Repressiyalarda ad çıxarmış müstəntiq səs-küylü məhkəmədə

İbrahim Ləmbəranski 600 minlik dələduzluq işində necə "ilişib"?
 
Fevralın 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət vermədə ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyev Rusiyadan gəlmiş azərbaycanlı iş adamı Ramazan Səlimovdan onu vəzifəyə təyin etdirəcəyi adı ilə 600 min manat pul alıb və mənimsəyib. Ramazan Səlimovu keçmiş hakimlə tanış edən isə onun dostu Elman Məmmədov olub.
 
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova məhkəmə tərkibinə etirazını bildirib. Vəkil məhkəmənin təqsirləndirilən şəxslərin maraqlarını müdafiə etməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib. Vəsatət baxılmamış saxlanılıb.
 
“Həsən Əliyevi yıxıb-sürüyəcəyini deyirdi”
 
Bundan sonra Rauf Qurbanov əlavə şahid qismində dindirilib. Şahid sərbəst ifadəsində sabiq hakim H.Əliyevlə uzun illər dost olduqlarını, zərərçəkmiş R.Səlimovu H.Əliyevin vasitəsilə tanıdığını deyib: “Ramazanı 2012-ci ilin əvvəllərindən tanımışam. Uzun illər vəzifədə çalışdığını, əvvəllər Rabitə Nazirliyində, Vergilər Departamentində işlədiyini deyirdi. Hazırda isə işsiz olduğunu, işıq, su və qaz idarəsinə işə düzəlmək istəyirdi. Bir dostumdan xahiş etdim ki, onu “Azərsu”ya işə düzəltsin. Birlikdə “Azərsu”ya getdik, Ramazanın sənədlərini qəbul etdilər və özləri əlaqə saxlayacaqlarını dedilər. Sonradan eşitdim ki, sənədlərini geri götürüb”.
 
Şahidin sözlərinə görə, zərərçəkmiş ona Qəzənfər Novruzovla (Binəqədi rayon icra başçısının sabiq müavinini nəzərdə tutur-red.) yaxın əlaqələrinin olduğunu deyib. Həmin ərəfədə bir nəfər tanışının tikinti işi ilə bağlı Q.Novruzovdan icazə almaq üçün R.Səlimova müraciət etməli olub: “Dedim ki, imkan olsa, zəng vur, nə lazımdırsa, hörmət edəcəyik. Bir neçə gündən sonra Ramazanla əlaqə saxlayanda dedi ki, narahat olma, demişəm. Hörmət üçün 1500 manat verdik ki, Qəzənfər müəllimə hədiyyə alıb aparsın. Sonradan məlum oldu ki, heç kimə heç nə almayıb. Dörd ay Ramazanı axtardım, tapa bilmədim. Zəng vururdum, gah telefona cavab vermirdi, gah bağda olduğunu deyirdi. Məni çox incidirdi, bütün əsəblərim korlanmışdı. Dörd-beş aydan sonra həmin pulu gətirib qaytardı”.
 
R.Qurbanovun ifadəsinə görə, həmin ərəfələrdə R.Səlimov ona H.Əliyevi yıxıb-sürüyəcəyini deyib. Səbəbini soruşduqda isə R.Səlimov əlindəki qovluqda kifayət qədər sənədlərin olduğunu bildirib: “Bu barədə Həsən müəllimə danışdım. Ona dedim ki, bu adamdan sənə xeyir gəlməz. Sonrakı hadisələr barədə isə mətbuatdan oxudum”.
 
Sonra şahid vəkillərin, dövlət ittihamçısının və tərəflərin suallarını cavablandırıb.
 
“8 milyon pulu var idisə…”
 
Vəkil Sadiq Rəsulov:
 
– Ramazan Səlimovu “Azərsu”ya və Qəzənfər Novruzovun yanına aparmağı Həsən Əliyev xahiş etmişdi?
 
Şahid:
 
– Xeyr. Ramazan Səlimovun öz təşəbbüsü ilə getmişdik. Deyirdi 8 milyon pulum var, imkanım böyükdür. Sonra bir-iki yalanını tutdum.
 
Vəkil:
 
– Həsən müəllim Ramazanı hansısa rayona icra başçısı təyin etdirəcəyi barədə nəsə demişdi?
 
Şahid:
 
– Yox. O barədə heç nə deməyib. Onu heç “Azərsu”ya işə götürmədilər.
 
Vəkil:
 
– Bu hadisədən sonra Həsən Əliyevlə görüşdünüzmü?
 
Şahid:
 
– Bəli. Həsən müəllimə dedim ki, Ramazanın sizə qarşı böyük iddiası var, nəsə yazıb. Həsən müəllimi ədalətli bir insan kimi tanıyıram.
 
Vəkil:
 
– Həsən müəllim Ramazan Səlimovdan pul aldığını demişdi?
 
Şahid:
 
– Xeyr. Deyirdi ki, almamışam.
 
Həsən Əliyev:
 
– Ramazanı iş üçün “Azərsu”ya aparanda rəhbər işçilərdən kim qəbul etdi?
 
Şahid:
 
– “Azərsu”nun birincü müavini Teyyub Cabbarov dedi ki, iş yoxdur.
 
H.Əliyev:
 
– Ramazan nə hədiyyə alıb aparmışdı?
 
Şahid:
 
– Əlində telefonu, bir də papağı var idi. Başqa heç nə yox idi.
 
H.Əliyev:
 
– Siz polis bölməsinə gələndə nə gördünüz?
 
Şahid:
 
– Həsən müəllim deyirdi ki, şər-böhtandır hamısı. Deyirdi ki, bunlar imicimə, tutduğum vəzifəyə xələl gətirəcək.
 
Dövlət ittihamçısı:
 
– Elman Məmmədovu və Həsən Əliyevi hardan tanıyırsınız?
 
Şahid:
 
– Həsən müəllimlə dostuq. Elmanı isə ilk dəfə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsində görmüşəm.
 
Dövlət ittihamçısı:
 
– Ramazan Səlimovun böyük iddiaları olduğunu haradan bilirdiniz?
 
Şahid:
 
– Danışıqlarından.
 
Dövlət ittihamçısı:
 
– Ramazan Səlimov sizdən aldığı pulu nə vaxt qaytardı?
 
Şahid:
 
– Dörd aydan sonra.
 
Dövlət ittihamçısı:
 
– Dörd ay ərzində niyə polisə müraciət etmədiniz?
 
Şahid:
 
– Həsən Əliyevə görə polisə şikayət etmədim. Çünki Ramazanı onun üzünə tanımışdım.
 
Dövlət ittihamçısı:
 
– Mətbuatdan nə öyrəndiniz?
 
Şahid:
 
– Ramazan iddia edib ki, Həsən Əliyevə 600 min manat verib. Bu barədə mətbuatdan oxudum.
 
Hakim M.Məmmədov:
 
– Əgər Ramazanın 8 milyonu var idisə, niyə sizin pulunuzu qaytarmırdı?
 
Şahid:
 
– Deyirdi ki, pullarım kartdadır, çıxara bilmirəm.
 
Bundan sonra hakim M.Məmmədov zərərçəkmiş Ramazan Səlimovun bacısı Meyransa Səlimzadənin məhkəməyə məktubla müraciət etdiyini proses iştirakçılarının nəzərinə çatdırıb.
 
M.Səlimzadə bundan öncə məhkəməyə ünvanladığı məktubunu emosional vəziyyətdə yazdığını, həqiqəti əks etdirmədiyini, qardaşı barədə dediklərini təsdiq etmədiyini, dindirilməyinə heç bir ehtiyac olmadığını və məhkəməyə çağırılmamağını xahiş edib.
 
“İstintaq qrupunun rəhbəri olmuşam”
 
Sonra zərərçəkmişin vəkili İradə Cavadovanın vəsatəti əsasında şahid qismində məhkəməyə dəvət olunan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin böyük müstəntiqi İbrahim Ləmbəranski ifadə verib.
 
Ramazan Səlimov ifadəsində göstərib ki, işin istintaqı aparılan zaman müstəntiq onun ifadəsini protokola düz qeyd etməyib, bəzi təhriflərə yol verilib.R.Səlimov qeyd edib ki, müstəntiq Ləmbəranskinin xidməti otağında ona ziyanın bir hissəsi kimi 50 min manat ödənilib, yerdə qalan ziyanın ertəsi günü ödəniləcəyi vəd edilib, ərizələr isə Ləmbəranskinin diqtəsi ilə yazılıb.
 
İ.ləmbəranski sərbəst ifadəsində H.Əliyevi hakim kimi tanıdığını, digər şəxsləri isə istintaq zamanı tanıdığını, istintaq qrupuna rəhbərlik etdiyini göstərib. Müstəntiq vəkillərin, tərəflərin və hakimin suallarını cavablandırıb.
 
R.Səlimov:
 
– Bu istintaq qrupunun neçə üzvü olub?
 
İ.Ləmbəranski:
 
– Cinayət işi materiallarında neçə nəfər olduqları göstərilib.
 
R.Səlimov:
 
– Guya 2 fevral, 2014-cü ildə müstəntiq Orxan Dəmirli məni dindirib. Lakin həmin müstəntiq məni dindirməyib. Bu haqda nə deyə bilərsiniz?
 
İ.Ləmbəranski:
 
– Əgər qrupun üzvü olubsa, yəqin ki, dindirib. 
 
R.Səlimov:
 
– 3 iyul, 2014-cü ildə mənə zəng olunub və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılmışam. Bu barədə nə deyə bilərsiniz?
 
İ.Ləmbəranski:
 
– 3 iyulda kiməsə zəng vurub çağırmağımı xatırlamıram.
 
R.Səlimov:
 
– İbrahim Ləmbəranski mənə zəng vurub idarəyə çağırdı. Dedi ki, vəkil Kamandar Nəsibov gələcək, Həsən müəllimin 25 illik dostudur…
 
İ.Ləmbəranski:
 
– Yadımda deyil. Kamandar Nəsibovu mən tanış etməmişəm sizinlə.
 
R.Səlimov:
 
– Kamandar Nəsibovun əlində beş nüsxə ərizə var idi. Özü hazırlayıb gətirmişdi.
 
İ.Ləmbəranski:
 
– Belə bir halın şahidi olmamışam.
 
R.Səlimov:
 
– 3 iyuldan sonra məni nə vaxt görmüsünüz?
 
İ.Ləmbəranski:
 
– Xatırlamıram.
 
R.Səlimov:
 
– Həyat yoldaşım Gülnarə Səlimovanın sizə zəng etməsini xatırlayırsınızmı?
 
İ.Ləmbəranski:
 
– Dəqiq yadımda deyil. Amma bir neçə dəfə danışmışam.
 
R.Səlimov:
 
– 2014-cü il, iyul ayının 3-də Həsən Əliyev idarəyə saat neçədə gəlib?
 
İ.Ləmbəranski:
 
– Xatırlamıram. Amma həmin gün ona ittiham elan olunub.
 
Hakim M.Məmmədov:
 
– Ramazan Səlimov, siz vəsatəti ziyanın ödənilməsi ilə bağlı vermisiniz, idarəyə nə vaxt girib-çıxmağınızla deyil.
 
R.Səlimov:
 
– İbrahim Ləmbəranskinin otağında dörd saat oturmuşam, yadına salıram. Bir saata yaxın söhbət etdik. Dedi ki, indi vəkil Kamandar Nəsibov gələcək, sənə dəymiş ziyan ödəniləcək. Kamandar Nəsibov ərizəni gətirdi. Sonra başqa ərizə tərtib etdilər. 50 min manat mənə verildi. 250 min manat polisdə ödənilmişdi. İbrahim Ləmbəranski dedi ki, yerdə qalanını sabah gəlib apararsan. Bu söhbət sizin iş otağınızda olub.
 
İ.Ləmbəranski:
 
– Konkret sual nədən ibarətdir?
 
R.Səlimov:
 
– Həsən Əliyev ifadəsində göstərib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısındakı “24 saat” marketin qarşısında mənə 350 min manat pul verib. Mən də idarəyə daxil olub ərizələri yazmışam.
 
İ.Ləmbəranski:
 
– Kim kimə nə qədər pul verib bilmirəm. Mən şahidi olmamışam, pul görməmişəm. Mənim yanımda Ramazan Səlimov nə ərizə yazıb, nə də ona pul ödənilib.
 
R.Səlimov:
 
– Telefon danışıqları əksini deyir. Mənə 50 min manatı İbrahim Ləmbəranski ödəyib. Ertəsi gün isə yerdə qalan məbləğin ödəniləcəyinə söz verib.
 
İ.Ləmbəranski:
 
– Belə bir şey olmayıb.
 
Vəkil S.Rəsulov:
 
– Ramazan Səlimov məhkəmədə çox şeyi inkar edir. Deyir ki, istintaq zamanı ifadələri təhrif olunub. Əgər o cür deməyibsə, o cür ifadə verməyibsə, protokolda əksini tapa bilərmi? 
 
İ.Ləmbəranski:
 
– Qeyri-mümkündür. Nə deyibsə, o cür də yazılıb.
 
R.Səlimov:
 
– Mənim nə dediklərimin hamısı yadımdadır. Deyiblər ki, imza at, atmışam. İbrahim Ləmbəranski dindirib, amma yazı-pozu işi aparmayıb. İfadəmi Ramin Qurbanov yazırdı.
 
Vəkil S.Rəsulov:
 
– Ramazan Səlimovun 1 milyon 100 min manata satdığını iddia etdiyi bağa siz və müstəntiq Ramin Qurbanov tərəfindən baxış keçirilibmi? Ramazan Səlimov sizin və müstəntiq Ramin Qurbanovun həmin bağ sahəsinə baxış keçirdiyinizi və protokol tərtib etdiyinizi deyir.
 
İ.Ləmbəranski:
 
– Xeyr, baxış keçirilməyib.
 
Vəkil:
 
– Bəs Elman Məmmədova 1 milyon 100 min  manat göstərdiyini iddia etdiyi bağa baxış keçirilibmi?
 
İ.Ləmbəranski:
 
– Xeyr. Ümumiyyətlə, heç bir bağ sahəsinə baxış keçirilməyib.
 
Həsən Əliyev:
 
– Ərizə birbaşa sizə təqdim edilə bilərmi?
 
İ.Ləmbəranski:
 
– Ərizə dəftərxanadan qeydiyyatdan keçir.
 
H.Əliyev:
 
– Ramazan Səlimova ərizə yazılması ilə bağlı təzyiq olunduğunu eşitmisinizmi?
 
İ.Ləmbəranski:
 
– Xeyr.
 
H.Əliyev:
 
– 2014-cü il, fevral ayının 11-də Ramazanı siz dindirmisiniz? Deyir ki, mən belə ifadə verməmişəm, müstəntiq yazıb. Həmin ifadəsində Ramazan göstərib ki, məndən aldığı pulun 50 min manatını 16-cı polis bölməsinin təhqiqatçısı Məhərrəm Həsənova verib. Lakin indi Ramazan Səlimov həmin sözləri demədiyini, onun adından yazıldığını deyir.
 
İ.Ləmbəranski:
 
– O nə deyib, protokola o cür də yazılıb. Protokol mənim tərəfimdən tərtib olunub.
 
R.Səlimov:
 
– Fevralın 11-də mən ümumiyyətlə orada olmamışam, həmin protokol mənsiz yazılıb.
 
H.Əliyev:
 
– Olmayan şeyləri müstəntiqin yazması mümkündürmü?
 
İ.Ləmbəranski:
 
– Bu və ya digər cinayət işlərində tərtib olunan protokola müstəntiq cavabdehdir. Bir daha təkrar edirəm, nə deyibsə, o da yazılıb.
 
H.Əliyev:
 
– Vəzifəli şəxslərə hədiyyə alınması ilə bağlı Ramazan Səlimov istintaqa hər hansı qəbz təqdim edibmi?
 
İ.Ləmbəranski:
 
– Xeyr, təqdim etməyib.
 
***
 
Hakim M.Məmmədov zərərçəkmiş R.Səlimov tərəfindən iş materiallarında kifayət qədər şikayət ərizələrinin olduğunu bildirib. Sonra R.Səlimovun məhkəməyə verdiyi ifadəsi elan olunub. R.Səlimov ifadəsində göstərib ki, müstəntiq İ.Ləmbəranski ona zəng vuraraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb. Ona ödəniləcək pulun (350 min manat nəzərdə tutulur-red.) seyfdə olduğunu, ərizə yazılandan sonra ona veriləcəyini bildirilib. R.Səlimov yazdığı ərizədə H.Əliyevdən heç bir şikayəti olmadığını, ona dəymiş ziyanın ödənildiyini göstərib. Bundan sonra müstəntiq İ.Ləmbəranski ona “rəis yoxdur, pulun verilməsi səhərə qaldı, sabah rəis gələndə veriləcək” deyib və seyfdən 50 min manat çıxararaq R.Səlimova verib.
 
Ertəsi gün R.Səlimov adıçəkilən idarəyə getsə də müstəntiqi tapa bilməyib və növbəti dəfə aldanıldığını görüb.
 
Müstəntiq İ.Ləmbəranski zərərçəkmişin ifadədə göstərilənləri yalan və iftira adlandırıb:
 
– Ziyanın ödənilməsi mənim vasitəmlə olmayıb. Deyilənlərin heç biri həqiqətə uyğun deyil. Hamısı başdan-ayağa iftiradır.
 
İ.Ləmbəranski onu da əlavə edib ki, dəymiş ziyanın H.Əliyev tərəfindən ödənilməsi barədə R.Səlimovun yazdığı ərizələr Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin dəftərxanasına daxil olub və iş materiallarına əlavə edilib. Müstəntiqin sözlərinə görə, zərərçəkmişi iş materialları ilə müstəntiq Vüqar Nəsibov tanış edib. 
 
Zərərçəkmiş iş materialları ilə tanış olmadığını və protokoldakı imzaların ona məxsus olmadığını bildirib. Bunlara aydınlıq gətirilməsi üçün müstəntiq V.Nəsibovun məhkəməyə çağırılmasını xahiş edib.
 
Prokuror sabiq hakimə cəza istəyəcək
 
Bundan sonra məhkəmə sənədlərin tədqiqinə başlayıb. Təqsirləndirilən şəxslərlə zərərçəkmiş, şahidlər arasındakı telefon danışıqları, SMS-lər səsləndirilib.
 
Təqsirləndirilən H.Əliyev məhkəməyə zərərçəkmiş R.Səlimov barədə kompleks ambulator psixatrik və psixoloji ekspertizadan keçirilməsi ilə bağlı şifahi vəsatət qaldırıb və növbəti prosesdə yazılı şəkildə məhkəməyə təqdim edəcəyini bildirib. Təqsirləndirilən şəxsin vəsatəti zərərçəkmişin etirazına səbəb olub.
 
Bu səs-küylü cinayət işi üzrə məhkəmə istintaqı artıq yekunlaşıb. Növbəti məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
 
Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.
 
Material "virtualaz.org"un reportajı əsasında hazırlanıb.