Kirli “təmizləmə”

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
 
Dünən Azərbaycanın ən vicdanlı və ləyaqətli insanlarından birinə – Intiqam Əliyevə qurulan məhkəmə-məzhəkə başladı. Nə demək olar? Hər şey əslində Intiqam müəllimlə prokuror arasındakı dialoqdan aydındır. 
Intiqam müəllim deyib ki, ittihamın mahiyyəti ona aydın deyil, prokuror da guya istedad nümayiş etdirmək istəyib, dərhal dillənib ki, təqsirləndirilən şəxs hüquqşünasdır və ittihamın mahiyyətini başa düşməlidir.
Və Intiqam müəllimin saxta, qondarma, sifarişli ittihamın üzünə sillə kimi açılan sözləri: “Məsələ də bundadır ki, mən hüquqşünasam, ancaq ittihamlar aydın deyil”.
Aydın ola da bilməz. Çünki bu məhkəmə-məzhəkənin hüquqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bu “ittiham” hüquqi deyil, siyasidir, Azərbaycanda kütləvi itaətkarlığı, total biətçiliyi gücləndirməyə, toplumu tamamilə susdurmağa, tabe etdirməyə yönəlib. 
Ən dəhşətlisi isə bilirsinizmi, nədir? Ölkədə aydın, çağdaş insanlara qarşı amansız savaş açılarkən, belələri həbslərə, sürgünə göndərilərkən, meydan irəligörüşlü, savadlı insanlardan boşaldılarkən ortaya “dünyanın fırlanmadığını” iddia edən zehniyyət çıxır. Bəli, Ərəbistanda ilin-günün bu vaxtı hansısa şeyx çıxıb dünyanın fırlanmadığını deyir, baxıb görürük, bizdə də nə qədər adam onu müdafiə edir. Dəhşətdir! Görün hansı vəziyyətə gəlib çıxmışıq. Bundan da betər günlər gözləyir bizi qarşıda. Təhsilin, elmin, mədəniyyətin, çağdaşlıq, uyğarlıq adına nə varsa hər şeyin məhv edildiyi, yeniçiliyin geriçiliyə uduzdurulduğu, bəşəri dəyərlərin ayaqlar altına atıldığı, dəyər adına topluma cinçıxaranların, ələmuçuranların, falçıların, Zirəddinlərin, görücü Məlahətlərin, Həzrət Sabirlərin sırındığı ölkədə hələ bu yaxşı günlərimizdir. Qədrini bilək. Ciddi sözümdür.
Azərbaycanın tərəqqipərvər dünyanın bir parçası olmasını istəyənlər Sistemin cəza maşınının ağzına verilirsə, ən ağlagəlməz üsullarla zərərsizləşdirilirsə, gələcək adına yaxşı nəyə ümid etmək olar? Anar Məmmədlilər, Yadigar Sadıqlılar, Xədicə Ismayıllar, Ilqar Məmmədovlar, Tofiq Yaqublular, Rəşad Həsənovlar, Rəşadət Axundovlar dəmir barmaqlıqlar ardına məhkum edilir, ekran-efir isə ömründə bir kitab üzü açmayanlarla, həyatda yeganə məqsədi, məramı yalnız mənsəb, şöhrət, sərvət qazanmaqdan ibarət olanlarla doldurulursa, qarşıda bizi nələrin gözlədiyini görmək, anlamaq çoxmu çətindir? 
21-ci əsrdə, 2015-ci ildə Axundovların, Haqverdiyevlərin, Mirzə Cəlillərin, Ömər Faiq Nemanzadələrin, Sabirlərin, Rəsulzadələrin, Üzeyir bəylərin, Nərimanovların ölkəsində “dünyanın fırlanıb-fırlanmamağı” müzakirə edilirsə, Azərbaycan üçün necə qorxunc təhlükə zənglərinin çalındığını eşitməmək mümkün idimi?
Yaşadığımız zamanın və dünyanın bütün ali dəyərlərini, yüksək ideallarını – hüququ, demokratiyanı, azadlıqları tapdayaraq, tərəqqipərvər bəşəriyyətin əldə etdiyi bütün uğurlara nifrət bəsləyərək, ironiya edərək, siyasi qisasçılığı idarəetmə tərz və təfəkkürünə çevirərək, orta çağların inkvizasiya ənənələrini dirildərək, linçdən, repressiyalardan güc və ilham alaraq qurulan bir Sistemin bununla da gec-tez ölkədə hansısa ərəb şeyxinin, Iran ayətullahının, hansısa Harun Yəhyanın, hansısa Fətullah Gülənin ağzına baxan, həyatlarını onların iki dodağının arasından çıxan sözə görə quran, onların beyni ilə düşünən tiplərin meydana çıxmasına, at oynatmağa başlamasına vəsilə olacağını hesablamamaq, proqnozlaşdırmamaq mümkün idimi?
Bir ovuc adam öz hakimiyyətini və sərvətini qorumaq naminə Intiqam Əliyev kimi aydın, irəligörüşlü, bilgili insanları yalan, uydurma ittihamlarla, şərləyib həbsə ataraq, məmləkətdən didərgin salaraq meydanı özünün “bir nömrəli düşmənlərindən” təmizlədiyini düşünə bilər, amma əslində bununla ölkəni, onun gələcəyini necə bir çirkaba bulaşdırdıqlarının, kirlətdiklərinin fərqində olmalıdırlar. 
Bu – cəhalət, dini fanatizm, fatalizm, xürafat, mövhumat adlanan elə bir kir, elə bir çirkabdır ki, hamımızın üst-başına, üz-gözünə bulaşacaq, öz üfunətində hamımızı boğacaq – ən başda da buna vəsilə olanları, buna “yaşıl işıq” yandıranları!
Sonra “deməmişdiniz” deməyin…