Mağazalarda qiymətlər kəskin bahalaşıb; bəzi yerlərdə satış dayandırılıb; Deputatlar baş verənlər barədə nə deyir?
Bakıda manatın dollara nisbətən 35 faiz dəyərini itirməsi nəticəsində bir çox dükan və mağazalarda məhsulların qiyməti kəllə-çarxa qalxıb. Əsas artım siqaret, qənd, şəkər tozu, çay, uşaq qidaları və s. kimi gündəlik tələb olunan məhsullarda müşahidə edilir. Şikayətlərdən bəziləri kiçik marketlərlə yanaşı, supermarketlərdən də edilir. “Favorit”, Bakıxanov qəsəbəsində “Sərham”, Əmircan əsəbəsində “Ballı market”, Binəqədidə “Anar”, Sabunçuda “Bolluq”, marketlərdə şikayətlər edilib. Bundan başqa, Biləcəridə də bəzi mağazalarda artım müşahidə edilir.
Müqayisə üçün deyək ki, əgər toyuq ətinin qiyməti artımadək 2,70 qəpik idisə, dünəndən başlayaraq 3,90 manata qalxıb. Siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik artım olub. Bazarda yaranan gərginliklə əlaqədar topdansatış məntəqələri bağlanıb.
Bazarlarda da vəziyyət daha acınacaqlıdır. “Yaşıl bazar”, 8-ci kilometr və Biləcəri bazarlarında qiymətlər kəllə-çarxa qalxıb. Bazarlarda 70 qəpiyə satılan kartof 1 manata, 40 qəpiyə satılan soğan isə 80-90 qəpiyə qalxmışdı. Alıcılar isə qiymətlərin qəfil qalxmasından çox narahat idilər(anspress.com).
Milli Məclisdə manat müzakirələri
Mərkəzi Bankın manatla bağlı verdiyi qərar və bundan sonra baş verənlər parlamentin dünənki iclasında da müzakirə mövzusu olub.
APA-nın məlumatına görə, deputat Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu bildirib. O yaranmış vəziyyətdən sui-istifadə hallarından vətəndaşların təlaş keçirdiyini deyib: “Hökumət antiböhran proqramını işə salmalıdır”.
Deputat Milli Məclisin müvafiq komitəsində müzakirələr aparmağın vacib olduğunu da bildirib.
Deputat Iqbal Ağazadə isə Mərkəzi Bankın manatın kursunun sabit saxlanılacağı barədə özünün yaydığı press-relizin əleyhinə qərar verdiyini deyib. O, baş verənlərin bahalaşmaya səbəb olduğunu, əhalinin bundan narahatlıq keçirdiyini bildirib. Deputat qeyd edib ki, bahalaşmaya görə vətəndaşlara kompensasiya verilməlidir.
Zahid Oruc isə deyib ki, Mərkəzi Bankın qərarını millətin mənafeyinə uyğun hesab edir: “Maksimum bir ay ərzində onlar da Mərkəzi Bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq şəkildə müdafiə edirəm”.
Spiker Oqtay Əsədov deyib ki, əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənlər yalandır: “Son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Dünyada ciddi proseslər gedir, bilmək olmur ki, sabah nə baş verəcək. Həmçinin nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?”
Deputat Siyavuş Novruzov isə deputat həmkarlarını populizmdə qınayıb: “Bu məsələdə populizmlə ehtiyac yoxdur. Hökumət özü mart ayında hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək”.
Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi, amma bu devalvasiya yumşaq formada olmalıydı: “Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, manatı uzun müddət sabit saxlayırdı. Devalvasiya tədricən olmalıydı, 2014-cü ilin əvvəlində başlamalıydı. Təəssüf ki, manat birdə-birə 33 faiz dəyərdən düşdü. Bu vəziyyətdə süni qiymət artımı halları baş verir və verəcək. Hökumət süni qiymət artımının qarşısını almalı, bununla əlaqədar proqram hazırlanmalıdır. Bundan başqa, əmanətlərin qorunması yollarından istifadə olunmalıdır. Dollarla kredit götürən sahibkarlar var, onların kreditləri qaytarmalarında problemlər ola bilər. Bu baxımdan da hökumət antiböhran tədbirlərini hazırlayıb, qısa müddətdə həyata keçirməlidir”.
Deputat Ziyad Səmədzadə isə bildirib ki, manatın devalvasiyası səbəbindən qiymət artımı ilə bağlı məsələlər həll edilməlidir: “Amma bu, antiböhran tədbirləri deyil, sadəcə, qiymət artımının qarşısının alınmasına yönəlmiş addımlardır. Azərbaycanda 500-dək kiçik orta müəssisə yaradılacaq, manatın devalvasiyası isə ixrac potensialının artmasına kömək edəcək. Vaxt olub ki, Azərbaycan 4 rəqəmli inflyasiyadan 1 rəqəmli inflyasiyaya keçidi təmin edib. Ümid edirəm ki, Azərbaycan indi də bu vəziyyətdən uğurla çıxa biləcək”.
Dollarla krediti və manatla əmanəti olanlar nə etməlidir?
Manatın ucuzlaşması dollarla krediti və milli valyuta ilə əmanəti olanlar üçün müəyyən problemlər yaradıb. Iqtisadçı ekspert Qubad Ibadoğlu dollarla krediti və manatla əmanəti olanlara problemlərinin hecə həll etmək barədə “Azadlıq”a açıqlama verib. Qubad Ibadoğlu əvvəlcə hüquqşünasların dollarla olan kreditlərin ödənilməsi barədə şərhlərinə aydınlıq gətirib: “Onların istinad etdiyi Mülki Məcəlləninin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Təəssüf ki, hüquqşünaslarımız məhz bu maddənin təsvirində yalnışlığa yol verirlər. Baxmayaraq ki, orda aydın şəkildə yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni Mərkəzi Bankın faizlər və əsas borc ödənilən günə olan rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki, dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən yeni məzənnə ilə ödəniş aparmalıdırlar. Odur ki, bu maddəni kənara qoyaq, o işə yaramır.
Iqtisadi məntiqə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqli olmalıdırlar, çünki, yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Fikrimizcə, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Eyni zamanda mənim tanış olduğun bəzi kredit müqavilələrində göstərilir ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmaldır. Odur ki, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırki situasiyada optimal qərarlar verməkdə maraqlı ola və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıra bilərlər".
Qubad Ibadoğlu manatla əmanəti olanların nə etməli olduğu barədə isə bunları deyib: “Manatla əmanəti olanlara da tövsiyə etmək istəyirəm ki, onlar da yuxarındakı maddələlərə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. Indiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək.
Odur ki, ilk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün kütləvi daxil olan müraciətlərə adekvat reaksiya vermək məcburiyyətindədirlər. Çünki, bu onların da marağındadır".
Üç bank kreditlərin ödənilməsi şərtini açıqladı
“Dollarla kredit götürən vətəndaşlar ödənişlərini dollarla da edəcəklər”. Bu sözləri isə Axar.az-a açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyib.
Onun sözlərinə görə, dollarla kredit götürən vətəndaş ödənişi dollarla, manatla götürənlər isə manatla edəcəklər:
“Bankdan kredit götürən vətəndaş kredit borcunu dolların ödəmə gününə olan məzənnəsinə uyğun ödəməli olacaq. Əgər həmin gün yarım qəpik belə fərq olarsa, onda bu, ödəniş məbləğinə də sirayət edəcək. Banklara manatla qoyulan əmanətlərə gəldikdə isə məsələn, bir illik müddətə qoyulan əmanətlərin faizləri hesablanacaq və əmanətlərin müddəti bitdikdə vətəndaş qoyduğu əmanəti və faizlərini götürə biləcək. Yəni vətəndaşın bankda 1000 manat əmanəti varsa, o, 1000 manatını və buna hesablanan faizlərini olduğu kimi götürə biləcək. Qeyd edim ki, əmanəti dollarla qoyubsa, onda dollarla da götürəcək. Bu, toxunulmazdır”.
Sözügedən məsələ ilə bağlı “Parabank”ın filialların idarə edilməsi və satış departamentinin direktoru Cəlal Nağıyev bildirib ki, kredit götürən vətəndaş kredit borcunu hansı valyuta ilə götürübsə, onunla da qaytarmalıdır: “Yəni köhnə qayda ilə kredit götürən vətəndaş hazırda dolların kursu qalxdığından indi daha çox ödəməli olacaq. Bu proses kütləvi şəkildə narahatlığa səbəb olub və bu yöndə hələlik banklar da gözləmə mövqeyi tutur. Kompromisə getməyə və ortaq dil tapmağa çalışacağıq. ”Parabank" olaraq vətəndaşlar üçün əlimizdən gələn qədər güzəştlər etməyə çalışacağıq. Dollarla depozitləri olan vətəndaşlara deyə bilmərik ki, əmanətlər köhnə kursla veriləcək. Əgər vətəndaşın bankdakı depoziti dollarla olsa, əlbəttə ki, o, bunun köhnə kursla qaytarılmasını istəməzdi. Çünki belə olduqda kurs çox aşağı olacaq. Vətəndaş banka pulunu dollarla qoyubsa, manatın kursu düşdüyündən o, istəyər ki, pulu dollarla qaytarılsın. Bu risk həmişə var. Banklarda manatla olan əmanətlərin tənzimlənməsinə gəldikdə isə qiymətlər dollara nisbətən qalxacaq. Bir-iki həftəyə hər şey daha aydın şəkildə məlum olacaq. Hər şey bu müddət ərzində dolların stabilləşib-stabilləşməyəcəyindən asılıdır. Bizim özümüz belə bu prosesdə nə qədər ziyana düşmüşük".
“Unibank” dollarla krediti və manatla əmanəti olan vətəndaşların hazırkı vəziyyətə uyğun bu probleminə belə aydınlıq gətirib: “Əgər vətəndaş əvvəl 100 dollar kredit ödəyirdisə, yenə eyni pulu ödəyəcək və bu, manatın kursu ilə 105 manat edir. Manatla olan kreditlərdə isə heç bir fərq yoxdur”.


