Tovuzda isə partiyanın 67 nəfər sabiq üzvü AXCP-yə keçdi FOTO
Sonuncu qurultayından sonra Müsavatda yaşanan parçalanma rəsmiləşdi. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun rəhbərliyi altında qurultayın nəticəsindən və partiyada sonrakı idarəçilikdən narazı olanlar fevralın 21-də öz təşkilatlarını – Azərbaycan Demokratiya və Rifah Hərəkatını (ADR) rəsmən yaratdılar.
Hərəkatın təsis konfransı Beynəlxalq Mətbuat Mərkəzində keçirilib.
ADR Müsavat Partiyasının qurultayından sonra, 13 nəfərin iştirakı ilə yaradılıb. Hərəkatda əsasən başqan seçkilərindən və partiyadaxili münasibətlərdən narazı qalan müsavatçılar və ya partiyadan istefa verənlər təmsil olunur.
Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli konfransa 267 nəfərin qatıldığnı bəyan edib. Onlar arasında Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvlərinin təmsil olunduğunu bildirib. Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu xəstə olduğundan konfransa gəlməsə də, məktub göndərib,ADR-ə qoşulduğunu bəyan edib.

Təsis konfransında Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.
Təsis konfransında açıq səsvermədə 1 nəfər bitərəf qalıb, qalanlar Qubad İbadoğlunun sədr olmasına səs veriblər.

ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.
Qubad İbadoğlu bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm bir qurum olacaq.
***
Bu arada Müsavat Tovuz rayonunda da ciddi itkiyə məruz qalıb. Daha dəqiqi rayon təşkilatı özünü buraxıb. Təşkilatın, başda sədr olmaqla, 67 nəfər keçmiş üzvü bundan sonrakı siyasi fəaliyyətini AXCP-də davam etdirmək barədə bəyanata imza atıb.
Müsavatın keçmiş üzvləri AXCP-yə keçməklə bağlı qərarı fevralın 20-də keçirdikləri ümumi yığıncaqda veriblər. Yığıncaqda 40 nəfər nümayəndə iştirak edib. İştirakı nəzərdə tutulan başqaları pis hava şəraitinə görə yığıncağa qatıla bilməyiblər.
Müsavatın Tovuz təşkilatında sədr müavini olmuş Asəd Məmmədli facebook səhifəsində AXCP-yə keçməklə bağlı qərarı yekdilliklə qəbul etdiklərini bildirib. O, yığıncaqdan çəkilmiş fotoları da paylaşıb.





azadliq.info



