verirdi. Hökumətlər isə yalnız səhv iqtisadi siyasətə görə cavabdeh idilər. Demokratik ölkələrdə isə hökumətlər bir çox halda hətta istefaya getmək məcburiyyətində qalıblar.
Hətta Rusiyada "oğru və dələduz" adlandırılan iqtidar da Əliyev hakimiyyəti kimi davranmayıb. Dediyim kimi, onların belə davranmaq imkanı da olmayıb, çünki maliyyə bazarı deyilən bir şey var. Bizdə isə maliyyə bazarı da, Mərkəzi Bank da, dövlət büdcəsi də, ölkənin valyuta rezervləri də bir nəfərə bağlıdır – Prezidentə.
Heç bir ölkədə (geridə qalmış Afrika ölkələrini nümunə kimi götürməsək!) dövlət başçısı özbaşına, əvvəlcədən cəmiyyəti xəbərdar etmədən qərar verməyib. Hətta bunları da qoyaq kənara. Bizdə devalvasiya qərarından 10 gün əvvəl prezidentin özü və hökumət nümayəndələri açıq şəkildə manatın məzənnəsində dəyişiklik olmayacağını demişdilər. Bunu sübut edən 100 minlərlə, bəlkə milyonlarla insanın izlədiyi video kadrlar var.
Bir sözlə hökumətin qərarından cinayət iyi gəlir. İndi özünüz düşünün, əgər rus iqtidarı "oğrular və dələduzlar"dısa, onda bizimkiləri necə adlandıraq?
Yazı müəllifin facebook səhifəsindən götürülüb


