Əli Kərimli Asif Yusiflini təbrik etdi

“Siz azadlıq və ədalət axtarışına çıxmış minlərlə gənc üçün nümunəsiniz”

AXCP sədri Əli Kərimli siyasi məhbuslardan biri, Qarabağ qazisi, partiyanın Rəyasət Heyətinin üzvü Asif Yusiflini doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Asif bəy Yusifli, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxtlik və tezliklə azadlığa çıxmağınızı arzu edirəm.

Çox təəssüf edirəm ki, ad gününüzü ailənizdən, dostlarınızdan, əqidədaşlarınızdan kənarda, şərlənərək atıldığınız məhbəsdə keçirirsiniz. Asif bəy, siz hər zaman millətimizə təmənnasız xidmət etdiniz. Qarabağa döyüşməyə könüllü gedəndə də, gənc yaşlarınızdan AXCP sıralarında xalqımızın hüquqları uğrunda mübarizənin ön cərgəsində olanda da hər şeyi təmənnasız, millətimizin naminə etdiniz. Vətən qarşısında borcundan şərəflə çıxmış bir Qarabağ qazisi, peşəkar vəkil kimi sizin heç kimə fikir vermədən öz şəxsi həyatınızı yüksək səviyyədə təmin etmək imkanınız var idi. Amma siz ən gənc yaşlarınızdan yalnız özü və ailəsi üçün yaşayanlardan olmadınız. Hər zaman xalqı düşündünüz. Vətən, millət sevgisi ilə atıldığınız Qarabağ savaşında bədəninizin bir parçasını vətənə qurban etdiniz. Sonrakı illərdə də hər zaman məzlumun yanında, zalımın qarşısında oldunuz. Məhz bu usyankarlığınız, mübarizliyiniz səbəbindən 1 il bundan öncə Qarabağ qazisi Zaur Həsənov haqsızlıqlara dözməyib, özünü yandıraraq intihar edəndə sosial şəbəkələrdə etiraz aksiyasını məhz siz təyin etdiniz. Əminəm ki, həmin təşəbbüsünüzdən sonra rejimin “qara siyahı”sına salındınız. Sonunda sizə qarşı da bir cinayət işi düzüb-qoşdular.

Əziz Asif bəy, əminəm ki, heç bir haqsızlıq, ədalətsiz cəza sizi sarsıda bilməz. Siz bu çətinlikləri də aşacaqsınız. Siz azadlıq və ədalət axtarışına çıxmış minlərlə gənc üçün nümunəsiniz. Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edirəm və sizə haqqınız olan azadlıq arzulayıram. Allah tezliklə sizin və bütün günahsız həbs olunanların qapısını açsın!”.