
Manatın kursunun sərbəst buraxılması ölkədə ajiotaja səbəb olub. Bir gün ərzində dolların qiymətində sıçrayış baş verib. Bir gün əvvəl dolların satış qiyməti 78.44 qəpik idisə, artıq 1 dollar 79, bəzi yerlərdə isə 80 qəpikdir.
Bundan başqa paytaxtda və digər iri şəhərlərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dollar “qıtlığı” yaranıb. Heç bir məntəqə dollar satmağa həvəsli görünmür. Valyutadəyişmə məntəqələrində yaranmış bu “qıtlıq” dollar qara bazarının yenidən canlanmasını şərtləndirə bilər. Ekspertlərin fikrincə, valyutadəyişmə məntəqələrində dollar qıtlığı Mərkəzi Bankın təyin etdiyi kursla qane olmamaqdan irəli gəlir. “Çünki Mərkəzi Bankın təyin etdiyi kurs reallığı əks etdirmir. Bu sadəcə ajiotajı azaltmaq üçün düşünülüb. Işbazlar da bunu bildiyindən dolların alışı və satışı ilə qara bazarda məşğul olmağı daha məqsədəuyğun sayır, deyə ekspertlər bildirir.

Bundan başqa artıq banklar da manatla kredit verməkdən imtina edir. Iqtisadçı-ekspert Nemət Əliyev söyləyir ki, ölkənin banklarının manatla kredit verməkdən imtina etməsi cinayətkar fəaliyyətdir. Ekspertə görə ölkədə ödəniş vasitəsi və kreditlər verilməsi yerli vətəndaşlara da manatla həyata keçirilməlidir. Lakin hökumət bank sistemini anormal vəziyyətə saldığından bu gün bir balaca silkələnmə olanda vətəndaşların, ölkənin və dövlətin maraqlarını asanlıqla bada verirlər: “Banklar görür ki, manat sürətlə ucuzlaşmağa start götürüb. Bu, Mərkəzi Bankın valyuta məzənnələriylə bağlı açıqladığı rəqəmlərdə görünür. Bir gün içində hər yüz dollarda 9 manat ucuzlaşma gedib. Banklar bilir ki, manatla verilən kreditlər manat ucuzlaşandan, təqribən 10 faiz dəyərini itirəndən sonra vəsaitlər də banklara dəyəri itirilmiş şərtlərlə qaytarılacaq. Banklar da vəziyyətdən çıxmaq üçün belə bir üsula əl atır. Vəziyyətin psixoloji durumunu vətəndaşlar yaşayır. Onlar əllərində olan manatları valyutadəyişmə məntəqələrində dollara dəyişmək istəyirlər. Çünki keçən hər saniyə, dəqiqə və gün manatın dəyərini itirir”.
Nemət Əliyev manatın dəyərdən düşməsi prosesinin başladığını deyərək bunun ağır sosial nəticələrini mümkün sayır. Bir tərəfdən manat ucuzlaşırsa, deməli, onda ifadə olunan bütün əmlak və s. dəyərdən düşür. Həmçinin əlavə manat kütləsinin axını fonunda qiymətlər yüksəlir:
“Bir tərəfdən qiymətlər yüksəlir, digər tərəfdən, əllərdə olan manat dəyərini itirir. Manatın alıcılıq qabiliyyəti sürətlə zəifləyir. Alıcılıq qabiliyyətinin zəifləməsi də ağır sosial-iqtisadi ağırlıqları şərtləndirir. Hökumət ciddi tədbirlər görməsə, fəsadlar qaçılmaz olacaq”.
Nemət Əliyev də hesab edir ki, hazırkı durumda valyutayla bağlı “qara bazar” tendensiyası yaranıb. Artıq belə halların müşahidə olunduğunu deyən ekspert, xüsusilə valyutadəyişmə məntəqələrinin ətrafında analoji vəziyyətin mümkün olduğunu söyləyir. Bir sözlə, mövcud situasiya “qara bazar”ın fəallaşmasına şərait yarada bilər.