Dalbadal 7-ci dəfə bu uzaq Afrika ölkəsinin prezidenti seçilən Roberto Muqabenin ilk sözləri bilirsiniz nə oldu? Inanmayacaqsınz, amma aşağıdakı sözləri həqiqətən də o söylədi. Sitatı olduğu kimi verirəm: “Növbəti dəfə məğlubiyyətə düçar olan müxalifət getsin intihar etsin. Sizi inandırıram ki, heç itlər belə onların meyitlərinə yaxın getməyəcəklər. Bizim yolumuz demokratiyadır və insanlar bu üzdən bizi seçdi”…
…Ölkədəki mövcud qanunlara görə ölkənin prezidentinin yaşı 99-dan yuxarı ola bilməz. Bu günlərdə Muqabenin 91 yaşı tamam oldu və qanuna görə, 8 ildən sonra o pensiyaya (!) getməlidir. Bütün ölkə əhalisi canını dişinə tutub, 8 ili gözləməyə başlamışdı ki, qoca diktator fikrini dəyişdi. Ad günü ərəfəsində “məni prezident kreslosundan yalnız ölüm ayıra bilər” deyərək, sağ qalacağı təqdirdə Konstutusiyada dəyişiklik edəcəyini bildirdi. Zimbabvelilərin heç tükü də tərpənmədi. Dedilər, dözəcəyik, onsuz da hər iki halda da yolun sonuna gəlmişik.
Zimbabvelilərin bu cür arxayın danışıması səbəbsiz deyil. Çünki ölkədə diktatura o qədər zəifləyib ki, müxalifət tələsmir və qarşıdurma yolu ilə hakimiyyətə gəlmək istəmir. Onlar Muqabenin yaxınlarından xəbər gözləyir. Bir neçə ay qabaq, Muqabenin silahdaşlarından olan Coys Mucura adlı yüksək rütbəli xanım məmur az qala saray çevrilişi edəcəkdi, lakin müxalifət ona dəstək vermədi. Buradakı müxalifət hər şeyin təbii, demokratik, bizim dildə desək, üzü qibləyə doğru olmasında maraqlıdır. Bir il tez, bir il gec, fərqi yoxdur.
Bu, Zimbavbe yoludur. Taqətdən düşmüş diktatura və bədbəxt, biçarə xalq və hakimiyyətə gəlməkdə tərəddüd edən, lakin başqa yolu da olmayan müxalifət. Burada 1 ABŞ dolları 25 milyon Zimbabve dollarına bərabərdir. Muqabe ölkəni ayaqda saxlayan minlərlə ağdərili sahibkarın hər şeyini əlindən alaraq ölkədən çıxardı. Təsəvvür edə bilirsinizmi, 2008-ci ildə bu ölkədə hiperinflyasiya dünya üçün kosmik bir həddə çatdı: 100ÿ580 %…
Ölkədəki 12 milyon əhalinin 10 milyonu yoxsulluğun fəlakət həddindədir. 4 milyona yaxın əhali ölkədən gedib və s.
Muqabenin isə dünya vecinə deyil. Bu günlərdə 91 yaşını qeyd edəcək diktator ad günü mərasimi üçün 56 fil, 2 öküz, 6 antilop, bir dənə şir kəsməyi planlaşıdırır. Ötən il onun 90 yaşında havaya 90 hava şarı buraxılıb, 90 inək kəsilib və 90 kiloqramlıq tort bişirilib. Bu ziyafət prezidentə 40 milyon dollara başa gəlib.
Zimbabvedə Muqabedən başqa varlı və güclü adam yoxdur. Bu 40 ildən çox müddətdə o, demək olar, bütün silahdaşlarını xərclədi. Bir çoxunun kökünü kəsdi, bəzilərini ölkədən qovdu, bir qismi də hazırda həbsxanada çürüyür. Onların arasında nazir də var, nazir müavini də, general da, alim də…
Yuxarıda qeyd etdiyim kimi, Robert Muqabenin də digərləri kimi, diktator ifadəsindən zəhləsi gedir. Işin, türklər demiş, “ən interasan tərəfi” də budur.
Etiraf edim ki, Muqabe haqqında bu qədər uzun-uzadı yazmağı düşünmürdüm. Nə isə, belə alındı. Əslində, fikrimcə, bu mövzuda hansısa paralel aparmaq da düzgün deyil. Diktatorların biri o birinin təkrarıdır.
Sonda ya ölür, ya da qaça bildiyi yerə qədər qaçırlar. Geridə isə, əldən düşmüş, tükənmiş ölkəsi qalır. Bəzən təəssüf etməyə də vaxtları olmur.
Yadıma adını xatırlamadığım bir gürcü filmi düşdü.
…Ölüm yatağında olan bir qoca bütün ömrünü mənasız yaşadığını dərk edərək qaçırdığı ləyaqətli ölüm şanslarını xatırlayır. Müharibədə düşmənin atəş nöqtəsini həyatı bahasına susdurub, qəhrəman da ola bilərmiş. Amma bunu bir başqası edir və qəhrəman olur. Gənclik illərində sevdiyi qıza edilən təcavüz zamanı da gizlənir, lakin dostu qanı bahasına bunu bacarır və hamının kumirinə çevrilir və s.
Qoca bir ömrü boşa verdiyini anlayır…
Qocadan fərqli olaraq, diktatorlar öz ömrü ilə bərabər bir xalqın illərini boşa verir. Və bundan heç nə qazanmırlar…