Real olaraq, nəşrini dayandırmaq təhlükəsilə üzləşən qəzet oxuculara müraciət etdi
Son bir neçə ildə qəzetə qarşı repressiyaların bütün mərhələlərində bizə dəstək olan oxucularımızı indiki durumumuz barədə məlumatlandırmaq borcumuzdur.
Öncə onu bildiririk ki, dövlət yayım şirkəti olan “Qasid” vasitəsilə “Azadlıq”a maliyyə təzyiqləri davam etdirilir. Bu şirkət “Azadlıq” qəzetinin nüsxələrinin satışından əldə olunan 69 min manatdan artıq maliyyə vəsaitini mənimsəyib, onu ödəmək fikrinin olduğu da görünmür. Amma məsələ, təkcə “Qasid”lə məhdudlaşmır. Metro statnsiyalarında qəzet satışının qadağan edilməsi hər ay “Azadlıq” qəzetinə 45 min nüsxənin satılmaması bahasına başa gəldi. Əl yayımının sərt şəkildə məhdudlaşdırılması hər ay 60 min nüsxənin satılmamasına səbəb oldu. Müəyyən müddət ərzində əməkdaşlıq etdiyimiz KIV-ə Dövlət Dəstəyi Fondu bizimlə əməkdaşlığı dayandırmaqla, qəzetin maliyyə vəziyyətinə ciddi zərbə vurdu. Bu, qəzet üçün hər ay 10 min manatdan məhrum olmaq demək idi.
Son illər ərzində “Azadlıq” qəzetinin ağır böhran şəraitində fəaliyyət göstərməsi haqda çox danışılır. Hakimiyyətin azad mətbuatı boğmaq siyasətinin qəzetimizə olduqca böyük zərbələri dəyib. Dövlət rəsmilərinin “Azərbaycanda mətbuat azadlıqları təmin olunub” bəyanatları həqiqəti əks etdirsəydi, o halda, tamamilə başqa vəziyyət olardı. Mətbuat azadlığı təmin olunan ölkələrdə kütləvi informasiya vasitələri gerçək rəqabət şəraitində fəaliyyət göstərir. Mətbuat azadlığı şəraitində populyar mətbuat orqanlarının reklamdan çox böyük məbləğdə maliyyə vəsaiti əldə etməsi kimsəni təəccübləndirmir. Hakimiyyət nümayəndələri yerli və beynəlxalq ictimaiyyəti aldatmaq üçün ölkədə mətbuat azadlığının olması haqda yalançı bəyanatlar verirlər. Amma Azərbaycanda azad mətbuata qarşı uzun illər ərzində davamlı olaraq repressiya siyasətinin aparıldığı danılmaz faktdır.
Jurnalistikanın başlıca prinsipi həqiqətə xidmət etməkdir. Azərbaycan hakimiyyəti isə jurnalistlərin hakimiyyətin maraqlarına xidmət etməsini istəyir. Demokratiya hakimiyyətin gerçək bölgüsü ilə yanaşı, azad mətbuatın mövcudluğuna müstəsna dəyərin verilməsini zəruri edir. Azad mətbuat olmadan demokratiyanın inkişafını təsəvvür etmək belə mümkün deyil. Biz “Azadlıq” qəzeti olaraq, həmişə jurnalistikanın başlıca prinsipinə – həqiqətə xidmət etməklə fərqlənmişik. Məhz buna görə “Azadlıq” qəzetinə xüsusilə son illərdə hakimiyyətin repressiya maşınının təzyiqləri daha da güclənib. Əməkdaşların həbsi, oğurlanması, döyülməsi, bıçaqlanması həqiqətə xidmət etməyə çalışdığımıza görə mövcud rejimin bu qəzetə olan münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bunlar azmış kimi, astronomik məbləğdə məhkəmə cərimələri, eləcə də qəzetin özünün maliyyə resurslarından məhrum edilməsi üçün bütövlükdə qəzet satışına qoyulan qadağaların konkret olaraq “Azadlıq” qəzetini hədəf götürdüyü nə bizim üçün, nə də başqaları üçün sirr deyil.
“Azadlıq”a qarşı davam etdirilən repressiya siyasətinin ağır nəticələrindən biri də budur ki, son 5 ay ərzində əməkdaşlar, faktiki olaraq maaşsız işləməkdədilər. Etiraf etmək lazımdır ki, “Azadlıq” qəzetinin kollektivi nə qədər qəhrəmanlıq və fədakarlıq göstərsə də, təəssüf ki, qəzetin bütün problemləri bu amillər hesabına həll oluna bilməz. Azərbaycanda azad sözün sərhədlərinin genişləndirilməsində, oxucuların informasiya ilə təmin olunmasında, ölkəmizdə demokratiya uğrunda mübarizədə müstəsna xidmətlər göstərmiş kollektivimiz ağır maliyyə böhranı ucbatından dayanmaq təhlükəsilə üzləşmiş qəzetin oxucularına kömək üçün müraciət etmək məcburiyyətində qalıb. Mövcud olduğu bütün dövrlər ərzində ölkəmizdən dünyada ən çox tanınmış və mətbuat tariximizdə parlaq nümunəyə çevrilmiş “Azadlıq” qəzetinin qorunub saxlanılması eyni zamanda, oxucularımızın və demokratik ictimaiyyətin də ən mühüm vəzifələrindən biridir. Ona görə də sizləri “Azadlıq”a dəstək üçün bütün səyləri birləşdirməyə çağırırıq. Hesab edirik ki, qəzetin oxucuları abunə kampaniyasını genişləndirməklə həm öz sevimli qəzetlərini xilas edir, həm fərqli fikrin, gerçək informasiya məkanının tənha daşıyıcısını qoruyub saxlayır, həm də gündəlik informasiya tələbatını ödəmiş olurlar.
Sizləri “Azadlıq” naminə geniş abunə kampaniyasına qoşulmağa çağırırıq! Hər bir oxucumuzun da bu kampaniyanın təşkilatçısı olacağına qətiyyən şübhə etmirik!
“Azadlıq”



