Məhəmməd Talıblı
I hissə
Ağır və ciddi mövzuları 3-5 cümlə ilə izah etmək heç zaman onun mahiyyətini tam aça bilmədiyini düşünürəm. Çünki lakonik şərh və prosesin ortasından başlanan yarımçıq şərhlər kələfin uc və son nöqtələrini görməyə imkan vermir. Ona görə, manat-dollar münasibətinin başlanma nöqtəsindən kurs götürərək onun doğurduğu təsirləri və gözlənilən nəticələri daha təfsilatlı təhlil etməyi vacib bildim. Mövzunun təhlili üçünsə bunu vacib müqəddimə saydım.
Devalvasiya siyasəti niyə aşkar müstəviyə daxil oldu?
Uzun illər Azərbaycan iqtisadiyyatının güclü olması haqqında çox fikirlər səslənib. Əsas arqument kimi makroiqtisadi sabitliyin olması, davamlı iqtisadi artımlar, manatın kursunun uzun müddət eyni həddə qalması və s. göstərilirdi. Həqiqətən milli valyutamız-manatın kursunun uzun müddət sabit qalması bir faktdır. Sadə vətəndaş da cibindəki pulu manatda və ya başqa valyutada saxlaması haqqında da heç düşünməyib. Çünki, manat-dollar konvertasiyadan heş bir ciddi itkisi və ailə büdcəsinə təsiri olmayıb. Amma sadə vətəndaşlarımızdan fərqli olaraq müstəqil düşüncəli iqtisadçı həmkarlarımla birgə bu haqda vaxtında narahatçılıqlarımımı bildirmişdik. Qeyri-təvazökarlıqdan uzaq da olsa bəndəniz 02.02.2015 tarixində “Meydan TV”-ə müsahibəsində iqtisadiyyatımızda bizi gözləyən ən böyük çətinliklərdən biri kimi manatın yaxın aylarda dəyərinin saxlaya bilməməsini qeyd etmişdim. Və manatın bir neçə ildir ki, dəyərinin qoruyub saxlamasını isə həyatını başa vurmuş şəxsə süni tənəffüz aparatının qoşulması kimi obrazlı bir bənzətmədən istifadə etmişdim. (http://www.meydan.tv/az/site/politics/4584/“Neft-gəlirlərinin-azaldığı-mərhələdə-manatın-dəyərində-xeyli-zəifləmələr-baş-verəcək”-(VİDEO).htm)
Əvvəlki illərdə manat digər valyutalar qarşısında dəyərini saxlaya bilirdi. Amma bu onun hesabına baş verirdi ki, Mərkəzi Bank(MB) hər il manatın devalvasiyasına 1,2 milyard manat həcmində vəsait xərcləyirdi. Xərclənmiş vəsait isə strateji valyuta ehtiyatlarımıza aid olduğundan bu vətəndaşlarımızı bir o qədər də narahat etmirdi. Amma bu ilin ilk aylarında manatın devalvasiyasına xərclənmiş vəsaitlərin həcmi hökuməti düşündürməyə məcbur etdi. Son 2 ayda 2,3 milyard manat xərcləndi. Bu bizim hazırda MB valyuta ehtiyatlarımızın 15 faizi həcmində vəsaitlərimizin itirilməsi demək idi. Sadəcə bu həcmdə olan vəsait manatın dönərli valyuta olaraq “ayaq üstə” durmasının qurbanı oldu. Demək, əvvəlki illərdə 2 aya təxminən 200 milyon manat xərcləyən MB, indi həmin 2 aya əvvəlki aylardan 11,5 dəfə çox – 2,3 milyard manat xərclədi. MB təhlil edərək gördü ki, bu gedişlə bankın 12,7 milyard manat rezervi manatın intervensiyasına uzağı 6 ay dözə biləcək. Altı ay bundan sonra verə biləcəkləri qərarları indi verdilər və hazırkı durumla rastlaşdıq. Bu açıq-aydın monetar riski MB yumşaq məzənnə siyasəti ilə həll etməyə çalışdı. Necə deyərlər, MB bununla düşündü ki, “minanın üstündə qorxa-qorxa oturmaqdansa, onun indi partlaması yaxşıdır” fəlsəfəsindən çıxış etdi. Beləliklə, indiyə qədər iqtisadçıların anladıqlarını, indi isə hamının öz “dərisi” ilə hiss etdiyi prosesə start verildi. Artıq hamı dollar-manat haqqında danışmağa başladı. Beləliklə, iqtisadiyyatımızın güzcügüsünü aydın görsədən manatın dönərli və sabit valyuta kimi saxlanması məqsədilə devalvasiyası açıq müstəvidə özünü görsətməyə başladı.
Yumşaq məzənnə siyasəti
Ümumiyyətlə dövlətlər devalvasiya siyasətini əsasən 3 formada aparırlar: Açıq, qapalı və rəqabət devalvasiyası formalarında. MB özünün izahatı və həyata keçirmək istədiyi hədəfləri ilə rəqabət devalvasiyasını seçdiyini göstərdi. Çünki, MB-ın sədri E.Rüstəmov bildirdi ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətinin və ixracat potensialının daha da gücləndirilmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığının təmin edilməsi məqsədilə edilib. Hörmətli həmkarım A.Mehtiyev bu məqamı çox doğru olaraq tutmuşdu: “İqtisadi nəzəriyyədə olan "milli valyutanın aşağı məzənnəsi ixracı stimullaşdırır" tezisi ölkədə rəqabətqabiliyyətli məhsul istehsal edildikdə özünü doğruldur.” Yəni, insana sual verərlər ki, siz hansı ixracat potensialımızı stimullaşdırmaq istəyirsiniz? Bir halda ki, onun 95,5 faizini neft və neft məhsulları, 4,5 faizini isə qeyri-neft məhsulları təşkil edir. İxracatda hər 100 dollarının 4,5 manatını təşkil edən qeyri-neft məhsullarının artımına nail olunması üçün devalvasiya kimi monetar dəstəklə bunu neçə ilə stimullaşdıra bilərsiniz? Qeyri-neft sektorunda manatla stimul üçün hansı sahələr buna daha çox tələb yaradır? Tam məsuliyyətimlə deyirəm: belə absurd açıqlamaya görə dövlət məmuru ağlı başında olanları ələ salmaq cəhdinə görə istefa verməlidir. Çünki, bunlar arasında heç əlaqə yoxdur. Dünyada heç bir hökumətin monetar qurumu ixracatı stimullaşdırması üçün heç bir hazırlıqsız və proqramsız milli valyutanı bahalaşdırmaqla bunu etmir. Çünki, ixracatın genişləndirilməsi fiskal, monetar və institsuonal qurumların birgə fəaliyyətləri nəticəsində qəbul edilir və qəbul edilmiş proqramı hökumətin strkuturları kombinasiyalı və koordinasiyalı formada mərhələrlərlə həyata keçirir. Əvvəlcə, iqtisadiyyatın ixrac üçün prisoriteti(brendlər, beynəlxalq əmək bölgüsündəki yeri və s.) seçilir, onu reallaşdıran biznes subyektlərini bazar müəyyənləşdirir, dövlət büdcə-vergi-maliyyə dəstəyini təmin edən sxemləri alqortimik həllinə girişərək ixracatın payını illər üzrə yüksəldilir. Amma bizdə hansı mal pozisiyaları üzrə seçim prioritetləri olmadığı üçün hansı məhsulların istehsalının diapazonunun genişləndirilməsi ciddi bir sual olaraq qalır. Açıq etiraf edim ki, bizim əvvəlki illərdə(3-4 il bundan öncə) yumşaq devalvasiya üçün daha yaxşı fürsətlərimiz var idi. Həmin illərdə neftin dünyada qiyməti yüksək və neft dollarının ölkəyə idxal kanalı daha geniş idi. Bu zaman yumşaq devalvasiya siyasətinə gedilməsi indkindən daha səmərəli zaman kəsiyi hesab edilə bilərdi. Fikrimcə, söhbət yumşaq devalvasiyaya gedilməsinin qəbahətindən yox, onun üçün münasib zaman kəsiyinin düzgün seçilməməsindən getməlidir. Yumşaq məzənnə siyasəti hesabına MB valyuta səbətində faiz nisbəti ilə avronun xüsusi çəkisini yüksəldib, dollarla bərabərləşdirdi. İki valyutalı səbətdə proporsiya hesabına manatın sabit və dönərli valyuta kimi dəyərinin saxlanamasın çətinliyini ictimaiyyət anladı. Manata münasibətdə psixoloji təsir bu zaman yaranmağa başladı.
Hazırda görünən odur ki, valyuta bazarında dollar tələbi artır və manatın devalvasiyasından yaranmış monetar risklərin önlənməsi üçün MB təsirli addımlar ata bilmir. Şənbə və bazar günlərində iş günlərinin olması manatın "başında" müxtəlif oyunların getdiyini göstərirdi. MB-ın birdən-birə 33,4%-lik dollar artımı koridorunun həddini müəyyənləşdirməsi bankları və dollar istifadəçilərində ciddi ajiotaj yaratdı. Bu addım manat-dollar münasibətlərində psixoloji gərginliyi daha da artırdı. MB-ın məzənnə dəyişikliyindən sonra yığımlar və əməliyyatlar dollarla aparılması təşviq edilir. Bunu isə biznes qurumları və vətəndaşlar çox böyük həvəslə etdilər. Ona görə, mənim gözləntim ondan ibarətdir ki, həftə içi iş günləri sabit valyuta həddi müəyyənləşdirilə bilməsə, manatın dəyərsizləşməsi daha da sürətlənəcək. Nəticədə dollar tələbi artıqca manat üzərində təhdidlər güclənəcək. Yumşaq devalvasiyaya qərar verilməsi
təkcə münasib zamanın seçilməməsinə görə yalnız pul-kredit bazarındakı pis idarəetmənin nəticəsi yox, iqtisadiyyatın bütün parametrlər üzrə daxilində gedən proseslərin aşkarlanması və ya açıq təzahür mərhələsi hesab olunmalıdır. Milli valyutanın dollar qarşısında isə dəyərinin itirilməsi sadəcə ölkə iqtisadiyyatının hansı həddə qədər dollar qarşısında rəqabətə dözə biləcəyinin anonslarını verdi.
Dünəndən başlayaraq valyuta bazarında müəyyən nisbət dəyişmələrinin olması haqqında deyilənlər manatla bağlı nikbin düşünmək üçün də əsas vermir. Tutaq ki, manat-dollar proporsiyası yenədə əvvəlki həddə qayıtdı. Buna sevinmək və daha hər şeyin qaydasında olması haqqında düşünmək sadəlövlük olardı. Bu valyuta dalğalanmaları hələ tez-tez olacaq. Çünki, hələlik nə qədər acı da olsa, deməliyik ki, manat arxasında güclü daxili istehsal prosesi olmayan rəqabətə dözümsüz valyutadır. Ona görə məzənnə elastikliyi iqtisadiyyatı daha pis silkələyir. Çünki, məzənnələrin elastikliyi ölkə iqtisadiyyatlarında qeyri-müəyyənliklərin və dəyişikliklərin əsas səbəblərindən hesab olunur. (ardı var)


