Əli Kərimli Razi Nurullayevi müavinlikdən çıxardı

Qərarın səbəbini partiya funksionerləri izah etdi: “AXCP-də hökumət ssenariləri keçməyib və keçməyəcək”

AXCP sədri Əli Kərimili sərəncamla müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib. Bu barədə məlumat AXCP-dən daxil olub. Məlumatda Razi Nurullayevin partiyadakı vəzifəsindən uzaqlaşdırılmasının səbəbi göstərilməyib.

Razi Nurullayev isə AXCP-dəki vəzifəsindən çıxarılandan bir qədər sonra facebook səhifəsində açıqlama yayaraq, partiyaya qarşı müəyyən ittihamlar səsləndirib və onun üzvlüyündən istefa verdiyini qeyd edib.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə Razi Nurullayevin sədr müavinliyindən nəyə görə çıxarıldığına aydınlıq gətirib. O, özünün facebook səhifəsində yazıb:

“AXCP-nin başqalarından əsas fərqlərindən biri də budur: burada ola-ola hökumətə yarınmaq, ona xidmət etmək olmaz. Olmaz deyərkən onu nəzərdə tuturam ki, bir müddət ola bilsə də, əməlin faş olan kimi sənə qapını göstərəcəklər. Başqalarında təəssüf ki, biz belə prinspiallığı görmürük. Özünü ən böyük müxalifət adlandırıb, hökumətlə birlikdə qəzet buraxanı da var, ətrafının hökumətə xidmətindən maddi cəhətdən bəhrələnəni də. Amma AXCP-də belə şeylər keçməz.
Partiyadan qovulan hökumət emissarları ifşa edildikdən sonra cəbhədə diktatura hökm sürməsindən danışırlar. Paradoks deyilmi? AXCP sədrinin adamlara təzyiq üçün hansı imkanı var? Cəbhənin heç ofisi də yoxdur, pulu da yoxdur. Əli Kərimlinin yanında olanlar da hər zaman özlərini həbs olunmağa namizəd sayırlar. Üstəlik, bu ölkədə cəbhəçilər qədər cəsarətli insanlar çox azdır. Bu adamlar heç topu-topxanası olan hökumətdən qorxmurlar. Əli Kərimli istəsə belə, bu adamları necə qorxuda bilər? Deməli, ziddiyyət, əslində yalan göz qabağındadır.
Məsələ sadədir. Hakimiyyət Əli Kərimlini sarsıtmaq üçün vaxtaşırı AXCP-dən kimisə ələ alır, onları maliyyələşdirir və onlara tapşırır ki, içəridə təşkilatlanın. Öz aləmində ümid edir ki, bu yolla cəbhəni içindən sarsıdacaq. O da ki, alınmır.
Birincisi ona görə ki, cəbhə məktəbi keçmiş insanlar (sıravisi də) çox ayıq olur. Onlar “xaric oxuyanı” o saat tanıyırlar. Razi bəy sədr müavinliyindən bu gün xaric olunub, amma yüzlərlə cəbhəçi Razi bəyin mübarizəsində səmimi olmadığını, könlünün başqa yerdə olduğunu çoxdan hiss etmişdi. Sadəcə, Əli bəyə çox güvəndiklərindən səbr edirdilər. Fikirləşirdilər ki, yetərli fakt olsa, onsuz da sədr tədbirini görəcək.
İkincisi, Əli Kərimli lazımı qərarları vaxtında verə biləcək qətiyyətə sahib, tədbirli, ayıq-sayıq liderdir. Əks təqdirdə hökumətin düşmən münasibətinə bu qədər illər ərzində necə dözmək olardı? Beləliklə, ruhunu şeytana satmış kimsə AXCP-də kök ata bilmir, təşkilatlana bilmir. Onlar da bu uğusuzluqlarını musiqini sifariş edənlərin qarşısında ört-basdır etməlidirlər axı. Bu yerdə də diktatura söhbəti atılır ortaya. Adamlar tez ifşa olunmalarının, partiyadaxili gücə çevrilə, parçalanma şousu yarada bilməmələrinin izahını rəislərinə bu yolla vermiş olurlar. Mübarizəsində səmimi və ardıcıl olanlara isə rejimin hər fəndini vaxtında ifşa edə bilən tədbirli və cəsarətli lider lazımdır. Belə bir lider var və onun qədrini bilmək lazımdır”.

***

AXCP sədrinin müavini Gözəl Bayramlı da özünün facebook qeydində Razi Nurullayevin partiyadakı vəzifəsindən çıxarılmasını hakimiyyətin planlarını pozmaq kimi şərh edib.

"Əli Kərimli hökumət üçün qorxulu yuxuya çevrilib. Nə qorxuda, nə də ələ ala bilirlər. Belə bir alternativin ayaqda qalması hökuməti ciddi narahat edir. Əli bəydən həm də ona görə qorxurlar ki, öz qətiyyətli və gözlənilməz qərarları ilə hökumətin planlarını zaman-zaman ifşa edib. İndi də elə oldu. Razi bəyi sədr müavinliyindən çıxarmaq çox düzgün, bəlkə bir az da gecikmiş qərardır. Bunları açıq yazmazdım. Amma Razi bəyin AXCP-dəki vəzifəsindən çıxarılmasından sonra Əli bəyin ünvanına yazdığı yapsayağı böhtanları oxuyandan sonra qərara gəldim ki, yazmaq lazımdır.

Cəbhəçilər uzun illərdir ki, avtoritarizmin qarşısında sipərdirlər. Həbsə də düşdük, işsiz də qaldıq, amma ideallarımızdan imtina etmədik. Azərbaycanı xilas etmək arzumuz o qədər güclüdür ki, bütün maneələri aşacağımıza inanırıq. Ancaq etiraf edirəm ki, son illərdə Razi bəyin hökumətin könlünü yerində etmək üçün verdiyi açıqlamalara, azay quliyevlərlə, azər həsrətlərlə keçirdiyi birgə tədbirlərə görə dostlar tərəfindən qınanıldığımız vaxtlar da az olmayıb. Canımızı dişimizə tutub dözmüşük. Qapalı toplantılarda sözümüzü desək də, sıralarımızın seyrəlməməsi üçün, bəlkə düzəldi ümüdilə dözmüşük. Amma ötən ilin sonlarında vəziyyət daha da gərginləşdi. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların şiddətli vaxtında AXCP sədrinin müavini bir hesabat yayıb, hökumətin QHT siyasətini müdafiə etdi. Özünüz hesabatla tanış ola bilərsiniz.

Hesabat yayılan kimi Xədicə İsmayıl sosial şəbəkədə, mən isə partiyanın Rəyasət Heyətində Razi bəyin hökumətyönümlü siyasətini müzakirəyə çıxardıq. Etiraf edim ki, o zaman xeyli sayda prinspial vətəndaş cəmiyyəti fəallarından Razi bəyin bu fəaliyyətinə görə iradlar eşitdik. Mən məsələni Rəyasət Heyətinin müzakirəsinə çıxaranda AXCP sədri söz verdi ki, Razi bəyin fəaliyyətini özü araşdıracaq. Həmin araşdırmalar bizim narahatlığımızın haqlı olduğunu ortaya çıxardı. AXCP sədri də cismi müxalifətdə, ruhu hökumətdə olan müavininə ona məxsus qətiyyətlə qapını göstərdi.

Razi bəy bilməlidir ki, hökumətin ona xüsusi marağı onun öz personası ilə bağlı deyildi. Hökumət həmişə maraqlıdır ki, əsas rəqibini sarsıtmaq üçün onun ətrafını ələ alsın. Etiraf edirəm ki, hökumət bəzən buna nail ola bilir. Çünki bir çoxlarının dəbdəbəli həyat sevgisi əqidəsini üstələyir. Hökumət də bizləri diqqətlə öyrəndiyi üçün kimlərin hansı zəifi olduğunu bilir. Kimi qorxutmaq olursa, qorxudur. Kimin şantajlıq problemi varsa, şantaj edir. Kimi də ələ almaq olursa, ələ alırlar. Bizlər isə minlərlə əqidəli cəbhəçilər ordusu olaraq, bütün məhrumiyyətlərə sinə gərib qətiyyətli liderimizlə birlikdə “yola davam” deyirik.

Millətimizin qurtuluş savaşında əlbəttə, itkilərimiz olacaq, amma sonda qələbə də olacaq. Bu qələbədə həmmüəllif olmaq şansını itirənlərə yazıq”, – deyə G.Bayramlı yazıb.

***

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Facebook səhifəsində Razi Nurullayevin partiyadan çıxarılma səbəblərindən yazıb və onun partiyaya qarşı ittihamlarına cavab verib:

"Əli bəy siyasi dözümlülük və birgə fəaliyyət dönəminə hörmət göstərərək Razi bəyin sədr müavinliyindən niyə azad olunmasının səbəbini göstərməyib.

 Ancaq Razi bəyin buna rəğmən AXCP-yə və Əli Kərimliyə qarşı irəli sürdüyü əsasız ittihamlar bizi onun vəzifədən azad olunmasının səbəbləri haqda danışmağa məcbur etdi. Razi bəy AXCP-nin müxalif siyasi kursuna uyğun gəlməyən, bir çox hallarda hakimiyyətin siyasi maraqlarına xidmət edən fəaliyyətinə görə sədr müavinliyindən kənarlaşdırılıb. Təkcə bir faktı qeyd edim ki, iqtidarın vətəndaş cəmiyyətinə basqılarının dözülməz həddə çatdığı bir məqamda onun bir neçə ay öncə hakimiyyətin QHT sektoru ilə bağlı siyasətini təqdir edən hesabat yayması sosial şəbəklərdə haqlı qınaq yaratmışdı. AXCP-nin bütün funksionerləri hakim rejimin yarıtmazlıqlarını, xalqa zidd siyasətini obyektiv şəkildə tənqid etdiyi halda Razi bəy loyal mövqeyi ilə nəinki partiyanın müxalif siyasi kursu ilə razılaşmadığını göstərirdi, hətta bir çox hallarda bu tənqidlərin əleyihinə olduğunu da gizlətmirdi. Belə olan halda partiya sədri Razi bəyin AXCP-nin müxalif siyasi kursu ilə razılaşmadığını və bu kursa zidd fəaliyyətini əsas götürərək onun tutduğu vəzifədən azad edilməsinə qərar verməli oldu.
Əli bəyin bu qərarı təkcə onun sədr kimi şəxsi düşüncəsini ifadə etmir, həm də partiyanın rəhbər strukturlarının mövqeyini ifadə edib. Çünki Razi bəyin iştirakı ilə bir neçə dəfə partiya RH-də onun siyasi kursa uyğun gəlməyən fikir və fəaliyyətləri ilə bağlı tənqidlər onun nəzərinə çatdırılmışdı. 
Qaldı ki, Razi bəyin səsləndirdiyi tənqidlərə, onların da bəzilərinə aydınlıq gətirmək istəırdim.
1) Razi bəy bildiri ki, partiyada Əli Kərimli avtoritarizmi yaradıb. Əvvəla belədirsə və Razi bəy səmimidirsə niyə müavin olduğu 5 il ərzində bu barədə etirazlarını bildirmirdi? Bu fikirlər ona görə əsassızdır ki, məhz AXCP-də olan azad fikirlilik və demokratiyaya görə ölkədəki avtoritarimlə barışmayan insanlar bu təşkilatda birləşiblər. Əgər belə olmasa idi o zaman heç bir maddi təminatı olmayan, iqtidarın hər cür basqısı ilə üzləşən, cəbhəçi olduqları üçün mərhumiyyətlərlə yaşayan minlərlə insan nəyə görə AXCP üzvü olaraq bu təşkilata bağlanıb? Onları birləşdirən, bu qədər əyilməz edən məhz AXCP-dəki yüksək mənəvi mühit, hər kəsin şəxsiyyətinə və düşüncəsinə verilən dəyər, azadlıq və demokratiya ideallarıdır. Bu insanları çətin mübarizə yolunda Əli bəylə birgə addımlamağa vadar edən məhz Əli bəyin bir lider kimi azad düşüncəli cəbhəçilərin demokratiya ideyalarını ifadə etməsi, mübarizədə səmimi olması və hər bir cəbhəçinin önəm verdiyi mənəvi dəyərləri özündə təcəssüm etdirməsidir. Əgər belə olmasaydı minlərlə insan hakimiyyətin basqılarına, həbslərə, işsiz qalmalara baxmayaraq, uzun illər mübarizə yolunda Əli bəylə birgə addımlamazdılar.
14 il ərzində AXCP rəhbərliyində olmuş bir şəxs kimi deyə bilərəm ki, AXCP-də qərarlar heç vaxt Əli bəyin iradəsi ilə verilməyib. AXCP-də qərarlar həmişə kollegial şəkildə RH-də açıq və sərbəst müzakirələr keçirilərək verilib. Hər zaman bu müzakirələrdə fərqli fikirlər səslənib və buna görə də heç kimə güldən ağır söz deyilməyib. Əli bəyin günahı deyil ki, müzakirələr zamanı o daha məntiqli və əsaslandırılmış fikirlər söylədiyi üçün onun gətirdiyi arqumentlər bir çox hallarda daha inandırıcı və əsaslı sayılıb. Əli bəyin qərarlara təsiri yalnız məntiq və arqumentlərinin gücündə olub,o heç vaxt belə məsələlərdə diktə və status arxasında gizlənməyib. Əksinə ,həmişə ətrafındakıları açıq və səmimi müzakirələrə dəvət edib.
2) Razi bəy bildirir ki, niyə "cəbhəçilərin başının altına yastıq qoymalıyıq ki, gəlirik" Onun bu ittihamı əsassızdır. Harda hansı AXCP funksioneri deyib ki, biz gəlirik. Bu gün sosial şəbəkələr, media vasitəsi ilə hamının AXCP rəhbərliyinin və Əli bəyin fikirləri ilə tanış olmaq imkanı var. Əksinə, Əli bəy və onun ətrafı hər zaman dönə-dönə deyirlər ki, ölkədə dəyişiklik, o zaman mümkün olacaq ki, Azərbaycan xalqı azad olmaq qərarı verib mövcud rejimi dəyişəcək. Bunsuz heç kim kənardan gəlib bizim əvəzimizdən nəsə edəsi deyil. Əli Kərimli vəd verməklə yox , cəmiyyəti öz haqları uğrunda mübarizəyə səsləməklə məşğuldur.
3) Razi bəy yazır ki, partiya səhmdar cəmiyyətdir və insanların səhmi əllərində yanıb, onlar-cəbhəçilər xeyir götürə bilmirlər. Əslində, Razi bəy bu sözlərlə niyə cəbhəçi ola bilməməsinin səbəbini açır. Çünki insanlar AXCP-yə xeyir götürmək üçün deyil, ölkədə demokratik dəyişikliklərə nail olmaq üçün üzv olurlar. Bu qərarı verərkən onlar həbs, işsizlik kimi mərhumiyyətləri göz önünüə alırlar,nəinki hansısa xeyir güdməyi. Cəbhəçilər üçün mübarizədən xeyir götürmək şəxsi maraqları təmin etmək deyil, ölkəmizdə demokratik dəyişikliklərə nail olmaq deməkdir. Bu demokratik mübarizdə isə AXCP sədri kimi Əli Kərimlinin götürdüyü "xeyir", qohumlarının həbs edilməsi, özünün rejimin təhqir hədəfinə çevrilməsi, rəhbərlik etdiyi partiyanın qərargahsız, özünü pasportsuz qalması, məhz onunla birgə olduğuna görə komanda üzvlərinin həbsə atılmasıdır. Adam heç belə "xeyri" düşməninə də arzu etməz.
4) Razi bəy yazır ki,AXCP üzvləri axırıncı pullarını verib kontur alıb insanları mitinqlərə çağrırılar,. Bu əslində, qəbahət deyil, cəbhəçilərin tutduqları yolda mübarizələrinə verdiyi dəyər və inamın göstəricisidir. Bu insanlar Əli Kərimlini fədakar və səmimi saymasaydılar, onu necə lider qəbul edə bilərdilər? Məgər Əli bəy inzibati resurs və ya pul gücünəmi onları öz ətrafında saxlayır? Əksinə, onlar etdikləri fədakarlıqda, apardıqları mübarizədə Əli bəyi özləri üçün həmişə müsbət bir nümunəyə çevirdikləri üçün öz təşkilatlarına bu qədər səmimi və ürəkdən bağlanıblar.
Ona görə də Əli bəy bu insanları istismar etmir, onlarla birgə demokratik dəyişikliklər uğrunda mübarizə aparır. Bu mübarizənin hələ ki, qələbə ilə nəticələnməməsinin səbəbi Əli bəyin və minlərlə cəbhəçinin seçdiyi təmannasız mübarizədə deyil, rejimin zorakılığında və hələ ki, cəmiyyətimizin qorxu zəncirindən qurtulub kütləvi mübarizəyə qərar verməməsindədir. Əgər nə zaman xalqımız ölkədə dəyişikliyə qərar verəcəksə, bu məhz fədakar cəbhəçilərin apardıqları mübarizənin kütləviləşməsi sayəsində mümkün olacaq".