“Mənəvi dubinkalar”

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
 
Milli Elmlər Akademiyasının (AMEA) böyük elmi işçisi də Yerin fırlanmadığını deyən ərəb şeyxinin açdığı müzakirəyə qoşuldu və… onu dəstəklədi. Xeyli adam buna təəccüblənir. Əslində isə bu təəccübün özü təəccüblüdür. Siz AMEA-nın binasında oturanlardan başqa nə gözləyirdiniz ki?! Bir Akademiya düşünün ki, orada mələyin uçma sürətini hesablayırlar, yaxud robota Məşədi Ibad rəqsi öyrədib bunu təntənə ilə camaata göstərirlər, daha nə olmalıdır?
Indinin özündə də xeyli adam Cəbhə-Müsavat cütlüyünün qarasınca deyinir, onu asıb-kəsir ki, hakimiyyətdə olarkən Elmlər Akademiyasını ləğv etmək istəyirmiş, guya hətta belə niyyətə düşməyin özü elmə qarşı xəyanət imiş. Zaman göstərdi ki, əslində bu nə qədər mütərəqqi fikirdir. Təəssüf ki, elə fikir kimi də qaldı. Halbuki həyata keçsəydi, rus ordusunun Azərbaycandan çıxarılması qədər gərəkli, tarixi addım olardı.
Elmlər Akademiyasının Incəsənət və Memarlıq Institutunun şöbə müdiri professor Inqilab Kərimov dünyasını dəyişdikdən sonra onun yerinə şoumen Qorxmaz Əlilinin təyin edilməsini, AMEA-nın elmi işçilərindən birinin Harun Yahya kimi tanınan Adnan Oktar adlı bir fırıldaqçının Darvinin təkamül nəzəriyyəsini “darmadağın” etməsi haqda mədhiyyə yazmasını, indi həbsdə olan falçı, “Etiraf” verilişi ilə xalqımızın qəlbini fəth edən Ilham Mirzəyevin iş yerlərindən birinin məhz Elmlər Akademiyası olmasını xatırlayın. Əlavə sözə, şərhə ehtiyac qalırmı?
Fikir vermisinizsə, yaptokratiya belə psevdoqurumlara (AMEA, Yazıçılar Birliyi, Bəstəkarlar, Rəssamlar ittifaqları və s.) xüsusi canyananlıqla, diqqət və qayğı ilə yanaşır. Onların tarixə qovuşmasını əngəlləyir. Səbəb çox sadədir. Adını çəkdiyim və çəkmədiyim bu psevdoqurumlar aid olduqları sahələri partiya və hökumət işinin vintciyinə, təkərciyinə çevirməklə məşğuldurlar. Həmin qurumların əli ilə elm, ədəbiyyat, mədəniyyət faktiki olaraq məhv edilir, karikaturaya çevrilir. Bu gün Yazıçılar Birliyinin ədəbiyyata hansı dəxli var? Günümüzdə pis-yaxşı əsl mədəniyyət Rəssamlar, Bəstəkarlar ittifaqlarından kənarda yaranır. Elmlər Akademiyası elmlə bağlarını tamamilə qoparıb, elə onun böyük elçi işçisinin Yerin fırlanmadığı haqda imamların, şeyxlərin dediklərinə züy tutmasından hər şey aydındır.
Əvəzində isə bu psevdoqurumlardan dəyənək kimi istifadə olunur. Yazıçılar Birliyi ədəbiyyatçıların, AMEA elmin başı üzərindən “Domokl qılıncı” kimi asılıb. Bu təşkilatların işi-gücü çağdışı, antidemokratik rejimi dəstəkləyən bəyanatlar verməkdən, ölkədə “şəxsiyyətə pərəstiş” kultunu gücləndirməkdən, mənəvi biətçiliyi, ictimai köləliyi möhkəmləndirməkdən ibarətdir. 
Bizdə hətta müxalif düşərgənin özündə belə xeyli adam AYB-yə, AMEA-ya, digər Sovetdənqalma, psevdo qurumların tənqidlərin mahiyyətini anlamaqda çətinlik çəkirlər. Düşünürlər ki, onlara qarşı mübarizə artıq, mənasız işdir. Amma unudurlar ki, quş qanadsız uça bilmədiyi kimi, Sistem də mütilərsiz mövcud ola bilməz. Onları yaradan isə yalnız polis dəyənəkləri deyil, həm də “mənəvi dubinkalar” – yaradıcılıq ocaqları, “elm məbədi” adı arxasında pərdələnən psevdoinstitutlar, Sovetdənqalma birliklərdir. 
Heç düşünürsünüzmü ki, faktiki olaraq Ədəbiyyat Nazirliyi funksiyasını yerinə yetirən AYB-yə hər cür “atalıq qayğısı” göstərilərkən niyə ölkədə yeganə müstəqil ədəbiyyat təşkilatı olan AYO-nu hətta rəsmi qeydiyyata belə almaq istəmirlər? Doğrudanmı, təkcə bu faktın özü sizə Sistemin sütunlarına çevrilmiş həmin qurumların ictimai mənada nə qədər təhlükəli, zərərli rol oynadıqları barədə heç nə demir?