Viktoriya və… alma əhvalatı

“Prezident Əliyev və nazir Məmmədyarovla çox yaxşı, məzmunlu və səmimi görüşlərimiz oldu. Bu görüşlərdə mənim əsas mesacım o oldu ki, biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik, demokratiya sahəsini mümkün qədər daha da gücləndirmək istəyirik”, – Nuland danışıqların yekunları ilə bağlı ABŞ səfirliyində keçirilən brifinqdə bildirib.
Viktoriya xanımın keçirdiyi bu brifinqin səhəri günü Leyla xanımın  – demokratiya və insan haqları uğunda fəal mübarizə aparan Sülh və Demokratiya Institutunun rəhbərinin həbs müddəti daha 5 ay uzadıldı. Ilham Əliyevlə “çox yaxşı, məzmunlu və səmimi görüşlərə” qədər demokratiya və insan haqları uğrunda mübarizə aparan dostlarımızın həbs müddəti adətən 2-3 ay uzadılardı. “Məzmunlu və səmimi görüşlər”, sən demə, müddəti artırırmış. Xanımın sürprizləri bununla da bitmədi, Ermənistana səfəri qondarma “soyqırım” abidəsinin ziyarətindən başladı. Ermənilər bu il 1915 “soyqırımının” 100 illiyini bütün dünyada qeyd etmək, hər kəsə etiraf etdirmək niyyətindədir. Il pis başlamadı. ABŞ-ın dövlət katibinin köməkçisi səviyyəsində dəstək aldılar. Apreldə də dövlət səviyyəsində uğur qazanarlar yəqin. Qayıdaq vətənə…
Ah unudulmuş vətən! Ah yazıq vətən! Ötən əsrin başlanğıcında böyük Mirzə Cəlil deyən durum 100 il sonra yenə boy verir. Sənin dərdini, ağrılarını kimsəyə duydura bilmirik. Paytaxtımıza gələn hər qonaq sənin “Potyomkin kəndi”ni xatırladan gözəlliyindən, qayğısızlığından, zənginliyindən danışır… Heç uzaq deyil, cəmi 23 il qabaq ermənilər rus qoşunlarının köməyi ilə Xocalı adlı bir şəhəri yer üzündən sildilər, soyqırım törətdilər, qadını, qızı, qocanı, cavanı, uşağı süngüdən keçirtdilər. Nulandın qondarma abidəsi önündə sayğı duruşuna dayandığı, baş əydiyi ermənilər. Xanımın səfəri bu qətliamın ildönümü ərəfəsinə düşmüşdü, nədən yada salınmadı? Cənub Qafqaza səfər proqramında hansısa abidənin ziyarəti protokola salınmışdısa, niyə orada Xocalı abidəsi olmasın? Yoxsa Azərbaycanda ziyarət olunası bir məkan var?!. Ola bilsin qan qaraltmaq istəməyiblər…
Bəs Kürdəxanı? Demokratiya, insan haqları uğrunda mübarizə aparanların qandallanıb saxlandığı məkan. Barışmaz, mübariz dostumuz Leyla xanım bu yaşında hansı əzabı çəkir, sordularmı görən “çox yaxşı, məzmunlu və səmimi görüş”də? Azadlıqdan məhrum etsələr də, Azadlığını əlindən ala bilmədikləri Xədicə xanımla bağlı nə danışdılar görəsən? Məhkəməyə meydan oxuyan Intiqam müəllimi, hökmün “azlığından” şikayətlənən Seymur Həzini dinləmək keçmədi ki, könüldən?
Haqsız yerə cəza çəkən başqa dostlarımız – Anar Məmmədli, Bəşir Süleymanlı, Tofiq Yaqublu, Ilqar Məmmədov, Rəşadət Axundov, Ilkin Rüstəmzadə və başqaları ilə bağlı suallarımıza heç brifinqdə də cavab tapa bilmədik. Açıqlamadan bəlli oldu ki, ənənəvi olaraq müzakirələrdə ən sonuncu yerdə demokratiya, insan haqları və başqa fundamental azadlıqlarla bağlı məsələlər gəldi…
Brifinqlə bağlı xəbər məni ötənlərə apardı. Bizim zonanın ən böyük ticarət obyekti Sabirabad bazarı idi. Ölkənin hər yerindən adamlar ora məhsullarını satmağa gəlirdi. Şənbə, əsas da bazar günləri çox qələbəlik olurdu. Ara günlərdə isə alver zəifləyirdi. Bu səbəbdən başqa rayonlardan gələnlər həftəarası məhsullarını yük maşınlarında kəndlərə aparır, az-çox alver edirdilər. Bizim kəndə də gəlirdilər. Kəndin mərkəzi yoluyla o baş-bu başa maşını sürüb müştəri çağırırdılar. Günlərin birində belə bir maşın gəlmişdi. Satıcı Gədəbəydən idi. Səsi bütün kəndi başına götürmüşdü: “Kartof var, kartof, kartof, Gədəbəy kartofu, kartof, kartof, kartof, kartof… – və nəfəsi kəsilən vaxt sakitcə deyirdi, – alma da var”. Səbəb sadəydi, artıq bilirdik; Sabirbad bazarında gədəbəylinin kəndlərə gedəcəyini eşidən piştaxta yoldaşı qubalı bir-iki “yeşik” alma verir ki, getmişkən onun da malını satsın. Gədəbəyli qardaş da qonşuluqdan keçməyib malı götürsə də, onunçün kartof birinci sırada, alma isə laaaap sonda gəlirdi…
Viktoriya xanımın brifinqi yadıma bu əhvalatı saldı…