Müdafiə Komitəsi Leyla Yunusa azadlıq tələb edir

Leyla Yunusun Hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçisinin həbs müddətinin uzadılmasını və ona qarşı başqa qanunsuzluqlar qətiyyətlə pisləyir. Komitənin bəyanatında L.Yunusun Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri, çoxlu sayda siyasi məhbusun azadlığa çıxmasında əməyinin olması qeyd edilir:
"Fevralın 18-də Nəsimi Rayon Məhkəməsin saxta ittihamlar və siyasi mülahizələrlə həbs edilmiş tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin  daha 5 ay uzadılması barədə  qərar çıxarıb. Məhkəmə bu qərarı Leyla Yusus haqında  seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi təqdimata əsasən çıxarmışdır. Məlum olduğu kimi Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 2014-cü ilin iyul ayının 30-da 3 aylıq həbs olunmuşdu. Ötən ilin oktyabr ayının 24-də onun həbs müddəti daha 4 ay uzadılmışdı. Bu ilin fevral ayının 28-də həmin müddət başa çatacağından, istintaq orqanları “operativ” hərəkət etmiş və 10 gün əvvəldən Leyla xanımın həbs müddətini nə az, nə çox daha 5 ay müddətinə uzatmaq barədə Nəsimi rayon məhkəməsinə təqdimat vermişdi. Elə həmin gün ölkə ictimaiyyəti məlumat aldı ki, Avropa İnsan Haqları Məhkəməsi Leyla Yunusun işinə prioritet qaydada baxmaq haqqında qərar qəbul edib. Məlum olduğu kimi Leyla xanımdan az sonra onun həyat yoldaşı, tanınmış alim və politoloq Arif Yunus da saxta ittihamlarla həbsə atılmışdı. İndi bu ailə sözün tam mənasında qanunun yox qanunsuzluğun qurbanına çevrilmişdir. Siyasi mülahizələrlə ailəvi həbslər bir qayda olaraq 37-ci ilin sindromu idi. Lakin XXI əsrdə köhnə Sovet məkanında bu sindrom Azərbaycanda zühur etməkdədir. 2003-cü ilin Şəmkir hadisələri zamanı Lamiyə Quliyeva və Vüqar Əliyevin, 2013-cü ildə Nigar və Tofiq Yaqublunun, 2014-cü ildə Yunuslar ailəvi həbslərin ağır sınağını öz üzərlərində yaşamalı oldular. Leyla xanım həbs olunandan bəri ona qarşı yalan, böhtan, təhqir və zorakılıq halları davam etməkdədir. Hətta, Prezident Administrasiyasının rəhbəri ötən ilin dekabr ayında nəşr olunmuş məqaləsində onu vətən xaini adlandırmaqdan çəkinməmiş, Penitensiar Xidmətin  rəhbər işçiləri Leyla xanımı agent elan etmişdir. Dövlət orqanlarında yüksək vəzifə, siyasi postlar tutan səlahiyyətli şəxslərin Leyla Yunus haqqında səsləndirdikləri bu fikirlər onun həbsinin siyasi sifariş olduğunu bir daha təsdiq edir. Leyla Yunus və digər siyasi məhbuslarının hüquqlarını müdafiə komitəsi Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri, çoxlu sayda siyasi məhbusun azadlığa çıxmasında əməyi olan bir ictimai xadimə, hüquq müdafiəçisinə,mövqeyli vətəndaşına və ən nəhayət anaya qarşı törədilən qanunsuzluqları pisləyir və onun dərhal azadlığa buraxılmasını tələb edir".