“Dərd gələndə batmanla gələr” deyirlər. Əvvəl dollar rüzgarı, sonra da qar rüzgarı bircə günün içində ölkəni şok vəziyyətinə salmağa yetdi. Heç bir gözlənilməz çalxanmaya hazır olmayan hökumət başını itirmiş duruma düşdü. Qar istədiyimizə də peşman olduq. Sular kəsildi, qazlar getdi, işıqlar söndü. Indi bilmirəm, bu lənəti qarın üstünə yazaq, yoxsa yarıtmaz hökumətin üstünə. Amma nə qar, nə bahalaşma… Guya birmənalı olaraq dar macalda bütün əyər-əskiklərin gəlib bizim canımızdan çıxacağını bilmirik ki?..
Dollar rüzgarı həqiqi mənada kökündən vurmağa başlayıb. Iqtisadçı alim Vahid Məhərrəmovun iki gün öncə FB səhifəsində yazdığı proqnoz heç özünü 3 gün də gözlətmədi. Onun ərzaq məhsullarının 30% bahalaşacağı ilə bağlı yazdıqları düppədüz çıxdı. Dünən səhər mağazaya düşdüyümdə siqaret satışının dayandırıldığına şahid oldum. Satıcı mal sahibinin yeni qiymət qətiləşməyənə qədər satışa icazə vermədiyini açıqladı. Sonra da əlavə etdi ki, bütün məhsullara 30% artım olacağı haqda xəbərdarlıq alıb. Bir sözlə, yaxın günlərdə ən xoşagəlməz sürprizlərlə qarşılaşacağımıza heç şübhə yeri yoxdur.
Illərdir hay-haray salıb, xəbərdar etmək üçün dəridən-qabıqdan çıxdığımız adamlar da artıq dilə gəlib deyəsən. Səhər-səhər mağazada alıcılardan “millət ayağa qalxmalıdır” sözlərini eşidəndə, anladım ki, deyəsən insanlar aclıq təhlükəsi vahiməsi yaşamağa başlayıb. Heç zarafatı da yox, durum gerçəkdən ciddidir. Yaxın zamanda misli görünməmiş qiymət artımının olacağı kimsəyə sirr deyil. Elə o üzdən də, gözünü aylıq maaşa dikib gününü birtəhər yola verməyi gözləyən insanların panika içində olması tam başadüşüləndir.
Neçə vaxtdır “barı bircə dəfə qar yağsın” deyirdik. Qarın yağması ilə batan kommunal xidmət sistemi onun zövqünü də, keyfini də tamam qaçırdı. Amma qarın dərdi asandır, bir gün keçməz, son damlasına qədər əriyib gedər. Guya qar olmayanda, vecsiz hökumət qurumları gecə-gündüz bizim komfortumuz üçün çalışırdılar. Guya adi vaxtlarda bütün məişət ehtiyaclarımız heç bir problem yaşanmadan təmin olunurdu. Guya bu ölkədə hansı günümüzü haram etmirlər ki, zövq duya biləcəyimiz qarlı günümüzü də etməsinlər? Xalq arasında boşuna demirlər ki, ara qarışında, ortada yetimin ayağı qırılar. Illərdir talançılıq siyasəti ilə ölkəni bərbad günə qoymuş hökumət hər dəfə bütün kəsirləri xalqın qabığından çıxarır. Kommunal xidmətin normal işinə ən çox ehtiyac duyulan bu şaxtalı günlərdə, insanların qazını-işığını kəsib onları soyuqda buraxmaq aydın göstərici deyilmi?
ısası, deyəsən hökumətin bahalaşma sınağı elə bu qarla başladı. Ölkənin milyonlarla insanını dondurmaq bahasına qənaət siyasətinə start verilməsi qarşıda bizi nələr gözlədiyinin siqnalıdır. Vahiməli olsa da bilməliyik ki, bu ağır günlərin bütün yükü xalqın çiyninə düşəcək. Iqtisadi sıxıntıları çəkmək, daha kasıb süfrə ilə kifayətlənmək, talançı hökumətin miras buraxdığı kəsirlərin yerini doldurmaq da bizlikdir. Heç etiraz etməyin, vaxtında səs çıxarmaq, tələb etmək, haqq üçün dirənmək lazım idi. Indi isə istəsəniz də, istəməsəniz də bu belə olacaq. Hərçənd, ölkəni bu depressiya durumuna gətirib çıxaran hökumətin siyasətinə vaxtında “yox” demək şansınız vardı. O şansınızdan hər zaman yararlana bilərsiniz, xeyli gecikmiş olsanız da…