Milli torba

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
 
Nəhayət, şən, hər yanı gülşən ölkəmizin bir nömrəli problemi məlum oldu. Düzü, buna “bir nömrəli problem” demək də doğru deyil, çünki “problem” sözü artıq vətənimizə yaddır, Azərbaycanda heç bir problem yoxdur, hamısı çoxdan həll olunub qurtarıb. Hətta iş o yerə çatıb, son vaxtlar partiya və hökumətimiz problemsizlikdən əziyyət çəkir, həll etməli heç bir problem olmadığına görə yaptokratlar nə işlə məşğul olacaqlarını da bilmirlər, bekarçılıqdan geniş, işıqlı kabinetlərindəki kreslolarına yağ kimi yayılıb bütün günü mürgüləyir, arabir başlarını qaldırıb büdcədən xımır-xımır yeməklə vaxtlarını öldürürlər.
Yenə sağ olsun Milli Elmlər Akademiyamızı, dərin araşdırmalardan, uzun tədqiqatlardan sonra ciddi şəkildə məşğul olmalı, həll edilməli problem tapıb ortaya çıxarıblar. Belə ki, Akademiyanın hansısa institutunun hansısa şöbəsinin böyük elmi işçisi Novruz bayramında papaqatma ənənəsinin yığışdırılmasını təklif edib: “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın”.
Həqiqətən çox ciddi, taleyüklü məsələdir, ağır dərddir.  Hətta adam cin atına minir ki, niyə indiyədək bu cür dəhşətli qlobal problem həll edilməmiş qalıb. Kim bilir, bəlkə də Qarabağ, demokratiya, işsizlik, korrupsiya kimi xırım-xırda “yaraqlarımızın düzəlməməsi”nin səbəbini elə bu papaqatdı ənənəsində axtarmaq lazımdır.
Buradan Elmlər Akademiyamıza salamlarımı və sevgilərimi göndərirəm. Sağ olsunlar ki, gecə-gündüz yatmırlar, yemirlər, içmirlər, ölkəmizin çiçəklənməsinə mane olan problemləri tapıb üzə çıxarmaq üçün baş sındırırlar. Mələyin uçma sürətini hesablayırlar, Məşədi Ibad rəqsi oynayan robot düzəldirlər, Avropanın sərhədlərinin Zirənin içindən keçdiyini müəyyənləşdirirlər. Elmimizin bu uğurları qəlbimizi fərəhlə doldurur.
Papaqatdı ənənəsinin yığışdırılması təklifi isə lap yerinə düşür. Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Yazıçılar Birliyi, Bəstəkarlar Ittifaqı, canım sizə desin, Baş Prokurorluq, DIN, MTN əl-ələ verib bu problemi dərhal yoluna qoymalıdırlar. Bu gün papaq atan uşaq sabah “Molotov kokteyli” atar. 
Əlbəttə, indi bəzi ağzıgöyüçəklər, inkişafımızı gözü götürməyən antimilli ünsürlər, düşmən dəyirmanına su tökən xain qüvvələr çıxıb deyə bilərlər ki, bayramda qapılara papaq atmaq seçki qutusuna saxta bülleten atmaqdan da ciddi problemdirmi? Belələrinə heç əhəmiyyət vermək lazım deyil. Papaqatdını yığışdırmalıyıq, vəssalam! 
Hələ görün Milli Elmlər Akademiyamızın böyük elmi işçisi papaq atmağın əvəzində nə təklif edir: “Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər. Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər”. Çox gözəl, çox pakizə! Tamamilə razıyam. Qoy başqa xalqlar Aya uçub oradan kəlləmayallaq yerə gəlsin, “Apple”-mapple kimi gülünc icadlarla məşğul olsunlar, biz isə öz milli torbalarımızla dünyanı mat qoyarıq. Novruz bayramında həmin torbaları qapılara atar, ilin qalan günləri də onları antimilli ünsürlərin başına keçirib hansısa gölün qırağına, çölün ortasına apararaq orada ölümünə çırparıq. Beləcə, həm milli-mənəvi dəyərlərimiz qorunar, həm də dövlətçiliyimiz daha da möhkəmlənər.
Icazənizlə, sonda bir təəssüfümü dilə gətirmək istəyirəm. Könül istəyərdi ki, dünyanın fırlanmadığını hansısa ərəb şeyxi yox, elə Milli Elmlər Akademiyamızın işçilərindən biri deyərdi. Yəqin onda düşmənlərimizin ürəyi paxıllıqdan partlayar, elmimizin bu qüdrəti qarşısında gözləri kəllələrinə çıxardı. 
Yenə də qəm etməyə dəyməz. Nə çoxdur dünyada axmaq fikir, məsələn, Yerin kürəşəkilli olduğunu iddia eləyən sarsaqlar var, yəqin belələrinə şanlı Akademiyamız yaxın vaxtlarda layiqli cavabı verər.