Əhmədinejada “veb-hücum”

“Əsriran” saytı İran prezidentini alt-üst etdi

İranın “Əsriran” saytı prezident Mahmud Əhmədinejadın digər ölkələrdəki yoxsulluqla bağlı iddialarına kəskin reaksiya verib. Əhmədinejad bir neçə gün əvvəl çıxışlarının birində xarici səfərlərindən danışaraq yeraltı və yerüstü zəngin təbii sərvətə malik olan bir sıra ölkələrdə əhalinin yoxsulluq içində yaşamasından təəssüfləndiyini bildirmişdi.

“Media forum” saytının məlumatına görə, “Əsriran” saytının yaydığı “Prezidentimiz başqa ölkələrdəki yoxsul əhalinin dərdini çəkəndə!” başlıqlı yazıda deyilir ki, yeraltı və yerüstü zəngin təbii sərvəti olan İranda Əhmədinejadın gedib başqa ölkələrdə gördüyü yoxsulluq, sanitar qaydalara zidd şərait, əhalinin içməli sudan məhrum olması və küçələrdə ayaqyalın gəzməsi və s. çatışmazlıqlar geniş şəkildə müşahidə edilir.

“Hələ yaxşı ki, Əhmədinejad digər ölkələrdə yoxsul əhalinin gündəlik tələbatını ödəmək üçün öz böyrəyini satan insanlardan danışmayıb. Çünki bizim öz paytaxtımızda bir çox kasıb insan adi gündəlik xərcini təmin etmək üçün böyrək və gözlərindəki buynuz təbəqəni satır. Əgər başqa ölkələrdə xalqın pulunu qərbli kapitalistlər aparırsa, bəs İranda kimlər xalqın sərvətini qarət edib aparır? Bunu vəzifə sahiblərimizdən başqa kimin boynuna yıxmaq olar?”,-deyə “Əsriran” saytının məqaləsində vurğulanıb.