Hakim partiya Türkiyədəki seçkilərdə AKP-ni dəstəklədiyini bəyan etməklə, türk müxalifətinin hədəfinə gəlib
Yeni Azərbaycan Partiyası(YAP) Türkiyədə keçiriləcək parlament seçkilərində bu ölkənin hakim partiyası AKP-yə dəstək vermək qərarına gəlib. Bu məqsədlə Türkiyəyə nümayəndə heyəti göndərilib. YAP-ın icraçı katibi Əli Əhmədov artıq bu barədə mətbuata açıqlama verib.
YAP-ın bu addımı isə Türkiyənin siyasi səhnəsində birmənalı qarşılanmayıb. Müxalifət partiyaları MHP və CHP YAP-ın qərarını tənqid edib. MHP-li millət vəkili “Bizim Yol” qəzetinə müsahibəsində YAP-ın Türkiyə siyasətinə təsirinin sıfra bərabər olduğunu deyib. CHP genel başqanı Onur Öymən də YAP-ın bu addımını doğru saymayıb.
Əslində YAP-ın bu addımı ciddi siyasi səhv kimi dəyərləndirilməlidir. Çünki hakim partiya milyonlarla seçicini Azərbaycandan incik salır. Bundan əlavə yəqin ki, Türkiyədə fəaliyyət göstərən hansısa siyasi partiya seçkilər zamanı Azərbaycandakı partiyalardan birin dəstəkdəyini bəyan etsəydi, YAP hakimiyyəti dərhal bunu ölkəmizin daxili işlərinə qarışmaq kimi dəyərləndirərdi. Həmin siyasi partiya haqqında ağlasığmaz ittihamlar səsləndirərdi və s.
YAP AKP-ni dəstəkləyə bilər. Onur Öymənin təbirincə desək, birinin könlündə biri ola bilər. Lakin Türkiyəyə nümayəndə göndərin AKP-nin seçki kampaniyasına dəstək olmaq artıq bu ölkənin daxili işlərinə qarışmaq deməkdir. YAP düşünmür ki, Türkiyə Azərbaycan deyil. Orada seçkini Ramiz Mehdiyev keçirmir. Orada AKP hakim partiya olsa da, qalib gəlməyə bilər. Bəs bu baş verəcəyi təqdirdə nə olacaq?
YAP bundan əvvəl də oxşar siyasi səhvləri Ukrayna və Gürcüstanda keçirilən seçkilər zamanı buraxıb. 2005-ci ildə Ukraynada prezident seçkiləri zamanı Viktor Yanukoviçə dəstəklədi. Lakin nəticədə narıncı inqilab baş verdi və o zaman Kuçma rejiminin namizədi olan Yanukoviçin saxta qələbəsi ləğv edildi. Gürcüstanda da Şevarnadze rejiminə dəstək verildi, lakin nəticə YAP üçün yaxşı olmadı…



