Media rəhbərləri Məmmədyarovun cavabını verdi

XIN başçısının ABŞ-da müstəqil medianı “topa tutması” etirazla qarşılandı

Mətbuatdan bəlli olduğu kimi, xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın düşüncə mərkəzi olan “Atlantik Counsil”də keçirilən tədbirdə iştirak edib. Fəqət o, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti barədə çətin suallarla üzləşib. Bir sıra sualları cavablandıran nazirin çıxışında maraqlı bir detal, Azərbaycanda müxalifyönlü mətbuatın azadlığı barədə olub. E.Məmmədyarov müxalifətin tənqidlərindən təngə gəldiyini söyləyərək, özünün bir ictimai fiqur kimi, müxalifət qəzetlərində hər şeyə görə tənqid obyekti olduğunu bildirib.

Lakin XIN sözçüsünün mətbuatda onun özünün dediyi kimi, “hər şeyə görə” tənqid olunması faktı, demək olar, yoxdur. Müxtəlif informasiyalarda mətbuatın gündəminə gələn xarici işlər naziri yalnız informativ məsələlərdə görünür. Bu mənada, müxalifət mətbuatının gündəmində E.Məmmədyarovun adı tənqid hədəfi kimi hallandırılmır.

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev öncə qeyd etdi ki, Azərbaycanda müxalifət-iqtidar qəzetləri olsa da, müstəqil qəzet yoxdur. Bunun böyük problem olduğunu söyləyən Mehman bəy, həmin məqamı söz azadlığı vəziyyətinin göstəricisi hesab etdi: “Mətbuat bazarını nəzərdən keçirsək, orada müxalifət qəzetlərinin payı cəmisi 1 faiz olmaz. Belə bir vəziyyətdə biz hansı plüralizmdən danışa bilərik? Azərbaycanda informasiya plüralizmi təmin olunurmu və buna imkan yaradılırmı?”.
M.Əliyev Azərbaycanda informasiya monopoliyasının olduğunu qeyd edərək gerçək bazarın hər mənada qeyri-azadlığını vurğuladı. E.Məmmədyarovun müxalifət mətbuatında adının hallandırılmasına gəlincə, Mehman bəy bunu nazirlə bağlı ictimai rəyin formalaşdırılması faktı kimi qəbul etmədi. M.Əliyev nazirin tənqiddən təngə gəlməsi məqamına diqqət edərək, bununla əslində, ölkədə söz azadlığı və plüralizmin yoxluğunun real vəziyyəti əks etdirdiyini söylədi.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevə görə, xarici işlər naziri Azərbaycanda demokratiya, söz azadlığı barədə danışır, digər tərəfdənsə müxalifət mətbuatının ona qarşı kampaniya apardığından şikayətlənir. Rahim bəyin qənaətincə, əslində XIN sözçüsünə qarşı hansısa ciddi kampaniya yoxdur və “Azadlıq” qəzeti olaraq bununla bağlı iş aparılmır: “Digər tərəfdən, vəzifəli şəxs ona görə vəzifə tutmur ki, kimsə onu narahat etməsin və o, daim təriflənsin. O ki qaldı bilavasitə E.Məmmədyarovun rəhbərlik etdiyi orqanın fəaliyyətinə, qeyd edim ki, Azərbaycanın son dönəmdə xarici siyasətində böyük uğursuzluqlar var. Hamı da buna şahid olub. Bu baxımdan, istər E.Məmmədyarov, istərsə də Azərbaycanın xarici siyasətinə cavabdeh olan şəxslərin, hətta ən sərt şəkildə tənqid olunması belə, tamamilə əsaslıdır. Çünki Azərbaycan dövləti və E.Məmmədyarovun apardığı xarici siyasət nəticəsində ölkə çıxılmaz vəziyyətə düşüb”.
R.Hacıyev vurğuladı ki, bu günə qədər Azərbaycanla münasibətlərinin müsbət olduğunu söyləyən Rusiya artıq bizi hədələməyə başlayıb. Halbuki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə olduğundan fəxrlə danışanlar bəyan edirdi ki, Qarabağ probleminin həllində Rusiya bizə ciddi dəstək verəcək. Bu məqamda bir neçə gün öncə Rusiya hökumətinə yaxın olan şəxslərdən, politoloqlardan birinin Naxçıvan məsələsiylə bağlı Azərbaycanı çox açıq şəkildə hədələdiyini də yada salmaq yerinə düşər: “Bütün bunlar göstərir ki, Azərbaycan hakimiyyəti və xarici siyasət işləriylə məşğul olan şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz çox pis vəziyyətə düşüb”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu söylədi ki, E.Məmmədyarov Amerikada müəyyən qədər demokratik xarakterli şəxs kimi görünmək istəyib: “XIN rəhbəri bildirmək istəyir ki, müxalifət mətbuatı onu tənqid etsə də, o, heç bir reaksiya vermir və bu məsələyə dözümlü yanaşır. Hesab edirəm ki, bu, şişirtmədir. Azərbaycan xarici siyasəti daha yuxarıda müəyyənləşdirilən bir ölkədir. Bu baxımdan, hamı bilir ki, E.Məmmədyarov xarici siyasətdə bir ifadəçidir. Xatırladım ki, ”Gündəlik Azərbaycan”la “Realnıy Azərbaydjan” qəzetlərinin məhkəmə işində E.Məmmədyarovun danosu və məhkəməyə müraciəti var. Bunu hamı bilir. Məsləhət görərdim ki, E.Məmmədyarov şikayət və ritorikasında ehtiyatlı olsun”.

Nigar