NATO-dan Qəzzafiyə ad günü “hədiyyəsi”

Liviya diktatorunun qərargahı yerlə-yeksan edildi

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatlar davam edir. Iyunun 7-də 69-cu doğum günündə NATO qırıcılarının endirdiyi hava zərbələri nəticəsində paytaxt Tripolidəki qərargahı yerlə-yeksan olan Liviya diktatoru dövlət televiziyası ilə çıxışı zamanı yenə də koalisiya qüvvələrinə meydan oxuyub. Qəzzafi onu təbrik etməyə gələn tayfa liderlərilə görüşdə ölənə qədər döyüşəcəyini bildirib.
Qəzzafinin dağıdılan qərargahının yerləşdiyi Bab əl Əziziyyədə güclü partlayışlar meydana gəlib. Liviya hökuməti bildirib ki, NATO qüvvələri iyunun 7-dən 8-nə keçən gecə Tripoliyə 60 aviazərbə endirib. Bombardmanın davam etdiyi vaxtda dövlət televiziyasında görünən Müəmmər Qəzzafi hücumlara boyun əyməyəcəklərini söyləyib.
Bundan başqa, Qəzzafi rejimi növbəti mühüm rəsmisini itirib. Əmək naziri Mənfur Əl Amin Cenevrə Beynəlxalq Əmək Təşkilatının konfransında vəzifəsindən istefa verərək üsyançıların tərəfinə keçdiyini bəyan edib.
Qəzzafiyə sadiq əsgərlər dünən günün ikinci yarısında gözlənilmədən üsyançıların nəzarətindəki liman şəhəri Misratanı top atəşinə tutub. Üsyançılar cavab atəşi nəticəsində 12 Qəzzafi əsgərinin öldürüldüyünü bildirib.
Dünən Brüsseldə toplanan NATO müdafiə nazirləri Liviyada baş verən hadisələri müzakirə edib. Təşkilatın baş katibi Anders Foq Rasmussen NATO qüvvələrinin Liviyada Müəmmər Qəzzafi məğlub edilənə qədər qalacağını söyləyib.

Informasiya şöbəsi