“Saxta ittihama inanmırıq”

Həbs edilən cəbhəçinin xanımı: “Qadir bu torpaq uğrunda sağlamlığını qurban vermiş oğuldur. İlin-günün bu vaxtında onda silah hardandır?”

Ötən həftə Mingəçevirdə AXCP fəalı, şəhər şöbəsinin keçmiş sədri Qadir Xudabaxşıyev həbs olundu. Rəsmi məlumatda deyilirdi ki, Qadir Xudabaxşıyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin M.P.Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Guya üzərinə baxış keçirilərkən ondan “TT” markalı tapança və güllə sandıqçası götürülüb. Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsiuz olaraq silah, onun ehtiyat hissələrini daşıma və saxlama) maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qadir Xudabaxşıyev sosial şəbəkələrdə hakimiyyəti tənqidi yazıları və Mingəçevir şəhərindəki siyasi fəallığı ilə seçilib. Onun həbsinin də bu səbəbdən olması şübhə doğurmur.

43 yaşlı Q. Xudabaxşıyev II qrup Qarabağ müharibəsi əlilidir. O, 1993-cü ildə Ağdam rayonun işğalından sonra Mingəçevirə pənah gətirib. 2004-cü ildən isə Mingəçevirdə qaçqın və məcburi köçkünlər üçün salınmış “Yeni Həyat” qəsəbəsindəki 103 saylı evdə yaşayır.

Həyat yoldaşı Gülxanım Həsənovanın sözlərinə görə, bugünədək Qadirdən heç bir soraq yoxdur: “Qadirin 10, 13 və 15 yaşında 3 qız övladı var. Qadir özü də 3 bacının yeganə qardaşıdır. Biz onun bu cür saxta ittihamla həbs olunmasına inanmırıq. Qadir müharibə əlilidir, ayağında, böyrəyində problem var, şəkər xəstəsidir. Bu vəziyyətində belə ailənin yeganə çörək gətirəni o idi. İndiki vəziyyətdə dolanışıq səviyyəmiz o qədər acınacaqlıdır ki, Qadirin övladları məktəbə belə gedə bilmirlər”.

Qadirin həbs olunma xəbərini nə cür aldıqları barədə sualımıza G.Həsənova bunları dedi: “Qadir gizli nömrədən yeznəsinə zəng edib bircə kəlmə bildirib ki, “məni tutublar”. Vəssalam. İndiyədək onun hara aparılması və harada saxlanılması, ona qarşı hansı ittihamın irəli sürüldüyündən xəbərsizik. Məlumatları da qonum-qonşu, tanış-biliş internetdən, qəzetdən oxuyub bizə deyirlər. Qadir çoxlarından fərqli olaraq bu torpaq uğrunda sağlamlığını qurban vermiş bir oğuldur. İlin-günün bu vaxtında onda silah hardandır?”.

G.Həsənova onu da əlavə etdi ki, yel xəstəliyindən əziyyət çəkdiyi üçün indiyədək heç yerə müraciət edə bilməyib: “İnanın, elə bir vəziyyətdəyəm ki, burdan bura Mingəçevir şəhər Polis şöbəsinə getməyə belə taqətim yoxdur. Ancaq bu işi belə qoymaq fikrim də yoxdur”.

Azər, Mingəçevir