Banklar Elman Rüstəmovu eşitmədi

Baş bankirin çıxışı vətəndaşları sakitləşdirmədi, manat ajiotajı davam edir

 
Azərbaycan manatının ucuzlaşması dünən də davam edib. Mərkəzi Bankın verdiyi məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb. Belə ki, açıqlanan son rəsmi məzənnələrdə 1 ABŞ dolları 0,7853 AZN idisə, dünən bu göstərici 0,7855-ə çatıb. Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Ötən gün 1 avro 0,8920 AZN olduğu halda bu gün həmin məzənnə 0,8959-a yüksəlib. Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub. 
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə fevralın 17-də əhaliyə müraciət edərək, manatın ucuzlaşmasının əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacağını deyib. Və bəyan edib ki, banklara valyuta satışını həyata keçirməklə bağlı göstəriş verilib: “Birrəqəmli inflasiya nəinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilərlər”.ÿ
Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur. Amma səhərisi gün yenə valyutadəyişmə məntəqələri dolların satışını həyata keçirməyiblər. Yəni MB-nin bəyanatından sonra dollar satışına tətbiq olunan qeyri-rəsmi qadağa davam etməkdədir.
 
“Ölkədən kapital axını sürətlənəcək”
 
Iqtisadçı Qubad Ibadoğlu baş verənlərlə bağlı öz “facebook” səhifəsində status paylaşıb: “Mərkəzi Bank tərəfindən məzənnə siyasətindəki dəyişiklik son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Odur ki, mən də fikirlərimi bölüşərək bildirmək istərdim ki, Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda manatın qısamüddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz. Çünki, mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir, onsuz da Mərkəziÿ Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir”.
Q.Ibadoğlunun fikrincə, digər tərəfdən də məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid zamanı avro yenidən səbətə daxil edilsə də, onun xüsusi çəkisi çox aşağı götürülüb. Lakin, məlum açıqlamanın yaratdığı psixoloji təsirlər yaxın müddət ərzində aşağıdakı neqativ tendensiyaların güclənməsinə stimul verəcək:
Birincisi, Mərkəz Bank valyuta bazarında satışyönlü müdaxilə rejimində daha gərgin işləməyə məcbur olacaq. Bu isə müdaxilə xərclərinin artımını və valyuta ehtiyatlarının azalmasını sürətləndirəcək.ÿ
Ikincisi, əhalinin gözləntiləri çox olduğuna görə, manatla olan depozitlərin geri götürülməsi davam edəcək ki, bu da manata olan inamın azalmasını şərtləndirəcək.ÿ
Üçüncüsü, baş verənlər dövriyyədə nağd əməliyyatların artımına və gizli iqtisadiyyatın genişlənməsinə gətirib çıxaracaq.ÿ
Dördüncüsü, iri məbləğdə olan (əmlak, torpaq və maşın bazarlarında) alışlar və satışlarda dollara üstünlük veriləcək.
Nəhayət, ölkədən kapital axını sürətlənəcək.ÿ
Mərkəzi Bank ötən ilin sonuncu rübü üzrə tədiyə balansının nəticələrini açıqlamasa da, artıq əvvəlki rüblər üzrə profisitin azalması qeydə alınıb. Daha ciddi azalma isə bu ilin 1-ci rübündə gözlənilir. Bu isə o deməkdir ki, neftin orta illik qiyməti hətta indiki səviyyəsində qalarsa, tədiyə balansının profisiti kəskin azalacaq və bir müddətdən sonra manatın məzənnəsinə artıq psioxoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl “qiyamət” də onda qopacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar.
 
“Banklar əllərində olan dollar ehtiyatını satmaq istəmir”
 
Iqtisadçı Samir Əliyev isə hesab edir ki, E.Rüstəmovun açıqlaması, gec də olsa, müsbət qarrşılanmalıdır. Çünki bu addım insanları panikadan yayındırmaq üçün vacibdir. MB-nin açıqlamasından sonra insanlar arasında panikanın işə düşdüyünü deyən S.Əliyev vurğuladı ki, ona görə vaxtında Mərkəzi Bankın addımlarını vətəndaşlara izah etmək lazım idi: “Amma Azərbaycanda devolvasiya prosesini gizlətdilər və insanlara elan etdilər ki, bu olmayacaq. Amma insanlar görürlər ki, bu proses gedir. Iki gün ərzində manat 0.5 faiz ucuzlaşıb. Eyni zamanda avro da son iki gündə 0.4 faiz ucuzlaşıb. Fevralın 17-də bir sıra yerlərdə, ümumiyyətlə, dollar satışının dayandırıldığı nəzərə alınarsa, o zaman enmə bir qədər də artıq ola bilərdi. Elman Rüstəmovun açıqlaması müsbət dəyərləndirilməlidir. Amma bir gün sonra insanlar yenidən gedib valyutadəyişmə məntələrində problem görən zaman artıq inamsızlıq meydana çıxır. Nəticədə insanlar Mərkəzi Bankın rəhbərinin dediyi sözün düz olmadığını deməyə başlayırlar. Bu isə arzuolunmaz haldır”. 
Mərkəzi Bankın rəhbərinin açıqlamasına rəğmən, bankların vətəndaşlara dollar satmamasının səbəblərinə gəlincə, S.Əliyev bildirdi ki, bu o deməkdir ki, banklar əllərində olan dollar ehtiyatını satmaq istəmirlər. Ona görə bazarda qıtlığın yaşandığını söyləmək düzgün olmazdı. “Banklar manatın ucuzlaşacağını bildiyindən dollarlarını daha baha satmaq istəyirlər”, deyə S.Əliyev bildirdi.