Samir Əliyev: «Düşünürəm ki, artıq layihələrin təsnifləşdirilməsi həyata keçiriləcək»
Bu ilin yanvarında hökumət büdcə investisiyalarının maliyyələşməsini ixtisar edib. Dövlət başçısının tapşırığı ilə iqtisadiyyat və sosial həyat üçün daha vacib obyektlərin tikintisi davam etdiriləcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat, təhsil, səhiyyə və s. layihələrin maliyyələşməsinə dövlət büdcəsindən 130,6 mln manat xərclənib. Bu, 2014-cü ilin yanvarındakından 57,1% azdır. Məsələn, dövlət idarəetməsi, müdafiə və sosial təminat obyektlərinin tikintisinə 4,9 mln manat büdcə vəsaiti ayrılıb. Bu, ötən ilin yanvarında bu sahələrə ayrılan vəsaitlərin 5%-dir.
Bu il dövlət büdcəsindən dövlət investisiyalarına 6,93 mlrd manat yönəltmək planlaşdırılır. Amma neft gəlirlərinin azalması ilə bağlı büdcənin gəlirlər və xərclər hissəsinin azaldılacağı gözlənilir (contakt.az).
Iqtisadçı Samir Əliyev bildirdi ki, büdcə xərclərində bu cür ixtisarın olması gözlənilən idi. Çünki hökumət özü də bəyan etmişdi ki, qənaət siyasətinə keçəcək. Bu siyasət isə ixtisar deməkdir: “2009-cu ildə qlobal böhran başlayan zaman dövlət büdcəsi 19 faiz kəsirlə icra olunmuşdu. Səbəb investisiya xərclərinin azaldılmasıdır. Olimpiada ilə əlaqədər olaraq hətta bəzi rayonlarda tikinti işləri dayandırılıb. Düşünürəm ki, artıq layihələrin təsnifləşdirilməsi həyata keçiriləcək. Ikinci və üçüncü səviyyəli layihələr dayandırılacaq, daha vacib layihələr isə gerçəkləşəcək. Amma bütün addımlar neftin qiymətindən asılı olacaq”.
Xəyal