Rusiyadan Azərbaycana Naxçıvan hədəsi

«Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Naxçıvanı ondan almağa çalışacaqlar»

Qriqori Trofimçuk: «Azərbaycan informasiya müharibəsi aparmağı öyrənməyib»

Azərbaycanın hazırlıqsız verdiyi gurultulu bəyanatlar informasiya müharibəsində məğlubiyyətə vəsiqədir. Rusiyanın Strateji Inkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk Azərbaycan müdafiə nazirinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun Ermənistan hakimiyyətinin Qarabağ tənzimlənməsi məsələsində problemlərin həlli üzrə sülh danışıqlarını pozması və bunun hərbi münaqişəylə nəticələnəcəyinin qaçılmaz olması barədə bəyanatını belə şərh edib.
“REX” agentliyinə müsahibəsində Trofimçuk bildirib ki, birini vurmaq istəyəndə, xəbərdarlıq etmədən vururlar. Ekspertin fikrincə, Bakı bu kimi tezisləri fasiləsiz olaraq daxili tələbatı üçün səsləndirir.
Ekspert qeyd edib ki, fəal əməliyyatlar başlayarsa, Qafqazda təkrar bölünmə baş verə bilər. Trofimçuk hesab edir ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Naxçıvanı ondan almağa çalışacaqlar.”Istənilən halda, belə praktik təşəbbüslərdən sonra Böyük Qafqazı ümumi partlayış gözləyir, belə ki, hər kəs – ilk növbədə Gürcüstan, Türkiyə, AI, Iran yaranmış vəziyyətdən faydalanmağa çalışacaq”.
O hesab edir ki, hərbi əməliyyatlara başlamaq üçün Azərbaycan bəzi güc mərkəzlərinin heç olmasa gizli dəstəyini almalıdır və hətta burada Türkiyənin dəstəyi yetərli olmayacaq. Bu zaman ekspert qeyd edib ki, bütün Qafqaz 2008-ci ilin avqustunda Gürcüstanın necə asanlıqla tərk edildiyini gördü və Bakı bu mühüm amilləri nəzərə alır.
Qriqori Trofimçuk, həmçinin qeyd edib ki, yaranmış qüvvə balansı baxımından Azərbaycan üçün informasiya müharibəsi ən perspektivli variant ola bilərdi, amma o müharibəni aparacaq insanlar yoxdur. “Belə müharibələr apara bilən mütəxəssislər, hətta bütün dünyada tək-tükdür və onlardan heç olmasa birinin Azərbaycan ərazisində yaşaması fakt deyil”.
Azərbaycan informasiya müharibəsi aparmağı öyrənməyib. “Məsələn, Azərbaycanın ”Xocalı” qlobal informasiya layihəsi çərçivəsində böyük vəsaitlər xərclənir, bütün dünyada təbliğat aksiyaları keçirilir, amma bu kimi incə sahələrdə ekstensiv yanaşma hələ heç vaxt nəticə verməyib”, – deyə o bildirib(Turan).