Ölkə başçısı Ilham Əliyev son vaxtlar israfçılığa yol verilməməsindən danışır. Müşavirələrdə də bunu xüsusi vurğulayır. Təbii ki, ölkə başçısının israfçılıqla narahatlığı neftin qiymətinin ucuzlaşması və ölkədə iqtisadi böhran yaranması ilə bağlıdır.
Amma gəlin görək, Ilham Əliyev özü buna əməl edirmi? Xeyr, məqsədimiz ölkə başçısının dəbdəbəli həyatı ilə bağlı faktları oxuculara təqdim etmək deyil. Başqa bir məqamı diqqətə çatdıracağıq. Bir neçə həftə əvvəl Ilham Əliyevin sərəncamı ilə yeni qurum yaradıldı: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti. “Azərenerji”nin səlahiyyətlərinin bir qismi bu quruma verildi. Bəlli oldu ki, bundan sonra əhaliyə enerji satışı ilə “Azərişıq” məşğul olacaq.
Xatırladaq ki, vaxtilə bu işlə “Barmek” şirkəti məşğul olub. Bu şirkət Azərbaycan üzrə enerji satışını həyata keçirməsə də, ölkənin demək olar ki, yarısını işıqla təmin edib. Özü də hakimiyyətdən heç bir dotasiya almadan. Amma məsələn, sonradan Bakıda “Barmek”in işini görən “Bakıelektrikşəbəkə”yə 2007-2013-cü ildə 450 milyon manat vəsait ayrılıb. Amma bunun müqabilində “Bakıelektrikşəbəkə” “Barmek” kimi keyfiyyətli xidmət göstərə bilməyib. Üstəlik “Barmek” indikindən üç dəfə ucuz tariflə işləyirdi. Lakin hakimiyyət bu şirkəti ölkədən qovdu. Büdcədən heç bir dotasiya almadan əhalini elektrik enerjisi ilə təmin edən bir şirkətin “Bakıelektrikşəbəkə” ilə əvəzlənməsinin hansı məntiqə sığdığını yəqin ki, hökumət rəsmiləri də izah edə bilməz. Indi də “Azərişıq” yaradılıb. Şübhəsiz bu qurum da dövlət dotasiyası işləyəcək. Bu israfçılıq deyil, bəs nədir?


