Bizi tapa bilərsənmi, Xoşqədəm Hidayətqızı?..

Lovğalıq olmasın, bizim köhnə nəsil yaşamadığı, daşımadığı şeylərdən yaza bilməz. Əyər varsa, kimsənin haqqını danmaq, yoxdursa, mədh eləmək də gəlməz əlimizdən.
Kiçilən yollarla irəli… 
Təxminən doxsanıncı illərdə Qəbələdə çıxan yerli qəzetdə Valeh adlı istedadlı, gənc jurnalist işləyirdi. Mənim də gənc və hətta yaxşı müxbir sayıldığım o qarışıq zamanlarda Valehlə hadisələrə münasibətimiz çox zaman üst-üstə düşürdü. Xeyli ortaq düşüncələrimizin bizi dostlaşdırdığı vaxtlarda birdən Valeh redaksiyadan getdi. Bir müddət sonra eşitdik ki, jurnalist Valeh Rusiyanın harasındasa heyvandarlıqla məşğul olur. Ilk baxışdan qəribə görünən əhvalata hərə öz məntiqinə uyğun reaksiya verdi, qınayanlar, təqdir edənlər oldu. Məsələnin mahiyyətini isə təbii ki, kimsə bilmədi və Valeh məsələsi beləcə qapanıb getdı. 
Inişil “Şamaxinka”da “xalturşiklər” məni özəlləşdirməyə başlamışdılar ki, kimsə yaxınlaşıb qolumdan tutdu. …Iyirmi il sonra Valeh bizim sürücülərin qəzəbli baxışları altında qarşımda dayanıb üzümə gülümsəyirdi. …Üç saatlıq yolda Valehin rayona yeganə “kliyenti” olaraq onun uzun illər qürbətdə keçən ömrünə ötəri səyahət elədik. Vətənə qayıtdığı az müddətdə isə ilişib qaldıq. Böyük ailə sahibi Valehin ona burda təklif olunan işləri dəyərləndirməyə maddi imkanı olmayıb. Çırağını yandırmağa gəldiyi ata yurdunun bir hissəsi bahasına maşın alıb ki, xaltura ilə evini dolandırsın. Ölkəmizin səyyar “kliyent bazarında” təbii ki, yer tutmaq mümkünsüz işdir. Amma bizim Valeh vətəndə “başa gələn çəkilər” deyib hər birimiz kimi stabil ağır yaşam mücadiləsinə başlayıb. 
Bu yaxınlarda Qəbələdən kəndə gedirdim. Valehlə rastlaşdıq. Yaxın kəndlərə adam daşıyırmış. Məlum, böyük yolların rəqabət və məzənnəsi onun səbrini, sağlamlığını və ən əsası, cibini aşıb. Getdiyimiz qısa yolda Valeh dedi ki, “yaz, Nazlı, yaz ki, bura kiçilən yollar və böyüməyən arzular ölkəsidir”… Əslində, ikimizin itkin düşüncələrinə köklənib bu yazını köşə üçün yetərli həcmə çatdırmaq olardı. Amma qələmin ucuna yapışıb “məni də işıqlandır” deyən bir mövzu da var ki, azacıq olsa da ona toxunmasam, Allah məni bağışlamaz. Üstəlik, bugünkü köşəmiz sərbəstdir, Valehlə özümüzdən yazdıqsa, niyə də imkanlı zümrənin imtiyaz sahiblərindən danışmayaq? Ölkəmiz yalnız əzabkeşlərdən ibarət deyil ki…
Balansın ölməkliyi
2003-cü ilin prezident seçkiləri ərəfəsində ki,.. hakimiyyət bizləri də müəyyən sərhəddə az-çox səs sahibi hesab edirdi, o zamanlar Qəbələnin yerli hakmiyyətində Arif adlı birisi peyda oldu. Və həmin zamandan bəri həmin Arif rəsmən başımıza çıxdı. O vaxtdan bəri vəzifəsi böyüyüb imkanları aşıb-daşdıqca çəkilməz olan bu adama görə çox çarəsizlər çox şeylərdən məhrum oldular. Müqavimət hissini itirməyənlər isə son ümidə köklənib hələ çırpınırlar. Hərçənd bu çırpıntılar hələlik külli-ixtiyar ariflərin qalın toxunulmazlığından o tərəfə keçə bilmir. Amma dünya da fırlanır axı… Indi durub-dururkən türkün sözü, bu Arif hardan çıxdı? Balans pozulmasın deyəmi? Yox, xeyr. Balans öldü deyə… Bəs başımızın üstündəki ağır boşluğun balansla bərabər özümüzü də öldürdüyünün fərqindəyikmi? Bura bir auditoriya olsaydı, görəsən sualın cavabı “bəli”mi, “xeyr”mi olacaqdı? Mən, məsələn, susardım… Çünki bunca anormal vəziyyətdə nəyisə təsdiq və ya inkar eləmək haqqımız yoxdur. Sadəcə zərrə-zərrə ölmək hüququmuz var ki, bu hüquq da maşallah, ölkənin işlək qanunlarıyla qorunub inkişaf edir. Yox, dərhal ölmək istəyirsənsə, bundan ötrü də körpülər var, üstəlik, dünyada nöyütün qiyməti də düşüb. Bir şüşə nöyüt, bir kibrit və sonra da ucuz bir palatka… 
Məsələ yalnız Qəbələ və ya Şəmkirdə, Yardımlı və yaxud Zərdabda əhalinin ciyərini yandırıb gözünü alan hər hansı məmurdan getmir. Bütöv ölkə zatən eyni özbaşınalığın əsarətindədir. Amma təskinlik kimi olmasın, gec-tez bir gün tapdaq altında əzilən xalqın səsinə səs verib zalıma, nahaqqa “dur!” deyən qüvvə tapılacaq. Yerəmi bilmirəm, göyəmi bilmirəm, hər kəs əməlinin hesabını verəcək. Bunu hamımız bilirik…
P.S.Bu nikbin sonluq bir az romantik səsləndimi, Arif Allahverdiyev? Necə ki, sənin Qəbələdə çox önəmli mühüm kürsülərindən birinidə oturub bizim kimilərin taleyinə qərar verməyin möhtəşəm bir tragikomediyadır… “Sən”ə görə inciməzsən yəqin. 2003-cü ildə Qəbələyə təyin edilmiş köməkçisi olduğun başçının mənə xüsusi hörmətlə davrandığını anında “qiymətləndirib” daim: “Biz ”poçti" xalauşağıyıq", deyirdin. Bu qohumluğu analarımız eyni kənddən olduğuna görə “kəşf” etmişdin… O vaxtdan çox şey dəyişib, yalnız və öz payıma çox şükür ki, eyni kəndli o rəhmətlik anaların övladları olaraq biz dəyişməmişik. Xoşca qal, “xaloğlu!”…