Bruno əhvalatı

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
 
Ustad yazıçı Bernard Şou qorxunun quluna çevrilməyi “köləliyin ən dəhşətli növü” adlandırırdı. 
Haqsızdırmı? Əlbəttə, yox. Ətrafınıza baxın. Qorxmuş, hürkmüş insanlardan başqa nə görürsünüz? Onlar qorxunun quluna çevriliblər, əzilirlər, soyulurlar, aşağılanır və alçaldılırlar, amma özlərini elə aparırlar ki, sanki hər şeyə görə məmnundurlar, düşdükləri bataqlıqda, sürükləndikləri uçurumda onları narahat edən, həyəcanlandıran heç nə yoxdur, guya elə bu cür də olmalıdır, guya bu cür əziyyətli, məşəqqətli həyat onların əyninə biçilib, gileylənmək, şikayətlənmək, etiraz etmək isə yersizdir – “onsuz da belə gəlib, belə də gedəcək”.
Illərdir ölkədə elə bir qorxu imperatorluğu, xof mühiti yaradılıb ki, son nəticədə taleyi ilə barışmış, aqibətinə razı olmuş çoxluq əmələ gəlib. Dindirsən, onlar qorxduqlarını boyunlarına almayacaqlar, çəkdikləri məhrumiyyətlər, üzləşdikləri haqsızlıqlar, ədalətsizliklər qarşısında səssizliklərini, susqunluqlarını iliklərinə qədər işləmiş qorxu hissi ilə əlaqələndirməyəcəklər, sadəcə, özünəməxsus bəhanələrlə kifayətlənəcəklər: “Bura Azərbaycandır”, “el üçün ağlayan göz kor olar”, “bunlar yeyib-doyublar, başqası gəlsə, basıb yeyəcək”, “guya başqası gəlsə, yeyib-dağıtmayacaq?” və s. və i. 
Əslində hər belə bəhanənin altında məhz Sistemdən dərin qorxu hissi yatır. Bu və buna bənzər bəhanələr həmin qorxunun yaratdığı mənəvi köləliyin kodlarından başqa bir şey deyil.
Qorxu insanın təbii instinktlərindən biridir. Qorxusuz insan yoxdur. Bu öz yerində. Amma faciə orasındadır ki, qorxu insanın təbii halına çevrilir, onun düşüncə və davranış normasına dönüşür. Indi bizim ölkədə çoxluqla bağlı məhz belədir. Müəllifini xatırlamıram, amma nə vaxtsa belə bir müdrik söz oxumuşdum: “Bəzən yaşamaq daha çox cəsarət tələb edir, nəinki ölmək”. Bu gün Azərbaycanda böyük əksəriyyətdə məhz yaşamaq üçün cəsarət çatışmır. Qorxu ilə yaşamaq – çoxluq hesab edir ki, belə daha təhlükəsiz və asandır. Və bir gün bunun acı zərbəsini – zülmün, zalımın şillə-təpiyini, yumruğunu dadmaq növbəsi özünə çatanda artıq gec olur. 
Siz bu sətirləri oxuyarkən təqvim fevralın 17-ni göstərir və bu gün tarixə Cordano Brunonun edam günü kimi düşüb. Düz 415 il əvvəl bu gün onu yandırdılar. Edamından bir həftə əvvəl inkvizasiya tribunalı Brunonun “öz əməllərindən səmimi peşmançılıq çəkmədiyini”, kafir olaraq qalmağı seçdiyini əsas gətirib onu kilsədən qovmuş, Brunonu “qanı çıxmamaq şərti ilə ən ağır cəzaya” layiq görmüşdü. Kilsə məhkəməsi bu böyük mütəfəkkiri tonqalda yandırılmağa məhkum edərkən isə Bruno öz cəlladlarına çevrilmiş və qürurla belə demişdi: “Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirdiniz, mən isə tonqalda yandırılmağa gedərkən belə, sizin qədər qorxmuram”.
Əslində həmin tonqalda yandırılan yalnız Bruno deyildi. O gün həm də tərəqqipərvər bəşəriyyət linçdən, inkvizasiyadan, repressiyadan, işgəncədən, zalımlıqdan güc alanlardan qorxusunu da qəlbindən çıxarıb odlara atdı. Cəsarətləndi və şərin, qaranlığın üzünə daha qəti, iti addımlarla yürüdü.
Indi 400 il əvvəllə müqayisədə bəşəri ideallar daha yüksəkdədirsə, biz buna görə həm də Brunoya borcluyuq, o özü ilə bərabər tonqala Xeyirin, həqiqətin, ədalətin zülmdən və zalımdan qorxularını da apardı.
Yox, yox, heç kimdən, illah ki, Bruno olmağı tələb edən yoxdur. Amma hər kəs qorxunun qulu olmamağa borcludur. Içindəki qorxu hissinin bütün qəlbinə, ağlına, ruhuna hakim kəsilməsinə imkan verməməyə borcludur. Heç nə bunu etməməyə bəraət qazandıra bilməz.