Görüşdə ATƏT, AŞ, AB, ABŞ, İngiltərə, Türkiyə, Polşa, Almaniya və Fransa səfirlikləri təmsil olunub
Ötən gün Qərb ölkələrinin diplomatları ilə Ictimai Palata təmsilçiləri arasında görüş olub. Görüş Müsavat Partiyasının mərkəzi qərargahında keçirilib. Saat 16.30-da başlayan görüş 18.00 radələrində başa çatıb.
Ictimai Palatanı qurumun Koordinasiya Şurasının üzvləri, AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, publisist Mehriban Vəzir, hüquqşünas Vidadi Mirkamal və politoloq Zəfər Quliyev təmsil ediblər.
Görüşə gələn diplomatlar isə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, Avropa Şurasının Bakıdakı rəhbəri, eləcə də Avropa Birliyinin, ABŞ, Ingiltərə, Türkiyə, Polşa, Almaniya və Fransa səfirliklərinin siyasi işlərdən sorumlu nümayəndələri olub.
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel görüş barədə məlumat verərək bildirib ki, toplantı Ictimai Palatının təşəbbüsü ilə keçirilib və müzakirə mövzusu əsasən Ictimai Palatanın hazırladığı “Demokratiyaya keçidin yol xəritəsi” adlı sənəd olub. Bundan başqa, görüşdə Azərbaycandakı ictimai-siyasi durum da müzakirə edilib.
AXCP sədri Əli Kərimli də diplomatlarla görüş zamanı ölkədəki ictimai siyasi vəziyyətin müzakirə olunduğunu bildirib. Görüşdə Azərbaycan müxalifətinin əsas təşkilatı olan Ictimai Palatanın ölkədə ciddi dəyişiklikləri özündə əks etdirən “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsi” adlı sənəd diplomatlara təqdim olunub.
Əli Kərimlinin sözlərinə görə, görüş zamanı Azərbaycan müxalifətinin ölkədə zəruri gördüyü islahatlar barədə fakir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycanla Qərb ölkələri və beynəlxalq təşkilatlarla münasibətlərin perspektivləri, hüquq və azadlıqların durumu, siyasi məhbsuların taleyi, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması müzakirə mövzusu olub.
Müsavat başqanı Isa Qəmbər görüşün maraqlı keçdiyini, kifayət qədər geniş və hərtərəfli söhbət aparıldığını bildirib. Onun fikrincə, görüş Azərbaycanın Avropaya inteqrasiyası və ölkəmizin demokratik inkişafına töhfə verəcək.
Siyasət şöbəsi