Xırdalandakı yol ötürücüsü qısa müddətdə ikinci dəfədir ki, təmirə dayanıb
El sınağına görə, 13 nəhs rəqəmdir. Ancaq düşünmək olmaz ki, Xırdalan dairəsində 13 fevral 2009-cu ildə Ilham Əliyevin təmtəraqla açılışını etdiyi yol ötürücüsünün “həftə səkkiz mən doqquz” uçub-tökülməsi bu nəhs rəqəmlə əlaqədardır. Üzərində qızılı hərflərlə “Bu yol ötürücüsü Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin sərəncamı ilə inşa edilmişdir; iyun 2008 fevral 2009″ yazılan yol ötürücüsü 10 günə yaxındır ki, əsaslı təmirə dayanıb.
Yada salaq ki, yol ötürücüsünün açılışından heç bir il keçməmiş o, bərbad hala düşmüşdü. Onun mərmər örtükləri töküldüyündən, sökülərək yenidən bərpa işləri aparılmışdı. Ancaq göründüyü kimi, həmin bərpa effekt verməyib…
Batan milyonlar
Rəsmi məlumatlara görə, “Akkord Inşaat-Sənaye”nin tikdiyi yol ötürücüsünün uzunluğu yanaşma yollarla birlikdə 700, eni 20, tunelin hündürlüyü 5 metrdir. 4 hərəkət zolaqlı tunelin uzunluğu 50, istinad divarlarının uzunluğu isə 440 metrdən çoxdur. Tikinti zamanı bura 4720 kvadrat metr qranit üzlük döşənib, 400 paqonnometr paslanmayan materialdan məhəccər quraşdırılıb, 1150 kvadrat metr sahədə xaricdə istehsal edilən alkapondan istifadə olunub. Tunelin üzərindəki nəqliyyat düyünündə isə 32 ədəd müxtəlif işıqlandırma cihazları quraşdırılıb.
Indi nə üzlük daşlardan, nə məhəccərdən, nə alkapondan, nə də işıqlandırma cihazlarından əsər-əlamət qalıb… Milyonlarla manat büdcə pulunun sərf olunduğu yol ötürücüsünü yenidən mərmərlə döşəyib, işıqlandırırlar.
İşin keyfiyyəti fəhlənin keyfiyyətli təminatından da asılıdır
Yol ötürücüsünün mərmər örtükləri bir ucdan sökülür. 6 nəfərlik fəhlə dəstəsi isə yeni örtükləri döşəyir. Sökülən yararsız məmərlər isə yaxınlıqdakı bir çökəyə daşınır. Biz reportaj yerinə çatanda günorta saat ikinin yarısı idi. Işçilərdən bu istidə niyə nahara buraxılmadıqlarını soruşdum. “Edəcəyik də…” cavabını verdilər. Bu qısa cavab əslində, körpülərin, yol ötürücülərinin bivaxt uçub tökülməsinin səbəbini açır. Əlbəttə, naharı, istirahəti vaxtında etməyən fəhlənin gördüyü işin keyfiyyətindən danışmaq da çətin məsələdir.
“Kitayski” iş
Yenidənqurma işlərini də “Akkord” şirkəti həyata keçirir. Özünü təqdim etməkdən çəkinən iş icraçısının bildirdiyinə görə, təxminən bir aya yenidənqurmanı yekunlaşdıracaqlar.
Bəs bu təmirlərə niyə belə tez-tez ehtiyac yaranır? Bu suala həmsöhbətimizin cavabı gözlənilən oldu. O, bildirdi ki, burada qəribəlik, sirr axtarmaq lazım deyil. Iş son dərəcə keyfiyyətsiz görüldüyündən bu durum yaranıb: “Bu işi ucuzluğuna görə çinlilərə gördürmüşdülər. Onlar da işi ”kitayski” yola veriblər”.
Natiq