O məhkəmədə hüququn özü mühakimə olunurdu…

Bir az prinsipsiz olsaydılar, azacıq da yaltaqlanmaq bacarsaydılar…
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq mühakimə olunurdu. Biz də məhkəmədə iştirak edirdik. Təəccüblənməyin. Hüquq haqda 30-dan artıq kitabın müəllifi, 200-ə qədər insan hüquqları pozuntusunu Avropa İnsan Haqları Məhkəməsinə çıxarmış, baxılan işlərin mütləq əksəriyyətində hökuməti məğlub etmiş, 15 ildən artıqdır ki, Azərbaycanın 1 nömrəli hüquq maarifçisi olan, ölkənin vəkillərinə, hakimlərinə saysız-hesabsız seminarlar keçirmiş İntiqam bəyin mühakimə olunması mənim nəzərimdə elə hüququn özünün mühakimə olunmasıdır.
Təbii ki, bu repressiyalar, xalqımızın mübariz, ləyaqətli, işıqlı oğul və qızlarının qanunsuz həbsləri bütövlükdə xalqımıza qarşı törədilən cinayətlərdir. Xalqımızın inkişafını zəiflədən, onu geri salan amillərdir. Zatən, bu həbslərdə də məqsəd təkcə ayrı-ayrı vicdanlı adamları cəzalandırmaq deyil, həm də bütövlükdə xalqı cəzalandırmaq, qorxutmaq və susmağa məcbur etməkdir.
Amma bütün pis işlərdə olduğu kimi bu işlərin də özünəməxsus yaxşı cəhəti var. Bu siyasi həbslər, ardınca da qondarma məhkəmələr hökumətin hədəf seçdiyi şəxsləri xalqa xeyli dərəcədə tanıdır. 100 minlərlə həmvətənimiz həbs olunan vicdan məhbuslarını daha çox onların həbsindən sonra tanıyır. Məsələn, bu həftəni AXCP fəalları sosial şəbəkələrdə ?İntiqam bəyə azadlıq? həftəsi elan ediblər. Hazırda minlərlə insan İntiqam bəyin şəklini özünə profil şəkli edib, onun haqqında statuslar, qeydlər, şərhlər yazırlar. Həm İntiqam bəyə azadlıq tələb edirlər, həm də onu xalqa daha yaxşı tanıdırlar. 100 minlərlə insan da bunu görür. Yeri gəlmişkən, başqa siyasi məhbuslarla bağlı da belə kampaniyalar olub və olacaq. Əslində belə kampaniyalarda ölkədə demokratik dəyişikliklər arzusunda olan bütün insanların, sosial şəbəkə fəallarının iştirakı arzuolunandır. Bu müdafiə kampaniyalarının nəticəsində xalq hökumətin hazırda hədəfində olan Leyla Yunus, Xədicə İsmayıl, İntiqam Əliyev, Anar Məmmədli, Seymur Həzi, İlqar Məmmədov, Tofiq Yaqublu, Asif Yusifli, Rəsul Cəfərov, Arif Yunus, Yadigar Sadıqlı, Rəşadət Axundov, Rauf Mirqədirov, Rəşad Həsənov, Pərviz Həşimli, Bəşir Süleymanlı və digər intellektual vicdan məhbuslarını daha yaxşı tanıyır. Və tanıdıqca əmin olur ki, bu insanlar nəinki cinayətkar deyillər, həm də öz intellektual səviyyələrinə, xalq qarşısındakı xidmətlərinə, xalqa olan sevgilərinə görə onları mühakimə edən prokuror və hakimlərdən, hətta bu rejimin sifəti olan deputatlardan və nazirlərdən də üstün insanlardır.
Vicdan məhbuslarını tanındıqca xalq əmin olur: recimin bu gün hədəfdə olan əleyhdarları öz peşəkar və intellektual səviyyələrinə görə o qədər üstündürlər ki, yalnız özlərini düşünsəydilər və bir az prinsipsiz olsaydılar, azacıq da yaltaqlanmaq bacarsaydılar, hətta bu recim şəraitində də böyük vəzifə və sərvət sahibi ola bilərdilər. İstəsəydilər, ölkəni tərk edib xarici ölkələrdə də özləri üçün yüksək təminatlı həyat yaşayardılar. Amma onlar və hazırda nisbi azadlıqda olub onları müdafiə edən minlərlə ləyaqətli, səviyyəli insanlar getməyiblər bu ölkədən. Həyatlarını azadlıq və ədalət uğrunda mübarizəyə həsr ediblər. Çünki bu xalqı sevirlər, bu ölkədə də demokratiyanın bərqərar olmasını istəyirlər və bundan ötrü özlərini hər cür riskə atırlar. Bəli, xalq qəhrəmanlarını tanımalıdır! Bu gün bir az da həsədlə baxdığımız demokratik, inkişaf etmiş ölkələrin hər birinin tarixində buna bənzər dövrlər olub. Heç bir xalq insan hüquq və azadlıqlarının təmin olunduğu, indiki yüksək rifaha mübarizəsiz, qurbansız nail olmayıb. İndi də sıra bizim xalqımızındır. Qurbanlar, məhrumiyyətlər bahasına olsa da bu qaranlıqları aşmalıyıq və aşacağıq. Azərbaycan uğrunda, onun işıqlı sabahı uğrunda savaşı uduzmağa haqqımız yoxdur!