«Parlamentdəki dinləmələr qeyri-ciddi idi»

Nurəddin Məmmədli: «Hakimiyyətin yürütdüyü siyasət bütün baxımlardan qüsurlu və dövlətçilik üçün təhlükəlidir»

 
Hakimiyyət yenə də ABŞ-dan gələn tənqidlərə özünə məxsus formada cavab verdi. Fevralın 14-də Milli Məclisdə ABŞ-la bağlı “dinləmə” təşkil olundu. Tədbir ondan iki gün qabaq (fevralın 12-də) Vaşinqtonda, ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən müzakirələrə cavab kimi hazırlanıb. Tədbirin adı da ABŞ Konqresindəki müzakirənin mövzusu ilə eyni olub. ABŞ Konqresində mövzu belə idi: “Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları”. Milli Məclisdəki “müzakirə” isə bu ad altındə təşkil olunmuşdu: "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində". ABŞ Konqressində təşkil olunan dinləmə sayca ikinci olsa da, müzakirələrdə verilən mesajlara göstərilən münasibətdən bu nəticəni çıxarmaq olar ki, hakimiyyət islah olunmaq niyyətində deyil. 
ABŞ Konqresində çıxış edən konqresmenlər və ekspertlər Azərbaycanla münasibətlərdə insan haqları və demokratiyanın Vaşinqton üçün əhəmiyyətinə vurğu salmışdılar. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə deyilən sahələrdə vəziyyətin indiki kimi qalacağı təqdirdə Azərbaycan rəsmilərinə qarşı sanksiyanın mümkünlüyünü dilə gətirmişdi.
Amma hakimiyyət müzakirələrin «klonunu» yaratmaqla Amerikaya ciddi cavab verdiyini düşünür. Lakin kənarda yürüdülən bu siyasət qeyri-ciddi təsir bağışlayır. ABŞ-ın ünvanına səslənən «ittihamlar» arqumentsizlikdən əziyyət çəkir. İşğalçı Ermənistana kömək edən Rusiya kənarda qaldığı halda ABŞ Qarabağ münaqişəsinin həll edilməməsində suçlanır.
AXCP sədrinini müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət bütün baxımlardan qüsurlu və dövlətçilik üçün təhlükəlidir. Ən başlıcası isə bu siyasət qətiyyən səmimi deyil. N.Məmmədlinin sözlərinə görə, əgər hakimiyyət bir tərəfdən bütün vasitələrlə ABŞ-a qarşı hücuma keçirsə, digər bir tərəfdən külli miqdarda pul xərcləməklə lobbi təşkilatlarının və Bakıdan Vaşinqtona emisarlar yollamaqla münasibətlərin normalaşmasına çalışır: «Hakimiyyətin iki üzlü siyasəti ona başucalığı gətirmir. ABŞ-dakı son dinləmələr şübhəsiz ki, Amerikada vacib olan dairələrin Azərbaycanla bağlı həqiqətləri dərk etməsi və adekvat addımların atılması baxımından olduqca önəmlidir. Hesab edirəm ki, hakimiyyətin bu cür davranışları davam etsə Azərbaycana qarşı sanksiya tətbiq olunmalıdır və Azərbaycan cəmiyyəti hakimiyyətin despotik idarəçiliyinə qarşı müəyyən addımlar atmalıdır».
Azərbaycan hakimiyyətinin ABŞ-a kəskin hücumlarının səbəblərinə gəlincə isə N.Məmmədli bildirdi ki, bu cür addımların atılmasına əsasən iki səbəb var. Birinci səbəbin Rusiya faktoru ilə bağlı olduğunu düşünən N.Məmmədli bildirdi ki, bu addımlar Rusiyanın təzyiqi ilə atılır: «Hiss olunur ki, Azərbaycan hakimiyyəti Qərbdən daha çox, Rusiyadan qorxur. Yürüdülən siyasətin ikinci səbəbi odur ki, hakimiyyət islahatlar həyata keçirilməsinin onun üçün təhlükəli olduğu qənaətindədir. Hakimiyyət yürütdüyü siyasətlə Qərbin önun  idarəçilik sisteminə loyal yanaşacağına düşünür. Bu yol ilə də öz idarəçilik sistemlərini davam etdirmək fikrindədirlər. Ona görə də bu siyasəti mən o qədər perspektivli hesab etmirəm».
ABŞ-a cavab olaraq Milli Məclisdə «Dinləmələrin» keçirilməsinin məsələyə qeyri-ciddi yanaşma olduğunu deyən N.Məmmədli bildirdi ki, səslənən iradlara bu cür «cavab» Azərbaycana qarşı beynəlxalq təzyiqlərin daha da artmasına səbəb olacaq.
Xəyal