Dostumuz Mehman Əliyev soy adaşı Əliyevdən inciyib. Özü də yaman inciyib. Nədən, nədən… bir ödüldən ötrü. I.Əliyev Meliorasiya-Su ACS-nin başçısı Əhməd Əhmədzadəyə “Əməkdar mühəndis” adı verdiyinə görə. Bu adın Kür daşqınının ildönümündə verilməsi Mehman bəyə lap çox yer eləyib. Ötənilki Kür daşqını, daşqından ortaya çıxan böyük itkilər “məmur cinayəti” sayıldığına görə!
Dostum, qardaşım Mehman bəy, sən bilirsənmi Əliyevlər rejimində “məmur cinayəti” nə deməkdir? Bilmirsənsə, tay mənim sənə sözüm yoxdur. A kişi, bir belə yazılar yazılır, kitablar çıxır (Turqut Ərin kitabı başda olmaqla) o yazılanlardan görmürsənmi Heydər Əliyev 1969-cu ildən başlayaraq ölkədə planlı olaraq, ayrıca seçmə yoluyla CINAYƏTKAR MƏMUR ordusu yaradıb? Səncə, niyə görə? Günlərin bir günü Abid Şərifovla olduğu kimi onlarla məzələnmək üçünmü? Yox, qardaşım. Qaz vurub qazan doldurmaq, CINAYƏTKAR MƏMURLAR ordusu yaratmaqla ölkəni soyub-yağmalamaq, milyardlara yiyələnmək üçün!
Yadındadı, prezident kürsüsünü ata mirası olaraq ələ keçirən I.Əliyev ilkin çıxışında nə demişdi: “Atamın kursunu davam etdirəcəm”. Atanın qoyub getiyi bəlli “orduya” bu, bir mesaj idi: “Qorxmayın, atam sizin prezidentiniz olduğu sayaq, mən də sizin prezidentiniz olacam”. Oldu, olur, olacaq. Ta devrilənədək. Bunu ərəblərdə baş verən sürəkli devrim dalğasını görə-görə I.Əliyevin ata kursuna necə bağlı qaldığı faktından açıq-aydın görmək olar. Indi açıq-aydın görünür: I.Əliyev düşüncəsində demokratiyaya, demokratiya örnəyinə yer yoxdur. Onun özünə örnək sayacağı kimsələr Müəmmər Qəzzafi, Bəşər Əsəd kimiləridir. Uğur olsun! Sən, Mehman bəy, gör nə danışırsan: 2005-10-cu illər arası Kürün təmizlənməsinə, bəndvurma işlərinə 1 milyard manat ayrılıb, pullar mənimsənib – bunun hesabı sorulmalıydı. Soorulub. Bütün başqa pullar kimi o 1 milyard da büdcədən soorulub. Soorulub, gedib qalaqlanıb Rusiya, Avropa banklarında. Əhmədzadə bunu bilib susduğuna görə ödülləndirildi. Danışsaydı, öz ranqına uyğun olaraq, ad çəkib, korrupsiya piramidasının başına gedib çıxacaq, bununla da ən azı özü özünü türməlik eləyəcəkdi. Yuxarıdan tapşırıq alan “antikorrupsiya idarəsi” dövlət büdcəsindən milyardlar mənimsəyəni qoyub, onu korrupsioner çıxaracaqdı. Orxan Kərimovu tutub korrupsioner çıxardığı kimi!
Orxan Kərimovun tutulmaqlığı
Uzun illərdən bəri başında Misir Mərdanovun durduğu Təhsil nazirliyindən korrupsioner tapılıb tutulub. Deyirlər, Orxanın görəvi IV dərəcəlidir. Elə indiki “antikorrupsiya idarəsi” də IV dərəcəli deyilmi? Elədir, elə olmasaydı, ölkənin təhsil sistemini uzun illərdən bəri rüşvətə-korrupsiyaya bürüyən kimsə birincilər sırasında tutulub türməyə göndərilməli idi. Elə olsaydı, bu gün ölkədə son 18 ilin nazir, komitə sədrlərindən – yüksək görəv başçılarından biri də qalmaz, hamısı tutulub türməyə göndərilərdi. Onda bilirsizmi nə olardı: Heydər Əliyevin qurduğu rüşvət-korrupsiya piramidası darmadağın olardı. Bununla da oğul Əliyev ata Əliyevin bəlli kursuna son vermiş olardı. O kursun sonu, başında I.Əliyevin durduğu rejimin sonu demək olardı. Bax, buna görə ortada qanunsuzluq adına nəsə yoxdur: Orxan Kərimov kimilərinin tutulması əliyevçi Konstitusiya normasıdır; belədə bir yandan Ailəyə milyardlar qazandıran korrupsiya sistemi – korrupsiya piramidası qorunub saxlanır, o biri yandan korrupsiya ilə çarpışma görüntüsü yaradılır. Özü də bu elə-belə görüntü deyil, “islahat” adı daşıyan bir görüntüdür. Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində. Göydən üç alma düşdü, başdakılar bölüşdü. Bu da belə bir oyun, bu da belə bir işdi: tutulanlar ağladı, tutduranlar gülüşdü…