Vaqif Xalıqov Razi Nurullayevə cavab verdi

AXCP Suraxanı rayon təşkilatının keçmiş sədri Vaqif Xalıqov, Razi Nurullayevin onun haqqında dediklərinə sərt reaksiya verib. Xatırladaq ki, Razi Nurullayev dünən keçirdiyi mətbuat konfransında Vaqif Xalıqovu şöbə sədrliyindən Əli Kərimlinin qovduğu haqda həqiqətə uyğun olmayan fikir səsləndirib və bunu AXCP-də yaşlı insanlara mənfi münasibətin göstəricisi kimi dəyərləndirib. Vaqif Xalıqovun "Azadlıq" qəzetinə göndərdiyi bəyanatı təqdim edirik: 

"Bir neçə gün öncə AXCP sədri Əli Kərimlinin sərəncamı ilə sədrin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev,  öz çıxışları, bəyanatları ilə artıq bütün mənəvi sərhədləri aşıb. Görünür, AXCP sədri keçmiş müavini Razi Nurullayev haqda daha ciddi məqamda, hakimiyyətlə əməkdaşlığın daha “məhsuldar” vaxtında qərar verib. Razi Nurullayev isə öz ifşasını müxtəlif yollarla kölgədə qoymaq, ictimaiyyətin diqqətini hadisənin mahiyyətindən yayındırmağa çalışır. Razi Nurullayevə görə, partiyada yaşlı nəsil sıxışdırılır, onların tələblərinə məhəl qoyulmur. Bu xüsusda mənim də adımı hallandıran Razi Nurullayev, bir daha yanıldığını göstərmiş olub. Belə ki, cənab Nurullayev, məni partiyada baş verən gəncləşmənin “qurbanı” sayır və sədrlikdən qovulduğumu bildirir. Bəyan edirəm ki, mən AXCP Suraxanı rayon təşkilatı sədrliyindən könüllü istefa vermişəm və  sədrimiz Əli Kərimli də qərarımı anlayışla qarşılayıb. Hətta istefamdan sonra Əli Kərimlidən dəfələrlə partiyanın daha yuxarı strukturlarında təmsil olunmağım haqda təkliflər almışam. Lakin mənim üçün partiyanın hansısa strukturunda yox, AXCP sıralarında təmsil olmaqdır önəmli olan. Bir daha bəyan edirəm ki, cənab Nurullayevin mənim haqqımda dediklərini qətiyyətlə rədd edirəm və AXCP haqda həqiqətə uyğun olmayan fikirləri, şər-böhtan dolu açıqlamaları dayandırmağı tələb edirəm".