Hakimiyyət dələduzları…

Yaxud, dələduzlar hakimiyyəti

Vətəndaşların üzləşdiyi başlıca qanunsuzluğun dələduzluq olmasını Prezident Administarsiyası bir daha doğruladı. Dələduzluğun özünün “baş”dan qaynaqlandığı, hakimiyyətin mahiyyətindən doğduğu “başlarına gələnlərdən başmaqçı olanlar” yaxşı bilir.
…3 il öncənin yaz günlərindən birində ölkədən qıraqda müalicəyə ehtiyacı olan Qarabağ əlilinin ailə üzvü Zahid Bədəlova zəng edən Xətai icra şöbəsinin icra məmuru Kamil Əliyev borc adına ortalıq 3 min manatı “görüşüb” azalda biləcəyini deyib. Məhkəmənin qərarını tələb edəndə isə onu elə məhkəmədən almağı məsləhət bilib. Xətai Rayon Məhkəməsi isə 07.12.2012-ci il tarixli məktubla Zahid Bədəlova qarşı heç bir iddia ərizəsinin məhkəməyə daxil olmadığını bildirəndə, icra məmurunun qanunsuzluğu üzə çıxıb. Ali hakimiyyət orqanlarına edilən şikayətlər qanuna zidd olaraq barəsində şikayət edilən quruma göndərildiyindən icra məmuru Kamil Əliyev daha da aqressivləşib və “borclu”nu çağırıb məhkəmə qərarı olmadan polislə həbs edib, min manat qarşılığında azad ediləcəyini bildirib. 102, 161 “Qaynar xətt”lərinə zəng edəndən sonra şəxsiyyət vəsiqəsi girov saxlanılaraq sərbəst buraxılıb (1 il keçsə də hələ də vəsiqə qaytarılmayıb). 
Elə həmin gün – 21.02.2014-cü il tarixli protokol əsasında 08.04.2012 tarixli məhkəmə qətnaməsini icra etmədiyinə görə Xətai məhkəməsinin hakimi Bəxtiyar Məmmədov onu 500 manat cərimə edib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Camal Ramazanov da 02.05.2014 tarixli qərarla bunu qüvvədə saxlayıb. Hər iki qərar indiyə kimi rəsmi olaraq vətəndaşa verilməyib və heç bir hüquq qüvvəsi yoxdur. Çünki vətəndaşdan icrası tələb edilən 08.04.2012 tarixli qətnamə(bu tarix bazar gününə düşdüyündən hakim Raziyə Ataşova “04"-ü ”05"-lə əvəzləyib) qanuni qüvvəsini almayıb!!! Həmin saxta, 2 il qabağa tərtib olunan qətnamə “cavabdeh”ə 31.03.2014-də göndərilib və ondan şikayət verilib. Xətai məhkəməsi şikayəti müddətin buraxılması bəhanəsilə geri qaytarsa da, Bakı Apelyasiya Məhkəməsi bu qərardadı ləğv edib və tərəfə hansısa bildirişin və s. məhkəmə sənədinin verilməsinin sübut olunmadığını qərara alıb. 
Yuxarı instansiyanın göstərişini məcburən yerinə yetirən Xətai Rayon Məhkəməsi 2014-ün iyununda şikayəti yenidən Apelyasiya Məhkəməsinə göndərib. Və… bəlli olub ki, iş üzrə, ümumiyyətlə, iddiaçı yoxdur!(???). Dələduzluğa fikir verirsiniz? Iddiaçı-sifarişçi qismində elə saxta icra sənədi tərtib edən icra şöbələri çıxış edib. Belə ki, ərizədə iddiaçı “Atəşgah” sığorta şirkəti göstərilsə də, onu imzalayan “Mitra” MMC-nin müdiri Muxtar Şiriyev olub. Ümumiyyətlə, iddia ərizəsində “Atəşgah”ın hüquqi ünvanı kimi göstərilən ofis mövcud deyil və olsa da şirkətin belə hüquqi ünvanı yoxdur. Elə bu dələduzluq faktına qanuni don geyindirmək üçün Bakı Apelysiya Məhkəməsində işə baxılmasına qoymayıblar. 4 aydan sonra Bakı Apelyasiya Məhkəməsinin ümumi şöbəsini müdiri Ələkbər Həsənov qətnaməni göndərməkdən imtina edərək 20.10.2014-cü il tarixli qətnamə ilə cavabdehin şikayətinin təmin olunmadığını bildirib.
Hansı vicdansız heyətin aktı qəbul etməsi, niyə bildiriş verilməməsi dəfələrlə tələb olunsa da, “məhkəmə-kommersiya sirri” kimi açıqlanmır. Bakı Apelyasiya Məhkəməsinin təşkilat şöbəsinin müdiri vəzifəsini icra edən Aftandil Vahabov yazıb ki, 3 il qabaqkı saxta iddia ərizəsində göstərilən ünvana 2 dəfə bildiriş, 3-cü dəfə qətnamə göndərilib və hər dəfə də poçtun “köçüb” qeydilə geri qaytarılıb… Özbaşınalığa, insan hüququna tüpürməyə fikir verin! Vətəndaşa qarşı iddia olmadığı halda 3 min manat borclu edilib, 15 min manatlıq maşınına, özünə həbs seçilib, saxta da olsa qətnamə qanuni qüvvəsini almamış 500 manat cərimə edilib, amma yuxarı instansiya apelyasiya şikayətinə baxmağa da vətəndaşı bilərəkdən tapmır!(??). Bilə-bilə ki, həmin ünvandan “köçüb” nəyə görə 3 dəfə ora “məhkəmə sənədi” göndərilib? 
08.05.2012-ci il tarixli qətnamə ilə borclu edilən cavabdehin eyni tarixli qərardadla maşınına həbs qoyulması harada görünüb? Yəqin elə buna görə də Ədliyyə Nazirliyinin  əməkdaşı(Anar Cəfərov) Qarabağ əlilini çağırıb təqdim etdiyi sənədlərin içərisindən qərardadı “çırpışdırıb” ki, maşına həbs 22.07.2012-ci il tarixli qərardadla (hakim Rauf Tağı oğlu Əhmədov) qoyulub. Analoqu olmayan məhkəmə özbaşınalığına baxın: qətnaməni çıxaran hakim (Raziya Ataşova) həmin tarixdə də qətnamənin mürəkkəbi qurumamış qərardadla icraya yönəldib və maşına həbs qoyub, başqa hakim isə ona aid olmayan qətnamənin icrasını eyni maşına həbs qoymaqla tələb edib. Yuxarı instansiya isə şikayətdə göstərilən ünvanı görməzliyə salıb dələduzluğa haqq qazandırır. Dələduzluq instansiyalarına “Atəşgah”ın zərərlərin tənzimlənməsi departamentinin müdiri Vüqar Süleymanov da öz “töhfəsini” borcludan Xətai RIH-ə donos yazmaqla verib. “Atəşgah”ın N.B.Yusifbəyli ünvanından donos yazan V.Süleymanov təmsil etdiyi şirkətin ünvanının A.Qurbanov-1 olmadığını bilmir?
Icra şöbələrinin, məhkəmələrin, sığorta agentlərinin dələduzluqları insanları cana yığıb. Prokurorluq orqanlarının, Ombudsmanın, Məhkəmə Hüquq Şurasının isə məhkəmə qərarlarının qanuniliyini yoxlamaq hüququ yoxdur! Belə çıxır, dələduzluq, hakimiyyətin məhkəmə qərarları ilə mənimsənilməsi YAP hakimiyyətinin qanuni haqqıdır?!
…Konstitusiya Məhkəməsi niyə susur? Yoxsa, məmurların dələduzluq hüququ qanunla qorunur?! Getdikcə buna daha çox inanırıq…
M.Ağsu