Ailəsi borc içində yaşayan siyasi məhbus

Azərbaycan dəhşətlərini zəif gözü ilə görüb dözməyən Elnur Isrəfilovun hekayəti…

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan yeganə əyalət fəalı Elnur Isrəfilovdur. 1983-cü ildə Yevlaxda anadan olan Elnura aprelin 25-də sahə müvəkkili deyib ki, “rəis çağırır” və onu polis şöbəsinə aparıb. Oradan da həbs olunaraq, Bakıya gətirilib.
Iyunun 4-də AXCP sədrinin müavini və Ictimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı, AXCP Rəyasət Heyətinin üzvü Iradə Əliyeva və partiyanın Yevlax rayon şöbəsinin sədri Şəkər Isgəndərli bugünlərdə Elnurgilin ailəsinə baş çəkiblər.

“Fəallığın” cəzası

Elnur Isrəfilov III qrup gözdən əlildir. 2 övladı var. Oğlu Nihadın 7, qızı Səbinənin 8 yaşı var. Həyat yoldaşı Kəmalə Isrəfilova evdar qadındır. O, heç bir partiyanın üzvü deyil. Ictimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyasında iştirak etdiyinə görə Elnuru əvvəl tutub xəbərdarlıq edərək, buraxmışdılar. Səbail Rayon Məhkəməsinin qərarı ilə aprelin 27-də barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

35 manatla iki uşaq saxlamaq olarmı?


Kəmalə xanım deyir ki, həyat yoldaşının mitinqə getməsinin əleyhinə olub. Hətta bu barədə Elnurdan xahiş də edib. Elnur isə gedəcəyini deyib və gedib də…
“Çox gözlədik, gəlmədi. Məlum oldu ki, Elnuru 2 aprel mitinqində iştirakına görə həbs edib, Bakıya aparıblar. Elnur 1 ildən çoxdur ki, işsiz idi. Xeyli borcumuz vardı. Elnurun əlil kimi aldığı 35 manatı da hər ay borcumuza verirdik. Dolanışığımız çox çətin idi. Mənim həyat yoldaşım nə günah sahibidir ki, onu həbs ediblər? Minlərlə ailələr kimi, biz də çox acınacaqlı vəziyyətdə yaşayırıq. Elnur bütün bunlara etiraz etmişdi. 35 manatla biz necə iki uşaq saxlayaq, onlara necə təhsil verək? Elnur övladlarına çox bağlıdır. Heç onlardan ayrı qala bilmirdi. Indi Nihad onsuz dözə bilmir, hər gün nə vaxt gələcəyini soruşur. Bir şey deyə bilmirəm”, – deyə Kəmalə xanım ailənin durumu barədə danışır.

Vətəndaşlıq borcu və kommunal borclar

Elnurun qardaşının xanımı Aynurə bizimlə söhbətində qaynını mərd bir insan kimi xarakterizə edib: “Ondan həmişə yaxşı münasibət, hörmət görmüşük. Ancaq Elnur ədalətsizliyə dözə bilmirdi…”
Cəbhəçi xanımların səfəri zamanı Elnurun qızı evdə olmayıb. Nihadın isə atasından ayrı dözə bilmədiyi dərhal hiss olunub. Uşaq o qədər kövrəlib ki, fikrini başa çatdıra bilməyib: “Atam üçün çox darıxıram, atam gəlsin…”
Bu yerdə AXCP sədrinin müavini Gözəl Bayramlı sual edir: “Bu uşağın günahı nədir görəsən? Ağır həyat şəraiti bəs deyil, atasına da həsrət qalmalıymış…”
Səfər zamanı o da bəlli olub ki, Elnurgilin borcları olduğundan onların evinə qaz verilməsi də dayandırılıb. Analoqsuz inkişafın analoqsuz paradoksları…

Siyasi məhbuslara diqqət səngiməməlidir

Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında bildirib ki, siyasi məhbus ailələrini daim diqqətdə saxlayırlar. Bu insanların siyasi sifariş əsasında qondarma ittihamlarla həbs olunduğunu deyən Gözəl xanım onu da əlavə etdi ki, artıq bütün dünya onların günahsız olduğunu bilir və təsadüfi deyil ki, onlar “vicdan məhbusu” adlandırılır.
“Amma hakimiyyət bu repressiyalarla heç nəyə nail ola bilməyəcək. Insanlar öz haqları uğrunda mübarizə aparırlar və heç kim buna əngəl ola bilməz”, – deyə Gözəl Bayramlı vurğulayıb.
AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva bildirib ki, Elnur və onun kimi gəncləri həbs etməklə hakimiyyət gənclərin gözünü qorxutmaq məqsədi güdür: “Elnur bir çoxlarından fərqli olaraq, əsl vətəndaş mövqeyi ortaya qoyub, baş verən ədalətsizliklərə etirazını bildirib”.
AXCP Yevlax rayon şöbəsinin sədri Şəkər Isgəndərli Elnurun ailəsilə daim əlaqə saxladıqlarını və bundan sonra da ailəyə dayaq olacaqlarını bildirib.

Natiq